Bakıda Ukraynanın dövlət müstəqilliyinin günü münasibətilə rəsmi qəbul təşkil edilib

Sentyabrın 12-də Bakıda Ukraynanın dövlət müstəqilliyinin 28-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

SİA xəbər verir ki, Ukraynanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan rəsmi qəbulda əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib. Sonra çıxış edən səfir Vladislav Kanevski 28 il ərzində Ukraynanın keçdiyi inkişaf yolundan danışıb. O deyib ki, bu nailiyyətlər heç də asan başa gəlməyib. Diplomat bildirib ki, bu gün Azərbaycan və Ukrayna birgə çoxsaylı layihələr həyata keçirir. O, əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini ifadə edib. Səfir, həmçinin ölkəsinin suverenliyi və ərazi bütövlüyü ilə bağlı dəyişməz mövqeyinə görə Azərbaycan dövlətinə təşəkkür edib.

Rəsmi qəbulda çıxış edən Xarici İşlər nazirinin müavini Xələf Xələfov Azərbaycan Hökuməti adından Ukrayna xalqını təbrik edib, sülh və əmin-amanlıq arzulayıb. Nazir müavini bildirib ki, iki ölkə arasında münasibətlər inkişaf edir. Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər. Ukrayna Azərbaycanın etibarlı iqtisadi tərəfdaşıdır. Bir çox sahələrdə olduğu kimi, enerji sahəsində də sıx əlaqələr var. Ölkələrimiz arasında strateji tərəfdaşlıq qarşılıqlı səylər nəticəsində daha da möhkəmlənir.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, media nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...