Azərbaycan ilə Vatikan arasında əlaqələr dostluq və qarşılıqlı əməkdaşlıq əsasında qurulub

Ölkəmiz müstəqil dövlət olaraq, dünyanın bir çox ölkələri ilə yanaşı, katolik xristianlarının mərkəzi sayılan Vatikan dövləti ilə də diplomatik münasibətləri yüksək səviyyədə qurub. İkitərəfli münasibətlərin qurulmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri danılmazdır. Ulu Öndər Heydər Əliyevin 1997-ci il sentyabrın 26-da Vatikana rəsmi səfəri və Roma papası II İohann Pavellə görüşü bu əlaqələrin dərinləşməsində və möhkəmlənməsində mühüm rol oynayıb. 2002-ci ildə Vatikan dövlətinin başçısı, Roma Papası II İohann Pavelin, ilk dəfə olaraq, Azərbaycana rəsmi səfəri zamanı Ulu Öndər Vatikan rəhbərini dinindən, dilindən, irqindən asılı olmayaraq, bütün bəşəriyyətin dostu və dünya vətəndaşı adlandırmışdı. II İohann Pavel isə Azərbaycanı Şərq ilə Qərbin arasında qapı olan bir məkan kimi xarakterizə etmişdir.

Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci ilin fevralında İtaliyaya rəsmi səfəri zamanı Vatikanda olması ölkələr arasında əlaqələrin daha da dərinləşməsinə töhfəsini vermiş oldu. 2008-ci ildə Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Tarçiziyo Bertone Azərbaycana səfər etməsi bu əlaqələrin davamlığına dəlalət edir.
Mövcud əlaqələrin inkişafında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri də müstəsnadır. Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanın Müqəddəs San-Marçellinio və Pietro katakombaları əsaslı təmir və bərpa edilmişdir. 2012-ci ildə Vatikan muzeylərində diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Azərbaycan sərgisi keçirilmişdir. Bu Vatikanda ilk müsəlman ölkəsinin sərgisi idi.
"SİVİLİZASİYALARARASI DİALOQ YAŞAYIR, DAVAM EDİR, GÜCLƏNİR VƏ BİZ ÇALIŞIRIQ Kİ, BU DİALOQA YENİ TƏKAN VERƏK"
2016-cı il 2 oktyabr tarixində katoliklərin lideri Roma Papası Fransiskin Azərbaycana səfəri dinlərarası, məzhəblərarası toqquşmaların baş verdiyi bir dönəmdə mühüm əhəmiyyət kəsb edir. Azərbaycan müstəqilliyini qazandıqdan sonra bu, Vatikan başçısının Azərbaycana ikinci səfəri idi. Vatikan başçıları, adətən, əhalisinin əksəriyyəti müsəlman olan ölkələrə səfərlər etmirlər. Lakin Azərbaycan istisnadır. Azərbaycanda katoliklərin sayının, bir neçə yüz nəfər olmasına baxmayaraq, respublikamızda hökm sürən dini sabitlik Vatikan tərəfindən də maraqla qarşılanır. Prezident İlham Əliyev Roma Papasının Azərbaycana səfərini tarixi hadisə adlandırmışdır. Dövlət başçısı bu səfərin Vatikan-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcəyini qeyd etmişdi: "Bu səfər bütün bəşəriyyət üçün önəmlidir. Çünki bu səfər, bir də onu göstərir ki, sivilizasiyalararası dialoq yaşayır, davam edir, güclənir və biz çalışırıq ki, bu dialoqa yeni təkan verək... 2012-ci ildə diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Vatikan muzeylərində Azərbaycan sərgisi keçirilib. İlk müsəlman ölkəsinin sərgisi, məhz Azərbaycan sərgisi idi".
Papa Fransisk isə çıxışında ölkəmizdə hökm sürən tolerantlığa xüsusi toxunmuş, müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasındakı sabitliyi, ahəngdarlığı yüksək qiymətləndirmişdir. Din xadimləri ilə dövlət xadimlərinin görüşməsi sülhün, əmin-amanlığın bərqərar olmasına töhfədir. Bu səfər də beynəlxalq aləmə, bir daha göstərdi ki, Azərbaycan dini və etnik toleratanlıq nümunəsidir.
Mövcud əlaqələr daha da dərinləşir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müqəddəs Taxt-Tacın ölkəmizdəki apostol nunsisi arxiyepiskop Pol Fitzpatrik Rasselin etimadnaməsini qəbul etməsi bu əlaqələrin dərinliyinin daha bir göstəricisi oldu. Dövlətimizin başçısı Azərbaycan ilə Vatikan arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayaraq, bizim bu günə kimi Roma Papası Fransiskin Azərbaycana səfərinin təəssüratı altında olduğumuzu bildirmişdi. Prezident İlham Əliyev onun ölkəmizdə olarkən, Azərbaycanla yaxından tanışlığının, insanlarla təmasda olmasının, eləcə də, Azərbaycandakı dini icmaların nümayəndələri ilə görüşünün önəmini qeyd etmişdi. Dövlət başçısı mədəniyyət sahəsindəki əlaqələrimizin xüsusi əhəmiyyət daşıdığını və bu əməkdaşlığın ikitərəfli münasibətlərin yaxşı əlaməti olduğunu bildirib. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan-Vatikan əlaqələri bir daha dünyaya nümayiş etdirir ki, müxtəlif coğrafi ərazilərdə yaşayan insanlar, fərqli mədəniyyətlərin, ayrı-ayrı dinlərin nümayəndələri bir-biriləri ilə necə uğurla əməkdaşlıq edə və dostluq əlaqələri qura bilərlər. Vatikan ilə Azərbaycan arasında əlaqələr ölkəmizin dövlətlərarası qurduğu dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin göstəricisidir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...