“Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” DƏYİRMİ MASA- VİDEO-YENİLƏNİB

Bu gün Bakıda “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, dəyirmi masada siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş söz ilə açan Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, Azərbaycan dövləti uğurla inkişaf edir, onun beynəlxalq müstəvidə mövqeyi güclənir. Bu isə xaricdəki müəyyən dairələri narahat edir. Millət vəkilinin sözlərinə görə, xaricdəki anti-Azərbaycan qüvvələr ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. “Azərbaycandan kənarda yaşayan bəzi azərbaycanlılar sosial şəbəkələrdən, internet televizyalarından intensiv olaraq canlı yayımda xalqı çaşdırmağa çalışır, dövlətimizə, dövlət başçısına qarşı şər-böhtan atırlar. Onlar ölkəni xaosa çevirmək, əldə etdiyimiz bütün uğurları məhv etmək istəyirlər. Bu ssenarinin təməl daşını qoyan məhz Avropada məskunlaşan və onlara dəstək verən dağıdıcı antimilli qüvvələrdir. Ölkəni anarxiyaya sürükləmək istəyən həmin insanlar Azərbaycana düşmən olan qüvvələr tərəfindən idarə olunurlar, maliyyələşdirilirlər. Eyni zamanda, məqsəd Azərbaycan dövləti və iqtidarı ilə xalq arasında etimadsızlıq toxumu səpmək, xalqla iqtidar arasındakı birliyi sarsıtmaqdır. Bütün bunlar Azərbaycanın dövlətçliyinə, milli maraqlarına qarşı yönəlmiş olan xətdir. Biz dövlət maraqları naminə bu çirkin fəaliyyəti, ölkəmizdəki siyasi proseslərə xarici müdaxilə cəhdlərini qətiyyətlə pisləməliyik”.

Dəyirmi masada çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, istənilən siyasi partiya ölkənin maraqlarını üstün tutmalıdır. O qedy edib ki, xaricdə mühacir statusu alan bəzi şəxslər Azərbaycanda siyasi proseslərdə müdaxilə etməyə cəhd göstərirlər.

Əli Əhmədov deyib ki, həmin şəxslər xaricdən sığınacaq almaqla Azərbaycan vətəndaşlığından imtina etməyə bərabər addım atıblar: “Digər tərəfdən, xaricdə sığınacaq aldığına görə çox məhdud dövlət yardımı ilə yaşayan insanların geniş siyasi fəaliyyət göstərmək, təbliğat maşını yaratmaq, onu idarə etmək kimi imkanları yoxdur. Deməli, bunlar istəsələr də, istəməsələr də bu fəaliyyəti göstərmək üçün, hər hansı bir kənar maliyyə dəstəyinə ehtiyac duyurlar və bu dəstəyi almaq üçün ayrı-ayrı maraqlı qüvvələrin təsiri altına düşməyə məhkumdurlar. Həmçinin, onlar bu məsələdə maraqlı olan xüsusi xidmət orqanları üçün tamamilə açıq olurlar, ardıcıl olaraq xarici xüsusi xidmət orqanları tərəfindın asanlıqla ələ alına bilən, yönəldilə bilən bir qrupa çevrilirlər. Bu mənada o insanların Azərbaycan siyasətinə təsir etmək cəhdləri həm təhlükəli, həm də yolverilməzdir”.

O qeyd edib ki, həmin şəxslərin bəziləri "Youtube"da guya izləyicilərinin hesabına gəlir əldə edirlər: “Bu, əsassızdır, araşdıra bilərsiniz. Hakimiyyət iddiasında olan partiyalar xalqın marağından çıxış etməlidir, hanısa xarici qüvvənin yox. Mühacirlərin əsas işi Azərbaycan dövlətini, Prezidentini nüfuzdan salmaqdır. Çünki Azərbaycan güclənib, qüdrətlənib. Bəzi xarici qüvvələr Ermənistanı "demokratik", Azərbaycanı isə "anti-demokratik" göstərməyə cəhd edirlər. Bütün bu cəhdlər əbəsdir. Sağlam düşüncəli qüvvələrin milli maraqlar naminə birləşməsi çox önəmlidir. Xarici qüvvələr seçkilər vasitəsilə də ölkə daxilinə müdaxilə etməyə cəhd edə bilərlər. Bu təcrübə var".

YAP Sədrinin müavini söyləyib ki, ayrı-ayrı dövrlərdə xarici emissarların Azərbaycanda keçirilən mitinqlər, küçə yürüşlərini nə dərəcədə yaxından izlədikləri və yaxud hansısa formada yönəltdiyi ilə bağlı kifayət qədər misallar gətirmək mümkündür: "Hakimiyyət iddiasında olan bütün siyasi partiyalar ilk növbədə milli maraqlardan çıxış edərək siyasi proseslərin iştirakçısı olmalıdır və hər hansı kənar qüvvənin siyasi proseslərə müdaxilə etməsinə imkan verməməlidirlər. Biz bu gün xaricdə mühacir qismində sığınacaq tapmış bəzi insanların indiki texnologiyanın imkanlarından istifadə edərək Azərbaycana qarşı apardığı çirkli təbliğat kampaniyasına qarşı qəti sözümüzü deməyi bacarmalıyıq. Bu mənada bugünkü tədbiri xüsusi qiymətləndirmək istəyirəm".

Tədbirdə daha sonra BAXCP sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa, Vəhdət Partiyasının sədri, Milli Məclisin depuatı Tahir Kərimli, Milli QHT Forumunun prezidenti Rauf Zeyni və digərləri çıxış edərək ölkəmizdəki siyasi proseslərə xarici müdaxilələrin yolverilməz olduğunu vurğulayıblar. Qeyd olunub ki, bu məsələdə bütün siyasi partiyalar, vətəndaş cəmiyyəti həmrəylik nümayiş etdirməlidir.

Sonda tədbir iştirakçıları adından bəyanat qəbul olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...