"Tənzimlənmə prosesi uzun müddət getdiyi üçün nəticədə həll yolu ola biləcək çoxsaylı parametrlər formalaşıb. Bizim məqsədimiz onları tutuşdurmaq və mütənasiblik əldə etməkdir. Heç bir tərəf maksimalist yanaşmanı rəhbər tuta bilməz". SİA xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu "Qarabağ saatı" mövzusunda bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq deyib ki, Ermənistanın Xİ naziri Z.Mnasakanyanın Xankəndi/Stepanakertdə olarkən verdiyi bu bəyanatın sensasiya tərəfı ilə yanaşı, onun verildiyi ərazi də kifayət qədər təsirlidir. “Erməni tərəfinin maksimal tələbi "Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz" ideyasıdır. İndi Z.Mnasakanyan etiraf edir ki, rəsmi İrəvan "Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz" ideyasını rəhbər tuta bilməz. Bu kifayət qədər ciddi etirafdır. ATƏT MQ-nin artıq N.Paşinyan və Z.Mnasakanyanı da yola gətirdiyinin gösləricisi kimi başa düşülə bilər. Ermənistan Dağlıq Qarabağın müstəqil olmayacağını etiraf edirsə və bununla rahat razılaşıbsa bu artıq Dağlıq Qarabağ tənzimlənməsinə yanaşmada tamamilə yeni bir keyfıyyət mərhələsi yaradır. Əgər ermənilərin məqsədi Azərbaycana ağrı yaratmaqdısa bu, ayrı məsələdir; Dağlıq Qarabağın statusunun müəyyən olunması uzun müddət asılı vəziyyətdə qalacaq və ermənilər məhz Azərbaycandan kənarda qalması mümkün olmayan Dağlıq Qarabağın Azərbaycana qayıda bilməməsindən ləzzət alacaqlar. Xəstə təfəkkürlü adamlar Ermənistanda çoxdur. Yox, əgər həqiqətən Ermənistan regional əməkdaşlığa can atırsa, Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirsə bu artıq tamamilə yeni bir keyfiyyət fazasıdır. Bu halda Ermənistan başa düşməlidir ki, Dağlıq Qarabağ müstəqil ola bilmirsə, Ermənistana birləşdirə bilmirsə, Ermənistanın Azərbaycanla tam səmimi əməkdaşlığına imkan verən tənzimlənmə variantına getməlidir. Bu artıq indiki reallıqda ermənilərin kimliyini ortalığa qoyacaq məsələdir. Azərbaycan hadisələrin belə gedişinə hazırdır. Ermənistanla iqtisadi əməkdaşlıq təkcə Ermənistan üçün deyil, Azərbaycanın özü üçün də çox faydalıdır. Biz investisiyamızı qoymağa əlavə bir ərazi əldə etmiş olacağıq. Ermənistan isə özü üçün hal-hazırda həyati əhəmiyyətə malik investisiyanı əldə etmiş olacaq. Beləliklə, regionda sabitlik və çiçəklənmək yeni stimul əldə edəcəkdir. Paşinyan hökumətinin bu yanaşmadan geri çəkilmək imkanı yoxdur; Paşinyan komandası onu yubada bilər. Tezləşdirsə ölkənin qarşısında duran problemlərin həllində əlavə dəstək əldə edəcəkdir. Hazırda bəzi məsələlər Ermənistanda Qarabağ problemindən daha təhlükəlidir”, deyə politoloq bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...