"Dialoqların keçirilməsi vacibdir" ÖZƏL-MÜNASİBƏT

"Ötən gün iqtidar və müxalifət partiyaları arasında keçirilən dəyirmi masa vaxtında verilmiş bir qərar idi. Bu tədbir son dərəcə lazımlı və vacib idi". Bunu SİA-ya açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı deyib.

"Nəyə görə? Düşünürəm ki, artıq iqtidar və müxalifət dialoqu Azərbaycanda bir sosial sifarişdir. Yəni cəmiyyət bu siyasi partiyaların Azərbaycanla bağlı problemləri, daxili məsələlərimizi, Dağlıq Qarabağ məsələsini bütün partiyaların birgə oturaraq müzakirə etməsini, birgə konsensusa gəlməsini, birgə dialoqun əldə edilməsini çox əhəmiyyətli sayırlar. Çünki fikir versəniz sosial şəbəkələrdə adətən siyasi partiyaların bir araya gələ bilməməsi, siyasi partiyalar arasında müzakirə mühitinin olmaması insanlar, toplum tərəfindən müsbət qarşılanmır. O baxımdan da düşünürəm ki, ötən gün keçirilən dəyirmi masa sözün əsl mənasında siyasi mədəniyyət mühitinin yaradılmasına atılan çox gözəl bir addım idi.

Arzu edərdim ki, bu cür tədbirlər davamlı olsun. Ötən gün keçirilən tədbirdə bəzi müxalifət partiyalarının rəhbərləri tərəfindən iqtidar əleyhinə fikirlər səsləndirildi. Amma çox sevindirici haldır ki, iqtidar nümayəndələri tərəfindən bu son dərəcə mədəni bir şəkildə qarşılandı və onların haqsız olduqları, bir çox hallarda ağı qara gördükləri çox mədəni, sivil şəkildə onların diqqətinə çatdırıldı. Düşünürəm ki, siyasi proseslər bu müstəvidə getməlidir. Çünki son zamanlar çox xoşagəlməz bir vəziyyət yaranıb və sosial şəbəkələrdə hər kəs bunu görür və bundan narahat olur. Təəssüflər olsun ki, biz hansısa qüvvələrin təsiri altında söyüş, təhqirlərlə dolu çıxışların şahidi oluruq. “Youtube” və digər sosial şəbəkələrdə bəzi müxalifət nümayəndələri, xaricdəki antiazərbaycan qüvvələr tərəfindən idarə olunan bəzi şəxslər Azərbaycanın bütün simvollarını təhqir edirlər. Bu mənada düşünürəm ki, siyasi prosesləri sivil müstəviyə çəkmək üçün bu cür dialoqların keçirilməsi olduqca vacibdir"-deyə, A.Camalqızı fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə