Müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələ - "Əsrin müqaviləsi" ÖZƏL-MÜNASİBƏT

"1994-cü il sentyabrın 20-də müstəqil Azərbaycanın həyatında tarixi hadisə baş verdi - Ulu öndər Heydər Əliyevin səyləri sayəsində Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənməsinə dair "Əsrin müqaviləsi" imzalandı. "Əsrin müqaviləsi"nin imzalanması Ulu öndər Heydər Əliyevin müstəsna xidməti idi. "Əsrin müqaviləsi" müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin əsasını qoydu. Biz bu müqaviləni haqlı olaraq müstəqilliyimizin qarantı olan tarixi layihə adlandırırıq. O zamankı şərtlər və ölkəmizdə, o cümlədən dünyada baş verən prosesləri nəzərə aldıqda, Ulu Öndərin nə qədər böyük və tarixi əhəmiyyətli bir nailiyyətə imza atdığını daha yaxşı dərk edərik". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Azərbaycanın AvronestPA-da nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, "Əsrin müqaviləsi" ilə qoyulan təməl Azərbaycanın firavan gələcəyini təmin etdi. Məhz yeni neft strategiyasının uğurla reallaşdırılması və bunun ardınca atılan digər addımlar nəticəsində Azərbaycanda siyasi-ictimai sabitlik təmin olundu, əldə olunan gəlirlər genişmiqyaslı iqtisadi islahatların hıyata keçirilməsinə imkan verdi. Eyni zamanda, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, ölkəmizin uğurlu inteqrasiyası məsələləri də qısa zamanda həllini tapdı.

Sahibə Qafarova bildirib ki, "Əsrin müqaviləsi"nin iqtisadi əhəmiyyəti ilə yanaşı, onun ölkəmizə qazandırdığı siyasi üstünlüklər də olduqca qiymətlidir. Əsrin müqaviləsi və ondan sonrakı mərhələdə Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələri regional və qitə miqyasında əməkdaşlığın dərinləşməsinə mühüm töfhələr verdi: "Əsrin müqaviləsi" və digər kontraktlar çərçivəsində ölkəmizə gələn neft gəlirləri gələcək inkişaf baxımından prioritet sayılan sahələrə, o cümlədən də iqtisadiyyatın diversifikasiya edilməsinə, ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna istiqamətləndirilməsinə yönəldilir ki, bütün bunlar da son nəticədə respublikanın dinamik sosial-iqtisadi inkişafında öz əksini tapır. Sosial sahədə həyata keçirilən tədbirlər, ölkəmizdə pensiya və müavinətlərin, əmək haqların, təqaüdlərin artırılması, təhsil və səhiyyə ocaqlarının tikilməsi, yol nəqliyyat infrastrukturunun genişlənməsi və bu qəbildən olan çoxşaxəli tədbirlər sosial sahədə əsaslı canlanma yaratdı".

Millət vəkili həmçinin qeyd edib ki, "Əsrin müqaviləsi" ilə əsası qoyulan yeni enerji strategiyasının reallaşdırılması sayəsində şaxələndirilmiş nəql marşrutlarına nail olması da strateji önəm daşıyır. 1999-cu ildə Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilib. 2002-ci ildə "Əsrin müqaviləsi"ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə adlandırdığı əsas neft kəməri - Bakı-Tbilisi-Ceyhanın təməli qoyulub. 2005-ci il mayın 25-də Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasiminin keçirilməsi ilə Azərbaycan əfsanəni gerçəkliyə çevirərək qısa müstəqillik tarixində daha bir möhtəşəm uğura imza atdı. Bakı-Tbilisi-Ceyhan bu gün nəinki Azərbaycan üçün, eyni zamanda, Xəzər sahilinin şərq hissəsində yerləşən ölkələr üçün də mühüm ixrac boru kəməri funksiyasını yerinə yetirir. S.Qafarova Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşan "Cənub Qaz Dəhlizi"nin də ölkəmizin inkişaf tarixində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək. "Bu isə bu gün 25 illiyini qeyd etdiyimiz "Əsrin müqaviləsi" ilə əsası qoyulan Azərbaycanın uğurlu enerji siyasətinin Ulu öndər Heydər Əliyevin həm bugünkü, həm də sabahkı nəsillər qarşısında tarixi xidməti olduğunu təsdiq edir. Ümummilli lider Heydər Əliyevin neft strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində Azərbaycanın dinamik inkişafı uğurla davam edir, ölkəmizin beynəlxalq mövqeləri güclənir. Bu gün Azərbaycan gələcəyə doğru inamla və qətiyyətlə adıımlayan qüdrətli dövlətdir", - deyə Sahibə Qafarova qeyd edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...