“Bunların hamısı qəti şəkildə yalandır" ÖZƏL-MÜNASİBƏT

"Müxalif baxışlı ekspert və bloqçular tərəfindən işsizlik statistikası ilə bağlı manipulyasiya cəhdlərinin artması müşahidə olunur. Verilən şərhlərdə statistikanın daha yüksək olduğu, rəsmi rəqəmlərin reallığı əks etdirmədiyi iddia olunur". Bunları məsələ ilə bağlı SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, bunların hamısı qəti şəkildə yalandır: "Bu gün Azərbaycanda kifayət qədər yeni iş yerləri, yeni müəssisələr açılır, sənaye parkları tikilir, kənd təsərrüfatı sahəsində böyük inkişaf mövcuddur. Bu gün demək olar ki, kənd təsərrüfatının bütün sahələri inkişaf edir və rayon yerində qalan xeyli sayda insan burada çalışır. Azərbaycanda bütün sahələrdə çox ciddi şəkildə inkişaf vardır. Əslində elə onların söylədikləri bütün bunları gözügötürməməzlikdən irəli gəlir. İstər xaricdə oturanlar, istərsə də Azərbaycanın daxilində olanlar və ölkəmizin bu inkişafını gözügötürməyənlər, erməni lobbisinə xidmət edənlər, ayrı-ayrı qüvvələrə xidmət edən insanlar məhz bu məsələlərdə Azərbaycanın əleyhinə fikirlər söyləməyə başlayır. Baxın, Azərbaycanda necə gözəl məktəblər tikilib istifadəyə verilib. Hətta insan o məktəbləri görəndə yenidən oxumaq istəyir. Lakin bəzən görürük yazırlar ki, ilan gəzən məktəblər və s. Axı Azərbaycanda hansı məktəbdə ilan gəzib? Azərbaycanın məktəblərində olan infrastruktur, quruculuq və dizayn dünyanın heç bir yerində yoxdur. Hətta bəzi universitetlər onunla müqayisəyə girə bilməz. Bu baxımdan məktəbəqədər təhsil müəssisələrinin, məktəblərin, peşə texniki məktəblərinin açılması və fəaliyyət göstərməsi Azərbaycanın çox geniş gələcək perspektivlərindən xəbər verir. Çünki o müəssisələrdə, yerlərdə təhsil alan insanların gələcəyi çox parlaqdır. Hesab edirəm ki, bu məsələlər davamlı xarakter alacaq.

Azərbaycan Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondu tərəfindən xeyli sayda işlər görülür və addımlar atılır. Məhz elə Azərbaycan neftindən gələn gəlir sayəsində görürsünüz ki, ölkəmizdə bir dənə də olsun çadır şəhərciyi qalmayıb. Bu gün ən müasir evlərdə insanlar yaşayır. Vaxtilə 30 il növbədə durub ev gözləyən insanlar indi dərhal müasir mənzillərlə təmin olunurlar. Biz bu sıraya jurnalistləri, incəsənət adamlarını, yazıçıları, yaradıcı şəxsləri və s. daxil edə bilərik. Bütün bunlar hamısı Ümummilli Liderin vaxtında qoyduğu neft strategiyasının düzgün istiqamətdə olması və neftdən gələn gəlirin Azərbaycan xalqının maraqlarına xidmət etməsidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...