Bəhruz Quliyev: "Əli Kərimli ilk şansda tərəfdaşlarını yarı yolda qoydu" RƏY - ÖZƏL

“Azərbaycan hökuməti tərəfindən “Milli Şura”ya piketin keçirilməsi ilə bağlı icazənin verilməsi, ölkəmizdə insan hüquqlarına, sərbəst toplaşmaq azadlığına həssaslıqla yanaşıldığının göstəricisidir. Onlara 50 nəfərdən ibarət heyətlə sözlərini ifadə etmək imkanı verilsə də, “Milli Şura” hələ də 90-cı illərin təfəkküründən çıxa bilmədiyini bir daha göstərdi”. Bu fikirləri SİA-ya açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

O bildirib ki, “Milli Şura” hələ də piketi mitinqdən ayıra bilmir: “Birincisi, piketi mitinqə çevirmək cəhdi absurddur. İkincisi, icazə verilməyən ərazidə piket keçirmək olmaz. Lakin “Milli Şura” piketdən əvvəl şəhərin dar küçələrinin bir neçə yerində toplu-toplu yığılaraq hadisənin mahiyyətini dərk etməyən dinc sakinləri piketə cəlb etməyə çalışdılar ki, bu da siyasi mübarizədə qəbul olunmayan addımdır”.

Ekspert söyləyib ki, əgər “Milli Şura” piket keçirmək üçün 50 nəfər insan toplaya, fikrini arqumentli şəkildə söyləyə bilmirsə, o zaman onlar hansı amal, istəklə “liderlik” arzusundadırlar?: “Əgər onların həqiqətən də sosial bazası, elektroratı varsa, o zaman 50 nəfər tərəfdaş tapmaq o qədər də çətin olmamalı idi. Dinc sakinlərdən, yoldan keçənlərdən istifadə etmək həm gülünc, həm də şəhər gəzintisinə çıxanların hüquqlarını pozmasıdır”.

Piketdə Əli Kərimlinin niyə iştirak etmədiyinə aydınlıq gətirən B.Quliyev qeyd edib ki, AXCP sədri öncədən şəhər gəzintisi edərək vəziyyəti öyrənib və bilərəkdən aksiyaya qoşulmayıb: “Bu bir daha sübut etdi ki, Əli Kərimli istənilən vaxt silahdaşları və tərəfdaşlarını yarı yolda qoyub qaça bilər. “Sərbəst toplaşmaq haqqında” qanuna uyğun olaraq piketin keçirilməsi üçün təhlükəsizlik tədbirləri də görülmüşdü. Əgər piket istəyi olsa idi, Əli Kərimli gəlib həm iştirak edər, həm də sözünü deyərdi. Bu, AXCP sədrinin öz tərəfdaşlarına qarşı hörmətsizliyinin göstəricisidir”.

Baş redaktor qeyd edib ki, bundan sonra dövlət öz vətəndaşlarının, şəhər sakinlərinin hüquqlarını qoruyaraq bu cür piketlərin keçirilməsinə icazə verməməlidir: “Sərbəst toplaşmaq adı ilə başqalarının hüquqlarını pozmaq qəbuledilməzdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə