Qərb müxalifətə bu dəfə hansı təlimatı verib? ANALİTİK

Yaxud, “ağa deyirsə sür dərəyə, sür dərəyə!”

Ənənəvi müxalifət partiyalarının zaman-zaman seçkiləri “boykot” edib, bu vasitə ilə xarici ağaları qarşısında xal toplama manipulyasiyaları bütün vaxtlarda nəticəsiz qalıb. İstər 1998-ci ilin president seçkilərində, istər 2008-də, istərsə də 2015-ci ilin parlament seçkilərində sözügedən “taktikadan” istifadə edən “liderlər” siyasi uğursuzluqları ilə həm bir-birlərinin, həm də elektoratlarının inamsızlıqlarını qazanıblar. Belə ki, istənilən seçkilərdə xalqın iradəsi ilə qələbə qazanan iqtidar komandasıyla siyasi rəqabətə girməkdən çəkinən müxalifət təmsilçiləri hər dəfə özlərini sudan quru çıxarmaq üçün guya seçkilərin qeyri-şəffaf, ya da ədalətsiz keçirildiyini iddia ediblər. Lakin buna baxmayaraq, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, müşahidələr aparan ayrı-ayrı müşahidəçi qrupları seçkilərin nəticələrini tanıyıb, legitim hesab ediblər.

REAL partiyası seçkilərə qatılacağını əvvəlcədən bəyan etsə də…

Maraqlı məqam isə budur ki, nədənsə son günlər radikal cəbhədə “boykot” məsələsinin arxa plana atılması barədə müzakirələrə start verilib. Məsələ ondadır ki, ötən həftə Müsavat partiyasının qərargahında müsavatçılarla yanaşı, AXCP, REAL partiyası, eləcə də digər siyasi hərəkat təmsilçiləri bir araya gəlib, dəyirmi masa təşkil ediblər. Söhbət isə əlbəttə ki, seçkilərlə - bələdiyyə, eyni zamanda 2019-cu ilin payızında keçirilməsi gözlənilən parlament seçkiləri ilə bağlı olub. Digər maraqlı nüans həm də ondan ibarətdir ki, REAL partiyası seçkilərə qatılacağını əvvəlcədən bəyan etsə də, buna baxmayaraq, seçkilərə qatılıb-qatılmamaq müzakirələri aparan siyasi partiyaların tədbirlərində iştirak. Çox yəqin ki, REAL rəhbərliyi AXCP və Müsavatı “boykot” qərarından çəkindirməyə çalışır, bu yöndə onların üzərində söz sahibi olmağı düşünür.

“Seçkilərə qatılın təlimatı

Ancaq növbəti məsələ budur ki, bəlli tədbirin keçirilməsi pərdəsi arxasında radikal siyasi cinahın Qərbdəki ağalarından aldıqları tapşırığı dayana bilər – “seçkilərə qatılın!” təlimatı…

Bir sıra siyasi ekspertlər də məhz bu cür qənaətə gəlirlər ki, Qərb dairələri tərəfindən onlara seçkilərdə iştirakın vacib olması istiqamətində əmr verilib. Necə deyərlər, “ağa deyirsə sür dərəyə, sür dərəyə!”

Yeri gəlmişkən, ənənəvilərin “boykot” taktikası yalnız təmsil olunduqları siyasi partiyalarının imiclərinə köklü zərbələr vurmayıb, o cümlədən, partiyalararası, həm də partiyalardaxili olaraq, kifayət qədər kəskin, amansız, barışmaz, düşmənçiliyə qədər gətirib-çıxaran qarşıdurmalar, ziddiyyətlər yaşanıb. Bütün bunlar isə, ötən illər ərzində müxalifətin öz tərəfdarları qarşısında etimadının itirilməsi, azsaylı eektoratlarının isə onlara inamsızlıqlarının artırılması faktları ilə nəticəsini tapıb.

Seçkilərə qatılmaq müzakirələri aparmaları heç də səmimi təsir bağışlamır

İndi isə, yatıb-yatıb, birdən ayılan ənənəvilərin anidən seçkilərə qatılmaq müzakirələri aparmaları heç də səmimi təsir bağışlamır. Xarici himayədrlarının sifarişlərini həyata keçirən qaragüruhçulara sabah həmin ağaları desələr ki, yox, seçkilərə qatılmayıb və “boykot” taktikasını yenidən gündəmə atın, onlar bu addıma da gedəcəklər. Çünki onlar idarəedilən siyasi müxalifətdirlər və heç vaxt müstəqil şəkildə fəaliyyət göstərə bilməyiblər. Bu baxımdan, sözügedən məsələdə bir araya gəlib, hərdən bir hava çalmaları sadəcə, düşərgənin növbəti ucuz şousu kimi qiymətləndirilə bilər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə