Qaçqın və məcburi köçkünlərə qayğı dövlət siyasətinin prioritetlərindəndir

Prezident İlham Əliyev: "O gün gələcək, mən buna inanıram, şübhə etmirəm. Əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir"

Ermənistanın işğalçılıq siyasəti nəticəsində, qaçqın və məcburi köçkün vəziyyətinə düşən 1 milyondan artıq azərbaycanlının həyat şəraitinin yaxşılaşdırılması, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarla paralel şəkildə həyata keçirilir. Xüsusilə, son 16 il də, qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda bütün sosial-texniki infrastruktura malik 102 müasir qəsəbə salınıb ki, bunun da 3-ü ötən il istifadəyə verilib. Ötən il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və təqdim olunub. Bununla bərabər, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib.
Bu Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısının nəticəsidir. Ölkə Prezidentinin rəhbərliyi altında hər il bu istiqamətdə müvafiq addımlar atılır, qaçqın və məcburi köçkünlər, Qarabağ əlilləri, ailə qayğısından məhrum olmuş gənclər və digər bu kateqoriyadan olan vətəndaşların problemləri öz həllini tapır.

Görülən işlər, uğurlu nəticələr, real faktlar...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı demişdir ki, illərdə olduğu kimi, 2019-cu il ölkəmiz üçün uğurlu il olacaq. Dövlət başçısı bir çox önəmli məsələlərə aydınlıq gətirərək bildirib ki, bütün sahələrdə uğurlu inkişaf olduğu kimi, məcburi köçkünlərin də problemləri daim diqqət mərkəzində olacaq: "Sosial məsələlər arasında, əlbəttə ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu il artıq 810 məcburi köçkün ailəsi yeni müasir qəsəbəyə köçürülür. Bu proses davam etdiriləcək. Bu, bizim ən prioritet məsələlərimizdən biridir. Bu məsələyə biz daim diqqət göstəririk".
Bəli, son 16 il ərzində, ölkə Prezidenti İlham Əliyevin şəhid ailələrinin, Qarabağ əlillərinin, məcburi köçkünlərin, hərbçilərin sosial problemlərinin həlli istiqamətində uğurlu addımlar atılıb. Təsadüfi deyil ki, iqtisadi inkişaf tempinə görə dünyanın gündəmində olan Azərbaycan, həm də sosial dövlət kimi xarakterizə olunur. Bu, o deməkdir ki, dövlət siyasətinin bütün istiqamətlərinin və sahələrinin mərkəzində, məhz Azərbaycan vətəndaşı dayanır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir.
Şəhid ailələri, Qarabağ əlilləri, məcburi köçkünlər və hərbçilər üçün tikilən mənzillərin təqdimat mərasimində hər zaman Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəxsən iştirak edir, onlarla görüşərək qayğıları ilə maraqlanırlar.
Keçirilən görüşlərdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, məcburi köçkünlərin problemləri daim diqqətdə saxlanılır: "Məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır. Son illərdə bu istiqamətdə çox böyük addımlar atılıb. Təkcə bu il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib istifadəyə verilib". Bütün köçkün ailələrinin normal şəraitlə təmin olunacaqlarını deyən Prezident əlavə edib ki, hər bir köçkün bir arzu ilə, bir amalla yaşayır - tezliklə öz doğma torpağına qayıtsın: "İşğal altında olan bütün torpaqlar azad ediləndən sonra orada şəhərlər və kəndlər yenidən qurulacaq".
Məhz dövlət başçısınını sözügedən məsələyə diqqət və qayğısının nəticəsidir ki, ötən il dövlət başçısının iştirakı ilə Bakının Qaradağ rayonunda Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi keçirilib. Bunun ardınca isə, bu məqsədlər üçün, Prezidentin Ehtiyat Fondundan 20 milyon manat vəsait ayrılıb. Eyni zamanda, dekabrın 17-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib.
Həmçinin, Qobu qəsəbəsində özəl sektor tərəfindən inşa edilən mindən çox mənzil məcburi köçkünlərə təqdim olunub. Sumqayıt şəhərində, Kürdəxanı, Mehdiabad, Ramana, Masazır qəsəbələrində, Tərtər, Qaradağ rayonlarında məcburi köçkünlər üçün binalar, evlər tikilir və onların sərəncamına verilir. İl ərzində, həm Prezident İlham Əliyev, həm Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin və hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı çox vacib layihələr həyata keçirilir.
Bu yerdə ötən 16 ili xatırlasaq, ilk seçki marafonunda ölkə Prezidenti İlham Əliyev xalqa vəd etdi ki, ölkəmizdə bir çadır düşərgəsi qalmayacaq, bütün çadır düşərgələri ləğv olunacaq və qaçqınlarımız digər vətəndaşlarla eyni səviyyədə yaşayış şəraiti ilə təmin olunacaqlar. Həqiqətən də, bu gün respublikamızda, artıq çadır düşərgəsi qalmayıb. Elə ölkələr var ki, illərlə vətəndaşları çadırlarda qalır. Amma qısa müddət ərzində, heç bir beynəlxalq dəstək olmadan, Azərbaycan öz gücünə bu işlərin öhdəsindən gəldi.
Ümumiyyətlə, son 16 ildə Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli istiqamətində gördüyü tədbirlər dünyada çox nadir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və ondan istifadə olunur.

Prezidentin məcburi köçkünlərlə bağlı imzaladığı Sərəncam cəmiyyətimizdə yüksək qiymətləndirilir

Bu gün, birmənalı tərzdə demək olar ki, Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində əhalinin bütün təbəqlərinin, xüsusi ilə də, sosial cəhətdən həssas insanların sosial-rifah halı daha da yaxşılaşır.
"Əsl siyasət konkret, real iş görməkdən ibarətdir" deyən dövlət başçısı İlham Əliyevin ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərmişdir.
Azərbaycan Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin artırılması ilə bağlı Sərəncamına əsasən, məcburi köçkünlərə ödənilən vəsaitin həcmi 50 faiz artırılıb.
2017-ci ilin əvvəlində bu rəqəm 36 manat, 2018-ci ildə 40 manat, son dəyişikliklərdən sonra isə, bu rəqəm 50 faiz artırılaraq, 60 manata çatdırılıb. Bununla da, məcburi köçkün ailələrinin hər bir üzvünə kommunal xərclərin ödənilməsi üçün dövlət tərəfindən 60 manat vəsait ödəniləcək. Bu, o deməkdir ki, əgər ailədə 4 nəfər ailə üzvü varsa, onlar 240 manat dövlət büdcəsindən hər aylıq vəsait əldə etmək imkanı qazanacaq. Əvvəllər bu rəqəm 160 manat idisə, aprel ayında bu rəqəm 240 manat olacaq.
Bütün bu reallıqlar, bir daha onu göstərir ki, Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət və qayğının dünyada analoqu yoxdur. Özü də bu, heç bir beynəlxalq Konvensiyaya, ya da öhdəliyə əsaslanmır, sadəcə, Prezident İlham Əliyevin siyasi iradəsinin ifadəsi, sosial-iqtisadi potensialının göstəricisidir. Görülən fəaliyyətin nəticəsi olaraq, son 16 il ərzində, məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizədək azalıb.

Yurd həsrətinə son qoyulacaq gün uzaqda deyil

Əlbəttə, öz doğma yurd-yuvalarından didərgin düşmüş insanlar üçün salınan qəsəbələr, tikilən evlər qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşmasına xidmət etsə də, onlar bu ünvanlarda müvəqqəti məskunlaşdıqlarını, tezliklə ata-baba torpaqlarına qayıdacaqlarını yaxşı bilirlər. Yurd nisgilinə son qoyulduqdan sonra, da bu insanlar hər zamankı kimi, dövlətlərinin onların arxasında olacağına tam əmindirlər. İşğal altındakı ərazilər azad olunduqdan sonra bu yerlərdə dövlətin yardımı ilə daha təmtəraqlı və yüksək şəraiti olan evlər inşa olunacağını da yaxşı bilirlər.
Dövlət başçısı Goranboy rayonuna səfəri çərçivəsində 688 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan və birinci mərhələdə 165 ailənin məskunlaşacağı yeni yaşayış məhəlləsinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirakı zamanı Prezident İlham Əliyev bildirmişdir: "Bizim torpaqlarımız azad olunandan sonra biz həmin torpaqlarda bundan da gözəl binalar tikəcəyik. Bütün şəhərləri bərpa edəcəyik və öz vətəndaşlarımızı doğma torpaqlara qaytaracağıq. O gün gələcək, mən buna inanıram, şübhə etmirəm. Əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir".
Beləliklə, Prezident İlham Əliyevin siyasətini hər zaman dəstəkləyən və onun ətrafında sıx birləşən qaçqın və məcburi köçkünlər yurd həsrətinə son qoyulacaq günün uzaqda olmadığına qəti əmindirlər. Çünki dövlətin, Onun rəhbərinin bu istiqamətdə atdığı addımları, həyata keçirilən məqsədyönlü siyasətin uğurlu nəticələrini aydın görür və yurd niskinliyinə tezliklə son qoyulacağına inanırlar.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...