"Ermənilər bütün məhkəmə qərarlarına şübhə ilə yanaşırlar" ÖZƏL-ŞƏRH

"Ermənistanda indi adi məhkəmə Konstitusiya Məhkəməsinin qərarının əleyhinə qərar çıxara bilir. N.Paşinyana qədər və N.Paşinyanın dövründə məhkəmələr yalnız yuxarıdan gələn sifarişləri yerin yetirməklə məşğul idi. Sifarişlər olmadığı təqdirdə isə məsələləri həll edən əsas açar rüşvət idi".Bunu SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, N.Paşinyan hakimiyyətə gəldikdən sonra hətta Ermənistanda məhkəmələrin vettinqi aktuallaşdı: "Adətən Afrika və Latın Amerikası ölkələrində tətbiq olunan bu metodu Ermənistana gətirirlər. Ermənistan məhkəmələrinin həmişə siyasi sifariş yerinə yetirdiyi, yuxarıların göstərişini yerinə yetirdiyi indi heç kəsə sirr deyil. Məqsədimiz erməni məhkəməsinin mahiyyətini tam açıqlamaq deyil. Məqsədimiz erməni məhkəməsinin hətta erməniyə qarşı ədalət mühakiməsi aparmaq imkanında olmadığını göstərməkdir. Ermənilərə qarşı ədalət mühakiməsi aparmaq gücündə olmayan erməni məhkəməsi azərbaycanlı Dilqəm Əsgərovu və Şahbaz Quliyevi həbs cəzasına məhkum edib. Dilqəm Əsgərovun Azərbaycanın işğal olunmuş ərazisində törətdiyi “cinayətinin” motivasiyası bəllidir. Guya o, erməni ordusunun mayorunu öldürüb. Cinayət işinin detalları ilə hərtərəfli tanışlıq göstərir ki, mayor özünün tabeçiliyində olan leytenantın həyat yoldaşını Yerevandan maşınına qoyub Dağlıq Qarabağa -hərbi hissəyə gətirirmiş və bu əvəllər də bir neçə dəfə olub. Dağ-dərə, meşəlikdən keçən təxminən 8 saatlıq yolda mayor maşını saxlayıb həmin gənc leytenantın gənc xanımı ilə əylənirmiş. Bu zaman leytenant mayoru güllələyib. Təsadüfən həmin ərazidə olan D.Əsgərov və Ş.Quliyev ermənilərin qəzəbinə tuş gəldi. Mayorun ölümünü onun üstünə qoydular. İndi ermənilər D.Əsgərov və Ş.Quliyevin məhkəmə işindən başqa bütün məhkəmə qərarlarına şübhə ilə yanaşırlar.

Dağlıq Qarabağdakı son “seçkilərə” ermənilərin özlərinin verdiyi qiymət də göstərdi ki, Dağlıq Qarabağda bu vaxta qədər demokratiya ilə bağlı deyilənlər sadəcə beynəlxalq ictimaiyyətin gözünə kül üfürmək məqsədi daşıyırdı. Ona görə Dağlıq Qarabağda da demokratiya, hüquq- məhkəmə sistemi normal ola bilməz.

Beynəlxalq ictimaiyyət D.Əsgərovun və Ş.Quliyevin erməni məhkəməsi tərəfindən mühakimə olunmasına siyasi qərar kimi yanaşmalı və bu barədə kifayət qədər ciddi addım atmalıdır.

Beynəlxalq aləm ermənilərin Azərbaycan torpağını işğalı məsələsində hökmən hansısa bir stereotipi dəyişməlidir. Bununla onlar ermənilərə kömək etmiş olurlar. Çünki erməni stereotipləri Dağlıq Qarabağ probleminin həllinə imkan vermir və bu stereotiplər də artıq Ermənistan cəmiyyətini dağıdır, ermənilər üçün əlavə problemlər yaradır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...