Azərbaycan təhsili inkişaf dövrünü yaşayır

Ölkəmizdə təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işləri uğurla həyata keçirilir

Yeni tədris ilində respublikanın ümumitəhsil müəssisələrinin məktəblərdə ilk zəng çalındı. Tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi "İdman və sağlamlıq", V-IX siniflərdə "Mütaliə - mənəvi zənginliyə aparan yol", X-XI siniflərdə isə "Azərbaycan inkişaf yollarında" mövzularına həsr olundu. Qeyd olunan mövzular məktəblilərin savadlı, zəngin biliyə malik olması və fiziki cəhətdən sağlam böyüməsində atılan addımlardır. Ölkəmizdə, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ardıcıl həyata keçirilən uğurlu islahatlar, dövlət proqramları təhsilin yeni inkişaf dövrünə qədəm qoymasına səbəb olub. Respublikanın ümumtəhsil müəssisələrində təhsil alan 1 525 016 şagirdin bilikli, savadlı böyüməsi üçün təhsil müəssisələrində yaradılan şərait dövlətimizin qüdrətli və dinamik inkişafda olduğunu göstərən amillərdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqəti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğısı nəticəsində həyata keçirilən proqramlar və layihələr təhsildə əldə edilən uğurların sayını artırır. Bu gün ölkəmizdə 322 ibtidai məktəb, 3 307 tam orta məktəb, 795 ümumi orta məktəb, 16 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən, 59 məktəb-lisey, 49 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə, 4 447 məktəb fəaliyyət göstərir ki, bu təhsil müəssisələrində məktəblilərin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait yaradılıb.
2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5668865 nüsxə dərslik və metodik vəsait çap edilib. Ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında yeni tədris ilində 108074 uşağın təhsil alacağı proqnozlaşdırılır ki, onlar üçün 3 adda 168148 dərslik və metodik vəsait çap edilib. Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamlara əsasən, regionlarda modul tipli məktəblər quraşdırılıb, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işləri uğurla həyata keçirilib və bu, davam etməkdədir. Bu istiqamətdə həyata keçirilən tədbirlər təhsil infrastrukturunun müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan verir.
Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana yeni məktəb", "İnternat məktəblərinin inkişaf proqramı", "Təhsilə dəstək" kimi layihələri də uğurla davam etdirir. Elə bu il də fondun təşəbbüsü ilə aztəminatlı ailələrin 2019-2020-ci tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr verilib. Fondun sifarişi ilə 17 min aztəminatlı ailələrin övladlarına, uşaq evləri və internat məktəblərində məskunlaşan şagirdlərə çanta və müxtəlif məktəb ləvazimatları hədiyyə verilib.

TƏHSİLALANLARIN TƏDRİS ŞƏRAİTİNİN YAXŞILAŞDIRILMASINA, TƏDRİSİN KEYFİYYƏTİNİN YÜKSƏLDİLMƏSİNƏ DİQQƏT ARTIR
Ümumtəhsil məktəblərinin təmir-tikinti işləri, son illərdə davamlı olaraq, həyata keçirilir və bu, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Son illərdə çoxlu sayda yeni məktəb binasının və korpusların inşası, mövcud təhsil müəssisələrinin yüksək səviyyədə yenidən qurulması, onların zəruri tədris avadanlığı ilə təchiz olunması təhsil sahəsinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən işlərin tərkib hissəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə bir sıra məktəblərin yenidənqurma və əsaslı təmirdən sonra açılışı olub, eləcə də, yeni məktəb binaları tikilərək istifadəyə verilib. Elə bu günlərdə Prezident İlham Əliyev Suraxanı rayonunda əsaslı şəkildə yenidən qurulan 208 nömrəli məktəbdə yaradılan şəraitlə tanış olub. Qeyd edək ki, məktəbin binası Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, 2019-cu ilin mayında sökülərək yerində yenisi inşa olunub. 360 şagird yerlik yeni məktəb binası müasirliyi ilə seçilir. Burada müxtəlif fənn otaqları bütün zəruri inventarla təchiz olunub. Azərbaycan Prezidenti İlham Əliyevin məktəbin açılışında vurğuladığı kimi, "Şəhərimizin hər bir yerində məktəblər tikilir, əsaslı təmir olunur, bu proqram uğurla icra edilir. Bu məktəbin yenidən tikilməsi bizim siyasətimizi əks etdirir. Təhsil sahəsinə göstərilən diqqət, eyni zamanda, infrastrukturun yaranmasında da özünü əks etdirir".
İlk dərs günündə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva Bakının Binəqədi rayonundakı 300 nömrəli tam orta məktəbin 960 şagird yerlik yeni tədris kompleksinin açılışında iştirak ediblər.
ŞAGİRDLƏRİN YÜKSƏK BİLİYƏ MALİK OLMASI ÜÇÜN HƏRTƏRƏFLİ ŞƏRAİT MÖVCUDDUR
Bu gün paytaxt Bakı ilə yanaşı, ölkəmizin bölgələrində də müasir tipli təhsil müəssisələri şagrdlərin ixiyarına verilir. Ölkənin bütün regionları kimi Şamaxı, İmişli və digər rayonlarda da yeni tipli məktəblər istifadəyə verilir. Belə ki, bu günlərdə Şamaxının Məlikçobanlı kəndində yeni tikilmiş Gülağa Ağayev adına tam orta məktəbin, İmişli rayonunda H.Hüseynov adına Qızılkənd və Aranlı kənd N.Əsədov adına 2 nömrəli tam orta məktəblərin açılış mərasimi keçirilib.
Yeni açılan məktəblərdə müasir tədris avadanlıqları ilə təchiz olunmuş sinif otaqları, laboratoriya, kompüter otağı, akt zalı, idman zalı, hərbi hazırlıq otağı və kitabxana var. Görülən işlər, deməyə əsas verir ki, təhsil müəssisəsində şagirdlərin elmin sirlərinə dərindən yiyələnmələri üçün hərtərəfli yüksək səviyyədə şərait mövcuddur.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...