Mehdi Balabəyov: "Biz Qərbi ittiham etməkdə haqlıyıq"

Müsazibimiz YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyovdur

- Mehdi müəllim, məlum olduğu kimi, bu günlərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında rayon və şəhər təşkilatlarının bələdiyyə seçkilərinə hazırlıq məsələlərinə həsr olunan müşavirə keçirilib. Partiyanın fəaliyyət istiqamətini seçki prizmasından necə dəyərləndirərdiniz?

- Bu gün Yeni Azərbaycan Partiyasının regionumuzda ən böyük siyasi partiya olması kimsəyə sirr deyil. Partiyamızın bu gücünü şərtləndirən bir sıra amillər də mövcuddur. Belə ki, YAP ölkədə fəaliyyət göstərən digər partiyalardan müqayisəolunmaz dərəcədə güclüdür və bunun başlıca səbəbi təşkilatın Ulu Öndər Heydər Əliyevin ideyalarına söykənməsidir. Həmçinin, partiyamızda Azərbaycan cəmiyyətinin ən yüksək intellektə malik olan təbəqələri toplaşıb ki, bu təbəqə artıq öz fəaliyyəti ilə sözünü deməkdədir. YAP-da birləşənlər həmçinin, vahid azərbaycançılıq və dövlətçilik ideologiyası ətrafında birləşiblər. Bu günlərdə bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun sədrliyi ilə şəhər və rayon təşkilat sədrlərinin iştirakı ilə keçirilən ümumrespublika müşavirəsində qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı tapşırıq və tövsiyələrini verdi. Qeyd etdi ki, bələdiyyə seçkiləri ilə əlaqədar olaraq ölkədə siyasi canlanma müşahidə olunur: "Təəssüflə qeyd etmək lazımdır ki, müxalifət, bütövlükdə, özlərinə zəruri olan sosial bazanı təmin edə bilmədiyi üçün siyasi proseslərə norma və dəyərlərdən fərqli məqamlar gətirməyə çalışır. Onların apardıqları siyasi kampaniya əslində siyasi müxalifət anlayışının mahiyyətinin ciddi şəkildə tənəzzülü ilə müşayiət olunmaqdadır. Xüsusi qeyd olunmalıdır ki, müxalifətin müəyyən kəsiminin apardığı siyasi kampaniya mənəvi terror, yalan məlumatlar yaymaq və böhtan atmaq üzərində qurulub".

Bəli, budur dağıdıcı, satqın və mənəviyyatsız müxalifətin iç üzü.

Müxalimfət bilməlidir ki, 750 mindən çox partiya üzvü olaraq Yeni Azərbaycan Partiyası ümummilli maraqları özündə əks etdirən, milli köklərə söykənən, milli maraqları beynəlxalq aləmdə müdafiə edən aparıcı siyasi partiyadır. Hər bir partiya üzvü olaraq bu işdə daha məsuliyyətli, daha fəal olmalı, Prezidentimiz ətrafında sıx birləşməli, yad ünsürlərə mövqeyimizi ortaya qoymalıyıq.

- YAP Şabran rayon təşkilatı seçki fəallığını artırmaq üçün fərqli təbliğat aparmağı nəzərdə tuturmu?

- Həm Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri, həm də rayon təşkilatının Seçki Qərargahının rəhbəri kimi qeyd etmək istərdim ki, bizim məqsəd və məramımız növbəti qələbəni əldə etməkdir. Əvvəlki seçkilərdə olduğu kimi, bu seçkinin də yüksək səviyyədə baş tutacağına, şəffaflığın, ədalətin təmin olunacağına və bələdiyyə seçkilərinin beynəlxalq standartlara uyğun keçiriləcəyinə inanırıq. Artıq bizim işlərimiz tam sürətlə aparılmaqdadır. Qeyd edim ki, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsi üzrə Şabran rayonunda 46 məntəqədə 30 min, 193 seçici qeydiyyatdadır ki, onların seçkilərdə iştiraklarının fəallığı üçün çalışırıq.

Seçki kampaniyasının keçirilməsi ilə bağlı rayon təşkilatının böyük seçki təcrübəsi var. Biz bu seçki təcrübəsindən maksimum yararlanaraq, uğurlarımızı davam etdirəcəyik.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə