"Azərbaycanla Türkiyənin qardaşlıq münasibətləri dünya dövlətlərinə örnəkdir"

"Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətləri dünya dövlətlərinə örnəkdir." Bu barədə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay jurnalistlərə müsahibəsində deyib.

F.Oktay qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasındakı dostluq və qardaşlıq münasibətləri ölkələrimizin siyasi, sosial və iqtisadi əməkdaşlığını gücləndirir: “Hər iki ölkənin prezidentləri qardaşlıq modeli yaradıblar. Mən bu gün Azərbaycanın Baş Naziri Novruz Məmmədovla birgə prezidentlərimizin bizə göstərdikləri hədəflərə çatmaq üçün bir araya gəlmişik. Hədəfimiz Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır. Bu hədəfə çatmaqla hər iki dövlətin iqtisadiyyatını daha da inkişaf etdirə bilərik. Bu hədəfin reallaşması üçün texniki baxımdan qarşıda çox böyük işlər var. Hər iki ölkənin iqtisadi komissiyası ilə 147 sahədə müxtəlif layihələrin reallaşması üçün razılığa gəldik. Bu sahələr arasında əsas diqqət ticarət sektoruna yönələcək. Hazırda Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 3 milyard dollardan çoxdur”.

Səfər çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun fəaliyyəti ilə tanış olduqlarını deyən Vitse-prezident, eyni zamanda, Türkiyədə və Azərbaycanda investisiya yatırılacaq sahələri, idxal və ixracın artırılmasını müzakirə etdiklərini qeyd edib.

“İki ölkə arasında dəmir yolu sahəsində birgə layihələrin həyata keçirilməsini planlaşdırırıq. Vaqon istehsalı və Bakı-Tbilisi-Qars dəmir yolunun daha səmərəli istifadəsini nəzərdə tuturuq. Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərində logistik mərkəzlərin yaradılması da layihələrimizə daxildir. Turizm gəlirlərinin artırılması da bizim əsas hədəflərimizdəndir. Biz, həmçinin Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) laboratoriyalarının yaradılmasını nəzərdə tuturuq ki, bu da, azərbaycanlı iş adamlarının öz məhsullarını dünyanın istənilən ölkəsinə ixrac etməsinə şərait yaradacaq”, - deyə F.Oktay bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...