"Ölkəmiz dünya neft sektoruna böyük töhfələr verir" ÖZƏL-MÜNASİBƏT

“Neft sənayesi Azərbaycan dövlətinin aparıcı sahələrdən biridir”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov deyib.

Şöbə müdirinin sözlərinə görə, ölkəmiz dünya neft sektoruna böyük töhfə verir və bununla fəxr etməyə haqqımız var: “Əldə edilmiş bütün bu uğurlar fədakar Azərbaycan neftçilərinin zəhməti sayəsindədir. Bilirsiniz ki, dünyada ilk dəfə sənaye üsulu ilə neft çıxarılması da Azərbaycanın adı ilə bağlıdır. On illərə söykənən təcrübəmiz və alimlərimizin elmi nəzəriyyəni praktikada tətbiq etmək bacarığı sayəsində aparıcı xarici ölkələrlə, o cümlədən qonşu ölkələrlə əməkdaşlığa faydalı təsir göstərən bir çox nailiyyət əldə edə bildik. Son 10 ildə bu sahədə çox iş görülüb".

M.Qəmbərov bildirib ki, söhbət çirkab suların və yeraltı suların düzgün idarə olunması, neftlə çirklənmiş torpaqların təmizlənməsi və ətraf mühitin vəziyyətini əks etdirən digər mənfi amillərdən gedir: "Bu iş bu günə qədər davam edir. Bu sahədə son nailiyyət SOCAR-la Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında olan ortaq bir layihədir. Ekoloji problemlərin aradan qaldırılmasına yönəlmiş 2019-2023-cü illər üçün fəaliyyət planı hazırlamışıq. Hər bir sənayeyə maliyyə vəsaitləri yatırılıb və bu işlərin yerinə yetirilməsi üçün bir cədvəl tərtib edilib".

Qurum rəsmisi Azərbaycan iqtisadiyyatında yeni mərhələnin başlanğıcı sayılan və 25 il bundan əvvəl dünyanın aparıcı şirkətlərinin də iştirak etdiyi “Əsrin müqaviləsi”ndən də bəhs edib: “Azərbaycan üçün “Əsrin müqaviləsi” çox önəmli, vacib və həyati əhəmiyyət daşıyan bir layihə idi. Niyə? Gəlin açıq etiraf edək ki, Azərbaycanın bütün iqtisadiyyatı oradan başladı. Buna baxmayaraq o dövrdə ölkəmizin inkişafına, tərəqqisinə inamı olmayan var idi. Amma Ümummilli Lider Heydər Əliyev onları Azərbaycana dəvət edirdi. Bu gün ölkəmizin elə bir sahəsi yoxdur ki, orada inkişaf olmasın. Bu gün əmələ gələn tullantıların idarəolunması son texnologiyalar səviyyəsində tənzimlənir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...