"Əsrin müqaviləsi"nin siyasi ƏHƏMİYYƏTİ ŞƏRH-ÖZƏL

"Əsrin müqaviləsi" böyük iqtisadi-ticarət və ondan daha da böyük siyasi əhəmiyyətə malik, mühüm beynəlxalq tərəfdaşlıq müqaviləsidir”. Bu fikirləri SİA-ya politoloq Nəzakət Məmmədova müqavilənin siyasi baxımdan ölkəmiz üçün əhəmiyyətindən danışarkən deyib.

İngiltərənin dünya siyasətində böyük rol oynayan dövlətlərdən biri olduğunu deyən politoloq söyləyib ki, sözügedən müqavilə Azərbaycanın bu əhəmiyyətli ölkə ilə əlaqələrinin yaxınlaşmasında müstəsna rol oynadı: “Bir misal çəkim. Azərbaycanın Britaniya ilə "Əsrin müqaviləsi" çərçivəsində enerji əməkdaşlığı nəticəsində ölkəmizə siyasi dəstəyinin artdığını, İngiltərədə dövlət içində dövlət olan BP-nin siyasi məsələlərdə də Azərbaycanın lobbiçiliyini yürütdüyünü görən ermənilər “Amulsar” qızıl mədənlərində Britaniya kral ailəsinə də pay ayırmağa tələsdilər. “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarındakı "qara qızıl"a “Amulsar”dakı sarı qızılla cavab verməyə çalışdılar. Lakin bir sıra amillər, o cümlədən Rusiyanın elmi jurnallarında qızıl mədənində radioaktiv maddələrin həddindən çox olması nəticəsində ətrafda yaşayan əhaliyə və ekologiyaya zərər dəyə biləcəyinin təkzibolunmaz dəlillərlə isbat olunması və ekoloqların, yerli sakinlərin etirazları buna mane olmaqdadır. Gördüyümüz kimi, Ermənistan prezidenti Sarkisyan Amulsar qızıl mədənini istismar edən Lydian International şirkətinin Durüktorlar Şurasının üzvü olmaqla erməni qızılını ingiltətəyə verməklə özünə dəstək qazanmağa çalışır. Eyni zamanda, onun İngiltərədəki tərəfdarlarından biri bir neçə il əvvəl Türkiyədə ofisi partladılmış HSBC bankıdır. Lakin bütün bu və ya digər amillərdən istifadə etməyə çalışsalar da, Azərbaycanın "Əsrin müqaviləsi" Ermənistanın İngiltərədən tam dəstək almasına mane olur”.

N. Məmmədova söyləyib ki, “Əsrin müqaviləsi” Azərbaycanın Avrasiya geostrateji planlarında önəmli yer tutmasına səbəb olub.

Onun sözlərinə görə, dünya əhalisinin 63 faizinin yaşadığı coğrafiyanı əhatə edən Çindən Britaniyayadək uzanan "Bir qurşaq, bir yol" layihəsində Azərbaycana önəmli yerin ayrılması da "Əsrin müqaviləsi" sayəsində mümkün olub: “Məhz Bakı-Ceyhan neft kəməri Bakı-Qars dəmiryol xətti kimi məntiqi ardıcıllıqla davam etmiş, ölkəmiz enerji ölkəsi ilə yanaşı, tranzit ölkəsi kimi də qəbul olunmağa başlamışdır. "Əsrin müqaviləsi" Azərbaycanın siyasi, eyni zamanda iqtisadi sabitliyinin əsas amillərindən biri olub”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...