Müsavatın növbəti dəfə parçalanacağı gün bəlli oldu TƏHLİL

Bütün versiya və proqnozlar kütləvi istefalara doğrudur

Bu günlərdə məlum olub ki, sonuncu qurultayı 2014-cü ildə keçirilmiş və parçalanmalarla, istefalarla nəticəsini tapmış Müsavat partiyasının növbəti qurultayının, daha dəqiq desək, parçalanacağı günün dəqiq vaxtı məlum olub. Çünki məhz 2014-cü ildəki qurultaydan sonra partiyada illər uzunu can qoymuş funksionerlər, sıravi üzvlər İsa Qəmbərin saxtakar yollarla Arif Hacılını öz yerinə təyin etdirməsinə etiraz olaraq bu siyasi təşkilatı tərk etmişdilər. Hətta bir çoxlarının xatirindədir ki, bəziləri son anda istefaya getməyərək, növbəti qurultaya qədər yeni başqan A.Hacılının idarəçiliyini müşahidə edəcəklərini, məhz həmin qurultayda qərar verəcəklərini deyiblər. Artı q vaxt yetişib və əlbəttə ki, A.Hacılının yenidən başqan seçilməsi məsələsi böyük sual altında qalıb. Əgər o yenidən saxtakarlıq vasitəsi ilə başqan seçilərsə, onda Müsavatın növbəti dəfə parçalanmasının şahidlərinə çevriləcəyik. Hətta bu tarix bəllidir – oktyabrın 12-də...

Arif Hacılı yenidən başqan seçilərsə iflas qaçılmazdır...

Digər maraqlı məqam həm də 5 il öncə istefaya getmiş sabiq müsavatçıların gələn ay baş tutacağı gözlənilən qurultayla bağlı istehzalı yanaşmalarıdır. Sosial şəbəkələrdə müxtəlif versiyalar üzərində fikir bildirən sabiq müsavatçılar hər iki halda partiyanın kəskin iflasa məruz qalacağını istisna etmirlər. Məsələn, əgər A.Hacılı yenidən başqan seçilərsə, başqanlığa namizədliklərini irəli sürəcək kəslər öz qrupları ilə təşkilatdan səsli-küylü istefalar verəcəklər, o seçilməsə və digər iddialılar onun üzərinə qələbə qazanacaqlarsa, elə Hacılının özü yaxın ətrafı ilə partiyanı tərk etməli olacaq. Qısası, Müsavat partiyası öz hayına qalmalıdır.

İsa Qəmbər ona “yenidən başqan ol” təklifini edəcək müsavatçılara rədd cavabı verəcəksə...

Daha bir maraqlı məqam isə, İ.Qəmbərin həmin qurultaya təsiri ilə bağlıdır. Çünki müsavatçılar arasında elə qruplar da var ki, onlar sabiq başqanın yenidən öz postuna geri-dönməsini istəyirlər. Ancaq İ.Qəmbərin həmin posta qayıdacağı mümkün görünmür. Çünki onun “MSDM” adlı digər təşkilatı var və bu təşkilat ölkənin siyasi gündəminə heç bir təsir göstərməsə də belə, İ.Qəmbər orada birtəhər başını girləyir. Bu baxımdan, İ.Qəmbər ona “yenidən başqan ol” təklifini edəcək müsavatçılara rədd cavabı verəcəksə, həmin versiyada da bir qrup partiya üzvlərinin istefalarının baş qaldıracağını proqnozlaşdırmaq elə də çətin məsələ deyil.

Beləliklə, artıq qurultayın vaxtı məlum olsa da, partiyanın parçalanacağı gün də məlumdur – gözləyək həmin günü və nəyin necə olacağını da oktyabrın 12-də açıq-aşkar görəcəyik. Bax, onda bu yazını növbəti dəfə xatırlatmalı olacağıq...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə