"ABŞ-ın son davranışları təəssüf doğurur" ÖZƏL-MÜNASİBƏT

"Türkiyənin hərbi və siyasi müttəfiqi ABŞ-ın son davranışları təəssüf doğurur. Suriyada münaqişə başlayandan sonra Türkiyə NATO-dakı öz müttəfiqlərindən, eyni zamanda ABŞ və digər ölkələrdən Suriyanın şimalındakı vəziyyətlə bağlı tədbir görmələrini tələb edir. Lakin zamanında soyuq müharibə dövründə Türkiyədən SSRİ-yə, bəzi Yaxın Şərq ölkələrinə qarşı istifadə edən Qərb ölkələri rəsmi Ankaraya lazım olduğu anda dəstəkdən imtina etdilər". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Ərdoğan praqmatik siyasətçidir: "O, Türkiyə tarixində yeganə liderdir ki, onun dövründə Türkiyə Qərbə şərt qoyub, Qərbdən bərabərhüquqlu tərəfdaşlıq istəyib. Lakin bütün bu illər ərzində Qərb Türkiyəyə kiçik ölkə, müttəfiq kimi baxıb. Bu ölkələr Türkiyənin milli maraqlarını heçə sayan siyasət həyata keçirib".

Politoloq qeyd edib ki, artıq Türkiyənin Suriyanın şimalında antiterror əməliyyatlarına başlayacağı bəllidir: "Qərb koalisiyasından başqa, Türkiyə dəfələrlə Bəşər Əsədi, rusiyalı rəsmi və digərlərini də Suriyanın şimalında tədbir görməyə çağırmışdı. Türkiyənin sözlərini qulaqardına verən hər kəs analamalıdır ki, Türkiyə Ordusu yenə də Suriyanın şimalını bundan öncə olduğu kimi terrorçulardan təmizləyəcək. Bu Türkiyənin milli maraqları üçün mühümdür. Türkiyənin müstəqilliyi, təhlükəsizliyi məhz Suriyadan, İraqdan, Ermənistandan başlayır. İmkan vermək olmaz ki, orada kürd qruplaşmaları tərəfindən böyük region yaradılsın".

Z. Məmmədov vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın Türkiyə iqtisadiyyatını çökdürəcəyi ilə bağlı bəyanatı çox təəssüf doğurur: "Tez bir zamanda Türkiyə həm öz dövlət resurslarından, həm də xaricdəki ayrı-ayrı qrupların lobbi təşkilatlarından istifadə edərək, milli maraqlarının reallaşması üçün tədbirlər görməlidir. Rəsmi Ankara bu gün beynəlxalq və qlobal çağırışlarla üz-üzədir. Bu çağırışların əsas məqsədi Türkiyəni zəiflətməkdir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə