Müxalifətin "siyasi mühacir" alveri

Və yaxud hər cinayətin altından AXCP-Müsavat çıxır

Neçə illərdir ki, "siyasi mühacir" və "mühacir biznesi" adları altında müxalifət düşərgəsində tozanaq səngimək bilmir. 26 ildən çoxdur ki, AXCP və Müsavat partiyalarının dələduz rəhbərlikləri Əli Kərimli, İsa Qəmbər və Arif Hacı bu və ya digər şəkildə onlara müraciət edən şəxslərə saxta arayışlar təqdim edərək, guya Azərbaycanda siyasi fəaliyyətlərinə görə təqib olunduqları haqda yalanına imza atır, bunun müqabilində "siyasi mühacir" bizneslərini, necə deyərlər, inkişaf etdirirlər.
Bununla da, Avropada baş verən hadisələrin törədiciləri ya Ə.Kərimlinin, ya İ.Qəmbərin, ya da A.Hacılının "yastığı altından" çıxanlar olur. Əslində, dəfələrlə sübuta yetirilib ki, Avropaya bu kimi saxta adlar altında köçənlərin əksəriyyəti müxtəlif cinayət əməlləri törədən şəxslərdirlər ki, onlar köçdükləri ölkələrdə də bu fəaliyyətlərini davam etdirərək, bənzər cinayətlərini təkrarlayırlar.

"Siyasi məhbus" adı ilə Avropada cinayətkara çevrilənlər

İstər Ə.Kərimli, istər A.Hacılı və yaxud da İ.Qəmbər kimlərin törətdikləri cəinaytkarların verdikləri saxta mühacir sənədlərin sahibləri də cinayətkar olacaq. Məhz buna görə də, bu gün Azərbaycanda müxtəlif cinayətlər törədən şəxslərin dərhal "siyasi məhbus" siyahılarına salınmaları kimi hallar daha ağır fəsadlara yol açır. Belə şəxslər azadlığa çıxdıqdan dərhal sonra bu ad altında xarici ölkələrə köçür, sonradan cinayətkar əməllərin, hətta göründüyü kimi, qətl hadisələrinin, bilavasitə iştirakçılarına çevrilirlər. Görünən isə budur ki, bu gün baş verən hər hansı hadisələrin hər birinin günahı "siyasi mühacir" adı ilə alver edən AXCP, Müsavat və s. siyasəti bazara çevirən partiya rəhbərlərindədir. Bir gün onlar da baş verənlərə görə, qanun qarşısında cavab verməli olacaqlar.

Elbəyi Həsənli: "Son 6 ayda 483 vətəndaşa Müsavat üzvü olmaqla bağlı saxta arayış verilib"

Müsavatın "siyasi mühacir" alverinin miqyasını ifşa edən "Yeni Müsavat" qəzetinin yazarı olmuş Elbəyi Həsənli öz "Facebook" statusunda qeyd edib ki, A.Hacılının rəhbərliyindəki komanda son 6 ayda 483 vətəndaşa Müsavat üzvü olmaqla bağlı arayış verib: "Bəllidir ki, Azərbaycanda nə dövlət, nə də özəl idarələrə belə arayış gərək deyil. Bu arayışların yalnız mühacirət üçün gərəkli olduğu hər kəsə bəllidir. Çox istərdim ki, Müsavat partiyası "6 ayda 483 arayış"la bağlı rəsmi açıqlama versin".
E.Həsənli, bundan başqa öz "Facebook" statusunda belə yazıb: "Mənə Müsavat partiyasına görə oturum versəydilər belə, burada qeyri-adi bir şey olmazdı. Ən azı, mən partiya sıralarına daxil olduqdan 9 il sonra Avropya üz tutmuşam. İndikilər bəzən 9 saat ərzində partiya vəsiqəsi, arayış və İ.Qəmbərlə foto əldə edib Avropaya yollanırlar. Təbii ki, müvafiq ödənişdən sonra".

Sahib Alıyev: "Yazıqlar olsun saxta «siyasi mühacir» sənədi verənlərə də, onu alanlara da"

Müxalif düşərgədə baş verən bu rüsvayçı olaya münasibətini bildirən millət vəkili Sahib Alıyev qeyd edib ki, Qərbdəki bəlli çevrələrin tapşırığıyla Azərbaycanda keçirilən genişmiqyaslı tədbirləri boykota səsləyən Müsavatın onların önündə müxalifət partiyası kimi tanınmaq istəməsində, ancaq bir məqsədi var - qrant almaq: "Sən demə, bu, belə deyilmiş. Qərbdəkilərin AXCP-ni müxalifət partiyası kimi tanıması, həm də ona başqa gəlir mənbələri verirmiş. Partiya mühacir "biznesi"nə də girişibmiş. Yəni Avropada sığınacaq almaq istəyənlərə bəlli bir məbləğ qarşılığında vəsiqə verilirmiş ki, o, "cəbhəçilərdəndir". Müsavatda da durum eynidir. Yazıqlar olsun saxta "siyasi mühacir" sənədi verənlərə də, onu alanlara da".

Əli Kərimlinin "siyasi məhbus" mafiyasında "yorğan" davası

Ə.Kərimlinin "siyasi məhbus" mafiyasında "yorğan" davasında məqsəd toplanan pulların çox hissəsini ələ keçirməkdir. Belə ki, Azərbaycanın Niderland səfirliyində çalışmış, daha sonra Avropada sığınacaq almaq üçün ölkəsinə üz çevirən Nahid Cəfərov "siyasi məhbus" adlandırılan məhkumlara göndərilən pulların Ə.Kərimli tərəfindən "yeyildiyini" açıqlayıb. N.Cəfərov deyir ki, həbsdə olan Tofiq Həsənliyə göndərilən pulların bir qismi yoxa çıxıb: "Bu pulları Ə.Kərimli mənimsəyib. Ə.Kərimli bu biznesdə bir mexanizmlə işləyir: "Pulunu ver, siyahıya düş".
Bu mexanizmlə Leyla Yunus da işləyir. 2016-cı ilin sonu 2017-ci ilin əvvəllərində "siyasi məhbus" məsələsinə görə, AXCP və Müsavat rəhbərliyi, o cümlədən, Xədicə İsmayıl bir-birinə qarşı sosial şəbəkələrdə ciddi ittihamlar irəli sürürdü. Həmin ərəfədə Cahangir Hacıyevin də adının "siyasi məhbus" siyahısına salınması məsələsi gündəmə gəlmişdi. O.Güləliyev iddia edirdi ki, "Əsas götürdüyümüz meyar siyasi məhbuslarla bağlı AŞPA-nın 3 oktyabr 2012- ci il tarixli 1900 saylı Qətnaməsində qeyd edilən kriteriyalardır. Əgər Cahangir Hacıyevin həbsi həmin kriteriyalara uyğun gəlirsə, o da digərləri kimi, siyasi məhbus kimi tanına bilər".

Xədicə İsmayıl: "Leyla Yunus və Oqtay Güləliyev, hətta terrorçuları da "siyasi məhbus" siyahısına salırlar".

AXCP-nin keçmiş üzvü Rəşad Babalı isə daha açıq etiraflar etməklə, konkret kimlərin adının pul qarşılığında siyahıya salındığını açıqladı: "Daha uzun siyahı, daha çox pul: AXCP, Müsavat, o cümlədən, "siyasi məhbus" biznesində iştirak edənlər Azərbaycanda 150-dən çox "siyasi məhbus" olduğu iddiası üzərində həmişə israrla dayanırlar. Hətta son Əfv Sərəncamı ilə adı hüquq müdafiəçilərinin siyahısına düşmüş 50-dən çox məhkumun azad edilməsi də, belə onların "siyahısını" azaltmadı. Ə.Kərimli hər çıxışında "siyasi məhbus»ların yarıdan çoxunun hələ də həbsxanada qaldığını və onların əksəriyyətinin AXCP üzvü olduğunu iddia edir. Bununla yanaşı, Nardaran işinə görə həbs edilənlərin də müdafiəsini israrla üzərinə götürür. İlk baxışda, Kərimlinin "ürəyiyumşaq" olduğu görünə bilər, lakin məsələnin qaranlıq üzü qaranlıq maxinasiyalardan xəbər verir. Birincisi, Kərimli Nardaran işinə görə həbs edilənləri müdafiə etməklə, onların bağlı olduğu dini dairələrdən dəstək alır. İkincisi, "daha uzun siyahı, daha çox pul" prinsipindən irəli gəlir. Siyahı məsələsində bu qruplar, hələ iki il öncə özlərini ifşa etmişdilər. Məsələ belə idi ki, X.İsmayıl Azərbaycanda "94 siyasi məhbus»un adının olduğu siyahı hazırlamışdı, L.Yunus və «Milli Şura»nın koordinasiya mərkəzinin üzvü O.Güləliyev isə "166 nəfərlik siyahı" tutmuşdu. Bu şişirdilmiş iki fərqli siyahı onları çətin vəziyyətə salmaqla yanaşı, "daha uzun siyahı daha çox pul" demək olduğunu da təsdiqlədi. Hətta Kərimli və dəstəsi onlardan kənar siyahı hazırladığı üçün X.İsmayıla qarşı kütləvi hücum da təşkil etdilər. X.İsmayıl bu haqda yazırdı: "Özünü "demokrat" adlandıran Ə.Kərimli ən xırda tənqidə belə tab gətirməyərək, "facebook" briqadasını mənim üstümə göndərib və məni "əmək itirən" quldar kimi qələmə verir".

Əli Kərimlini "Obşak" sistemi, yaxud toplanan ianələrin naməlum taleyi

Xədicə İsmayıl Ə.Kərimlinin onu "əmək itirən" quldar kimi qələmə verməsindən əsəbləşərək bildirib ki, "siyasi məhbus" biznesinin mənbəyi təkcə ayrılan pullar yox, həm də Avropadakı azərbaycanlılardan toplanan ianələrdir: "Bunu həbsxanadakı "obşak" sistemi ilə müqayisə etmək olar. Avropaya "siyasi mühacir" adı ilə gedənlər "siyasi məhbus»lara dəstək üçün yaradılan bank hesablarına aylıq müəyyən vəsait köçürürlər və əksər vaxt bunun məcburi olduğu deyilir. Bundan imtina edənlər miqrasiya qurumlarına şikayət edilmək və deportasiyaya məruz qalmaqla təhdid olunurlar. Bu prosesi AXCP və Müsavat partiyaları ayrılıqda həyata keçirir. Ə.Kərimlinin "obşak»ına Qənimət Zahid nəzarət edir. Müsavatın "obşak"ına isə partiyanın Avropa koordinasiya mərkəzi tərəfindən nəzarət edilir. Ötən ilin sonlarında Qurban Məmmədovun "siyasi məhbuslara dəstək" kampaniyasına edilən yardımların mənimsənildiyi, buna görə də, Avropada yaşayan azərbaycanlıları bu kampaniyaya qoşulmamağa çağırışı da bunu təsdiqləyirdi. Q.Məmmədovun çağırışına cavab Ə.Kərimlinin "Azadlıq" qəzetindən gəldi və qəzet "siyasi məhbus" adlandırdıqları şəxslərin ailələrinin dilindən Məmmədova qarşı tənqidi fikirlər yayımladı. Bunun özü də Məmmədovun Kərimlinin "siyasi məhbus" biznesinə "çomaq" uzatdığını sübut edir. Bu qədər hay-küy heç də səbəbsiz deyilmiş! Ona görə də, bu gün Ə.Kərimli, A.Hacılı və İ.Qəmbər haqqında nə deyilirsə, doğrudur".

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə