Qaradağ rayonunda "Bilik Günü" qeyd edilib

Dünən "Bilik Günü" münasibəti ilə Qaradağ rayonu ərazisində yerləşən bütün təhsil müəssisələrində tədbirlər keçirilib. Rayonun Faiq Rəfiyev adına 166 nömrəli tam orta məktəbində "Bilik Günü" münasibəti ilə keçirilən tədbirdə Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək, yeni dərs ilinin başlanması münasibətilə şagird və müəllim kollektivini təbrik edərək, onlara gələcək tədris illərində uğurlar arzulayıb: "Təhsil sahəsində əsası Ümummilli Liderimiz tərəfindən qoyulan islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və nəhayət etibarilə, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır. Bir sözlə, dövlətin təhsil sisteminin inkişafı prosesinə mütəmadi və yüksək səviyyəli diqqətinin nəticəsində, bu sektor da keyfiyyətcə yeni və ardıcıl inkişaf müstəvisinə qədəm qoyub. Beləliklə, Azərbaycan təhsili özünün yüksək inkişaf dövrünü yaşayır".Tədbirdə qeyd olunub ki, 2018-2019-cu tədris ilində Qaradağ rayonu üzrə orta məktəbi 1218 nəfər şagird bitirmiş, 3397 nəfər isə birinci sinifə qeydiyyatdan keçmişdir. Məzunlardan ali təhsil ocaqlarına sənəd verən 929 nəfərdən 585-i ali məktəblərə qəbul olmuşdur. Bu da, sənəd verənlərin 63 faizini təşkil edir. Rayon üzrə 18 nəfər məzun 600-dən yuxarı bal toplayıb.Məktəbin direktoru Şəmsi Qocayev çıxış edərək bildirib ki, təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir: "Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı, onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biridir. Əlbəttə ki, görülən bu işlər və qarşıya qoyulan strateji hədəflər Azərbaycan təhsilinin parlaq gələcəyindən xəbəb verir". Ş.Qocayev onu da bildirib ki, 166 saylı tam orta məktəbdən məzun olmuş 59 nəfər şagirddən 37 nəfəri tələbə adını qazanmış, onlardan 3 nəfər məzun 600 baldan yuxarı nəticə göstərmişdir.Daha sonra Milli Qəhrəman Faiq Rəfiyevin həyat yoldaşı Rəhilə Rəfiyeva çıxış edərək pedaqoji kollektivi, şagirdləri və valideynləri "Bilik Günü" ilə əlaqədar təbrik edib, nəvəsi Maya Həsənlinin də sıralarında olduğu birincilərə uğurlar diləyib.Sonra "İlk zəng"in səslənməsi ilə yeni dərs ilinə başlanılıb.

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...