Paşinyan XİN başçısını da qovmaq niyyətindədir

Paşinyan Zoqrab Mnasakanyanı xarici işlər naziri vəzifəsindən kənarlaşdırmaq niyyətindədir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.
Məlumata görə, "Past" qəzeti öz mənbələrinə istinadən yazır ki, Nikol Paşinyan bir neçə dəfə xarici işlər naziri Zoqrab Mnasakanyanın istefası məsələsini qaldırıb. Baş nazirin qaldırdığı bu istefa mövzusu, beynəlxalq tərəfdaşlarla problem yaradan müəyyən bir məsələdəki ciddi nöqsanlarla əlaqəli olub.
Nəşrin mənbələrinə görə, bu günlərdə məsələ yenə də gündəmdədir, çünki baş nazir Dağlıq Qarabağ məsələsindəki hadisələrdən və xüsusən də Rusiyanın mövqelərindən bərk narahatdır. Beləki, Valday Beynəlxalq Müzakirə Klubunun illik toplantısında çıxış edən Rusiya Xarici İşlər naziri Sergey Lavrovun, "Dağlıq Qarabağ ətrafındakı vəziyyətin nizamlanması üçün siyasi prosesin mane olduğunu" qeyd edən olduqca gözlənilməz və sərt bəyanatı erməni baş nazirin kürkünə birə salıb. Paşinyanın “Qarabağ Ermənistandır və son” ifadəsini xatırladan Lavrov faktiki olaraq Ermənistana qarşı ittiham səsləndirib.
Sözügedən qəzetin mənbələrinə görə, bu açıqlamadan sonra qəzəblənən Paşinyan Rusiya ilə lazımi iş görmədiyi və yuxarıdakı bəyanatın mənasını və ümumilikdə indiki Ermənistan hökumətinin mövqeyini tam təqdim etmədiyi üçün Zoqrab Mnasakanyanı xarici işlər naziri vəzifəsindən azad etmək niyyətindədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə