Dağlıq Qarabağ erməniləri Paşinyanın komandasına inanmırlar

Qondarma qurumun Xarici İşlər naziri Masis Mailyan Ermənistanla yalnız Dağlıq Qarabağ danışıqlar stoluna cəlb olunması ilə bağlı mövqeyinin üst-üstə düşdüyünü bildirib. SİA xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu "Qarabağ saatı" mövzusunda bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, M.Mailyan danışığını bilən adamdır, özü və bir qrup erməni onu diplomat hesab edir.
“İstifadə etdiyi bu ifadənin müəyyən çəkisi var. Ermənistanın Xİ naziri Z.Mnasakanyan isə Ermənistanla Dağlıq Qarabağ arasında ciddi fıkir ayrılığının olmadığını bildirib. Z.Mnasakanyan M.Mailyanla birlikdə Xankəndi/Stepanakertdə keçirdiyi mətbuat konfransında tənzimlənmə üzrə danışıqların aparıldığı müddət ərzində çoxlu parametrlərin toplandığını və bu parametrlərin indi hal-hazırda tutuşdurularaq orta məxrəcə gətirilməsi işinin aparıldığını bildirib. ATƏT MQ həmsədrləri tənzimlənmə stolunda olan variant barədə bir neçə dəfə rəsmi məlumat yayıblar. Bu, ATƏT MQ həmsədr ölkə prezidentlərinin 2009-cu il İtaliyanın Akvil şəhərində G-8 sammiti zamanı qəbul etdikləri “Madrid Prinsipləri"nin yenilənmiş variantı və yaxud "Yenilənmiş Madrid Prinsipləri"dir. "Yenilənmiş Madrid Prinsipləri"nə görə regionda heç bir yeni dövlət yaranmır, bu sənəd üzrə tənzimlənmə prosesi baş verdikdən sonra regionda iqtisadi inkişafa şərait yaranır, regional təhlükəsizlik və sabitlik daha da güclənir.

Bu sənədin birinci maddəsinə görə Dağlıq Qarabağ ətrafındakı bütün ərazilər Azərbaycana qaytarılmalıdır. Bu sənədi dünya erməniləri qəbul etmirlər. Yalnız rəsmi İrəvan qəbul edir. Masis Mailyan bir daha Dağlıq Qarabağın həmin sənədi qəbul etməmək mövqeyini təsdiq edib. Ermənistanla Dağlıq Qarabağın arasındakı fıkir ayrılıqları indi daha kəskin şəkildə üzdədir. Çünki Dağlıq Qarabağ erməniləri Paşinyanın komandasına inanmırlar. N.Paşinyana qədər isə İrəvanda Qarabağ klanı hakimiyyətdə idi. Dağlıq Qarabağın nəyə inanıb-inanmaması və yaxud Dağlıq Qarabağla Ermənistan arasındakı fikir ayrılıqlarmın 50 maddə və yaxud 100 maddədən ibarət olması məsələnin mahiyyətini dəyişmir, Ermənistanın özünün Dağlıq Qarabağ tənzimlənməsində tərəf statusunu itirmək ehtimalı daha böyükdür, nəinki Dağlıq Qarabağ ermənilərinin danışıqlar prosesinə tərəf kimi qoşulması. Dağlıq Qarabağ erməniləri danışıqlar prosesinə tərəf kimi qoşula bilərlər. Bunun qaydası var: Hökmən Dağlıq Qarabağ azərbaycanlıları da danışıqlar prosesinə tərəf kimi qoşulmalıdır”, deyə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə