Taleh Şahsuvarlıdan hüquq-mühafizə orqanlarının rəhbərlərinə Aslan İsmayılovla bağlı MÜRACİƏT

Aslan İsmayılovun və onun oğlunun Kristina Paşuanın timsalında erməni diasporu ilə açıq və təkzibolunmaz əlaqələri müvafiq dövlət orqanları tərəfindən araşdırılmalıdır

AzNews.az xəbər portalının baş redaktoru Taleh Şahsuvarlı üç dövlət qurumuna sosial media hesabı vasitəsilə müraciət edib.

SİA T.Şahsuvarlının müraciətini təqdim edir:

"Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cənablarına!
Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov cənablarına!
Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev cənablarına!

Hörmətli Baş prokuror!
Hörmətli Nazir!
Hörmətli DTX rəisi!

Mən, Şahsuvarov Taleh Novruz oğlu 1995-ci ildən etibarən jurnalistika sahəsində fəaliyyət göstərirəm. Hazırda Azərbaycanda ən oxunaqlı saytlardan biri olan AzNews.az xəbər portalının rəhbəriyəm. Portalımız Azərbaycan prezidenti İlham Əliyevin siyasi kursunu ardıcıl müdafiə edən informasiya resurslarından biridir və kollektivimiz öz fəaliyyətində hər zaman milli maraqlarımızı ön planda tutur. Sizə müraciət etməkdə məqsədim diqqətinizi milli maraqlarımıza, ərazi bütövlüyümüzə və dövlət təhlükəsizliyimizə birbaşa təhdid yaradan olduqca önəmli bir fakta cəlb etməkdir.

Vaxtilə Azərbaycanda vəkillik fəaliyyəti ilə məşğul olmuş, fəaliyyətində yol verdiyi nöqsanlara görə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmiş Aslan İsmayılov bu günlərdə öz Facebook səhifəsində bir məlumat paylaşdı. Həmin məlumatda bildirilirdi ki, Gürcüstanda “Yeni Liderlər Təşəbbüsü” adlı bir layihə həyata keçirilir və həmin layihənin rəhbəri Kristina Puşau adlı ABŞ vətəndaşı, Azərbaycan üzrə koordinatoru Ziyəddin Aslan oğlu İsmayılovdur. Bu layihə ilə bağlı müxtəlif kütləvi informasiya vasitələrində məlumatlar dərc olunub. O cümlədən Aslan İsmayılovun oğlu Ziyəddin İsmayılov da sosial şəbəkədə Kristina Puşau ilə birgə çəkilmiş şəkillərini paylaşaraq layihədə koordinator olaraq iştirak etdiyini təsdiqləyib.

Mən bu barədə jurnalist araşdırması apardım və məlum oldu ki, layihənin rəhbəri Kristina Puşau 2012-ci ildə ABŞ-ın Los-Anceles şəhərində yerləşən Cənubi Kaliforniya Universitetinin bakalavr pilləsini bitirib. Kristina Puşau orada təhsil alarkən universitetdəki Erməni Tələbələr Assosiasiyasının rəhbəri olub. Cənubi Kaliforniya Universiteti Erməni Tələbələr Assosiasiyasının Facebook səhifəsi mövcuddur. Bu səhifəyə göz gəzdirdikdə məlum olur ki, həm Kristina Puşaunun rəhbəri olduğu müddətdə, həm də ondan sonra təşkilat Azərbaycan və Türkiyə əleyhinə bir sıra aksiyalar təşkil edib. Həmin təşkilat ABŞ-dakı erməni diasporunun beyin mərkəzi olan Erməni Araşdırmalar İnstitutu ilə sıx əməkdaşlıq etməklə qondarma “erməni genosidi” ilə bağlı universitetdə çox sayda tədbirlər keçirib, o cümlədən 2016-cı ildəki “Aprel döyüşləri”ndə Azərbaycana qarşı açıq təbliğat aparıb.

Odur ki, Cənubi Kaliforniya Universitetindəki Erməni Tələbə Assosiasiyasına rəhbərlik etmiş şəxs olaraq Kristina Puşaunun həyata keçirdiyi layihənin rəsmi məqsədi nə olursa-olsun, mahiyyətcə Azərbaycan Respublikasının milli maraqlarına, dövlət təhlükəsizliyinə və ərazi bütövlüyünə zidd olduğu aşkardır. Maliyyə qaynaqları qaranlıq olan bu layihənin ABŞ-dakı erməni diasporunun maraqlarına xidmət etməsi, o cümlədən Ermənistan xüsusi xidmət orqanlarının dəstəyi ilə reallaşdığını da təxmin etmək çətin deyil.

Bütün hallarda hesab edirəm ki, Aslan İsmayılovun və onun oğlunun Kristina Paşuanın timsalında erməni diasporu ilə açıq və təkzibolunmaz əlaqələri müvafiq dövlət orqanları tərəfindən araşdırılmalı və bu barədə cəmiyyətə rəsmi açıqlama verilməlidir.

Araşdırma üçün mənə məlum olan və saytımızda yayınlanmış faktları qaynaqları ilə birgə yüksək diqqətinizə təqdim edirəm:

https://www.aznews.az/news/political_debate/238330.html

Bütün xəbərlər Facebook səhifəmizdə