YAP nümayəndə heyətinin Çinə səfəri başa çatıb

Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin 20 illik yubileyi münasibətilə ÇKP-nin dəvəti ilə Çin Xalq Respublikasında səfərdə olan YAP nümayəndə heyəti sentyabrın 17-də Bakıya qayıdıb.

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin komitə sədri Hadi Rəcəblinin rəhbərlik etdiyi 19 nəfərdən ibarət heyət səfər çərçivəsində ÇKP MK-nın Beynəlxalq əlaqələr şöbəsinin 6-cı Departameninin rəis müavini Van Min, ÇKP MK-nın Ali Partiya Məktəbinin beynəlxalq əməkdaşlıq şöbəsinin direktoru xanım Dun Tsin və Məktəbin təhsil şöbəsinin direktoru xanım Lo Mintsi, ÇKP MK-nın Beynəlxalq şöbəsinin nazir səviyyəsində rəhbəri Sun Tao və digər şəxslərlə görüşlər keçirib, YAP və ÇKP, Azərbaycan və Çin xalqları arasındakı dostluq münasibətləri, Çinin “Bir kəmər – bir yol” təşəbbüsünün reallaşmasında Azərbaycanın rolu müzakirə olunub, dövlət idarəçiliyi sahəsində iki ölkə arasında təcrübə mübadiləsi aparılıb.

Həmçinin, 11-16 sentyabr tarixlərini əhatə edən səfər çərçivəsində YAP nümayəndə heyəti Pekində “Quqon” İmperator sarayını, Böyük Çin səddini, Şanxayda “Şərqin mirvarisi” adlanan teleqülləni, Çinşan rayonunda yerləşən “Fencin qədim şəhəri” və Sühoy rayonunda yerləşən “Mehriban qonşuluq” mərkəzini ziyarət edib.

Qeyd edək ki, nümayəndə heyətinin görüşlərində Azərbaycan Respublikasının Çindəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə