Cavid Şahverdiyev: “Əli Kərimlinin bu tədbirə dəvət olunmaması düzgün seçim idi” RƏY-ÖZƏL

“Yeni Azərbaycan Partiyasının da iştirakı ilə keçirilən həmin tədbiri iqtidar-müxalifət dialoqu adlandırmaq olar”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri,“Avrasiya” İA-nın baş redaktoru Cavid Şahverdiyev deyib. Onun sözlərinə görə, uzun sürən fasilədən sonra iqtidar və iqtidar yönümlü partiya rəsmiləri Azərbaycanın siyasi arenasının müxtəlif simalarını bir araya toplaya bildi: “Düzdür, dəvət olunmayan, dəvət olunsa da müxtəlif obyektiv səbəblərdən həmin tədbirdə iştirak edə bilməyən siyasilər də oldu. Amma bütünlükdə, bu tədbirin önəmi “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilə meyilləri” mövzusunun müzakirəsi olub. Bu səpkili mövzular həmişə aktual olub, zamanın reallığını özündə əks etdirib. Belə mövzuların müzakirəsində hamı iştirak etməli, öz fikir və təkliflərini səsləndirməlidirlər. Dəvət göndərilmələrinə baxmayaraq Müsavat və KXCP rəhbərlərinin həmin tədbirdə iştirak etməkdən boyun qaçırmaları isə aydındır – mövzu ilə bağlı nə danışacaqdılar? AXCP, Müsavat başda olmaqla, hakimiyyətin siyasi kursunu pisləyən bir çox radikal qüvvələr iqtidar-müxalifət dialoqunun baş tutmamasından gileyləniblər. Həmişə iddia ediblər ki, hakimiyyət onlarla dialoqdan qaçır və s. Amma dünən “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilə meyilləri” mövzusunda keçirilən tədbirdə iştirakdan boyun qaçırmaq həmin iddiaların qərəzli və bilərəkdən yayıldığını sübut etdi. Müsavat və ya KXCP rəsmiləri həmin mövzu ilə bağlı nə deyə biləcəkdilər ki? Məgər həmin rəsmilər bilmirlər ki, radikal siyasi təşkilatlar elə xarici qüvvələrin sifarişi ilə Azərbaycandakı siyasi proseslərə müdaxilə edirlər? Məgər Müsavat və KXCP-nin AXCP, “Milli Şura”nın okeanın o tayındakı və Avropadakı bəzi donorların maliyyə dəstəyi ilə Azərbaycandakı siyasi proseslərə müdaxilələrindən xəbərləri yoxdur? Başqa bir məqam isə Müsavat və KXCP-nin tədbirə dəvətdən boyun qaçırması onlarda siyasi mədəniyyətin olmamasından xəbər verir. Dəvəti rədd etməklə onlar bütövlükdə siyasi davranış, siyasi baxışları qiymətləndirmək qabiliyyətlərinin olmadığını göstərdilər. Müzakirə olunan mövzunun aktuallığını dəyərləndirmədilər, halbuki bu mövzunun müzakirəsinə qoşulmaq olduqca vacib idi. Belə mövzuların müzakirəsi ayrı-ayrı fərdlərin yox, dövlətimizin siyasi təhlükəsizliyi üçün vacibdir. Amma dəvətdən imtina edənlər bir daha göstərdilər ki, onlar üçün millət, dövlət anlayışı arxa plandadır. Əgər həmin tədbir Azərbaycan hakimiyyətinin pislənməsi mövzusuna həsr olunsaydı, dəvət olunmadan gələrdilər. AXCP sədri Əli Kərimlinin bu tədbirə dəvət olunamamsı düzgün seçim idi. O da dəvətdən boyun qaçıracaqdı, bir də gəlsəydi nə deyəcəkdi? Xarici donorlardan aldığı sifarişlərin Azərbaycanda necə yerinə yetirdiyindən danışacaqdı? Azərbaycandakı siyasi proseslərə xarici müdaxilənin qarşısının necə alınması ilə bağlı hansı üzlə təkliflərlə çıxışlar edəcəkdilər? Bu kimi mövzuları keçmişi təmiz olan, milləti, xalqı, dövlətinin qorunmasıyla bağlı xidməti olan, xarici qüvvələr tərəfindən satın alınmayan simnalar müzakirə etməlidirlər”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə