“Siyasi mühacir” olmaq istəyənlər niyə Qərbi Avropa ölkələrini seçirlər? ANALİTİK

Bu, onların və onlara saxta arayışlar verən “liderlərin” xislətində mövcud olan və dövlətə qarşı düşmənçilik mövqeyini ortaya qoyan aşkar təzahürdür

“Milli Şura”-AXCP cütlüyünün oktyabrın 8-də keçirdiyi piketin daha bir tərəfi bəlli olub. Əslində, dağıdıcı və təxribatçı müxalifətin sözügedən məsələlərdə göstərdiyi cəhdlərindən biri də insanları saxta yollarla xarici ölkələrə, xüsusilə Qərb ölkələrinə göndərmək marağıdır. Yəni onlara müraciət edən şəxslərə maddi vəsait qarşılığında saxta arayışlar verib, piket və aksiyalarda isə foto və video-çəkilişlərlə təmin edib Qərbi Avropaya göndərmək. Artıq radikal müxalifət partiyalarında belə bir biznesin mövcudluğu isbatlanıb və keçirilən piketdə də həmin məqsədlərin reailzə edilməsi göz önündəydi.

Saxlanılma, həbs kimi məsələlərin foto-video çəkilişlərinin də aparılması öz yerində...

Misal üçün, piket zamanı təxribatlar törətmək istəyən, polis qüvvələri ilə qəsdən qarşıdurmalar aratmağa çalışan şəxslər sözügedən məsələdə daha fəal görünmək üçün bütün yollara əl atmağa cəhdlər göstərdilər. Əlbəttə ki, saxlanılma, həbs kimi məsələlərin foto-video çəkilişlərinin də aparılması öz yerində...

Artıq belə hallarda bir sıra suallar yaranır ki, “Milli Şura”- AXCP cütlüyünün mühacir biznesi məsələsində nəyə görə məhz Qərbi Avropa ölkələri seçilir? Məgər mühacir biznesini Şərqi Avropa ölkələrində də tətbiq etmək olmazmı? Yaxud, onlar hansı səbəbdən saxta arayışları yalnız Qərbi Avropa ölkələrinə təqdim etməkdən ötrü verirlər?

Qərbi Avropada insanın milliyyəti onun vətəndaşlığı, Şərqi Avropada isə etnik mənsubiyyəti nəzərə alınır...

Məsələ ondadır ki, Qərbi Avropada insanın milliyyəti onun vətəndaşlığı ilə müəyyən olunur. Əgər radikal müxalifət partiyaları vasitəsi ilə saxta arayışlar alıb, guya Azərbaycan hakimiyyəti tərəfindən təzyiqlərə məruz qaldıqlarını göstərməyə çalışanlar müxalifət “liderlərindən” növbəti təlimatlarını da alırlar – Qərbi Avropa ölkəsinə gedib, orada Azərbaycan hakimiyyətinə qarşı müxtəlif ittihamlar səsləndirmək, sosial şəbəkələr vasitəsi ilə söyüş və təhqirlər yağdırmaq, bu yollarla həmin ölkələrdə oturum izni almaq və s. Göründüyü kimi, burada bir çox çirkin məqsədlər və məramlar var və bütün bunlar bilavasitə dövlətçilik maraqlarının əleyhinə yönəlib.

Şərqi Avropada isə insanın etnik mənsubiyyəti nəzərə alınır və bu, radikal və dağıdıcılıq təfəkküründə çabalayan “liderlərə” necə deyərlər əl verməyən haldır. Çünki Şərqi Avropada Qərbi Avropadakı kimi əlini-qolunu sallayıb, ölkəsinə, dövlətinə qarşı rəzillik etmək imkanı yoxdur.

Beləliklə, fakt budur ki, bu gün piket və aksiyalarda təxribatçılıq, araqarşıdıranlıq edənlərin Qərbi Avropa ölkələrini seçmələri, həmin ölkələrə getmək üçün özlərini dağa-daşa çırpmaları, haray-şivən salmaları kimsədə təəccüb doğurmamalıdır. Bu, onların və onlara saxta arayışlar verən “liderlərin” xislətində mövcud olan və dövlətə qarşı düşmənçilik mövqeyini ortaya qoyan aşkar təzahürdür.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...