"Bu əməlləri ilə Paşinyan yalnız özünü aldada bilər" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycanın işğal olunmuş ərazilərində qondarma Dağlıq Qarabağda “Yerli özünüidarəetmə seçkiləri” keçirilib. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın bu addımını kəskin pisləyib, beynəlxalq hüquq normalarına zidd olduğu haqqında bəyanat verib. Gürcüstan höküməti də keçirilən saxta seçkini tanımadığını, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan suveren sərhədlərinə hörmət etdiklərini bildiriblər". Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Deputatın sözlərinə görə, dünya ölkələri münaqişəni beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun olaraq beynəlxalq birliyin iştirakı ilə münaqişənin sülh yolu ilə həllini dəstəkləyirlər: "Dünya ölkələrinin əksəriyyətində ikili standartların olması qondarma Dağlıq Qarabağda saxta seçkilərə münasibətində də özünü göstərib. Saxta seçkini keçirməklə qondarma rejimlə Ermənistan hakimiyyəti arasında ziddiyəti ortaya qoyur. Paşinyan öz adamlarını yerləşdirməklə qondarma Dağlıq Qarabağ klanını zəiflətmək uğrunda mübarizə aparır. Paşinyanın növbəti saxtakarlıqlarından biri olan “seçki şousu” beynəlxalq hüquqa zidd olan bir kampaniyadır. Bu əməlləri ilə Paşinyan yalnız özünü aldada bilər. Həyata keçirdiyi siyasət beynəlxalq hüquq və normalara ziddir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə