Özünü müxtəlif zamanlarda gah iqtidarın ruporu, gah da müxalifət fəalı kimi cəmiyyətə təqdim edən Gültəkin Hacıbəylinin siyasətçi olduğunu, ən sadə dildə desək, belə göründüyünü düşünürdük. Sən demə, bu xanım sözün əsl mənasında, fitri istedad imiş. Balaca bir statusda həm siyasətçi, həm hərbi ekspert və aerodinamika mütəxəssisi, həm də ornitoloq kimi tanıtmaq sizə asan gəlməsin. Azərbaycan Hərbi Hava Qüvvələrinin MİQ-29 hərbi təyyarəsinin qəzaya uğraması səbəbləri ilə bağlı rəsmi açıqlamadan sonra hərə öz səviyyəsinə, məlumatlılıq dərəcəsinə, düşüncə tərzinə, intellektinə uyğun bir şərh verdi. Onların arasında sanballı mülahizələrə də rast gəldik, ucuz və primitiv populizm nümunələrinə də. Amma tam əminiklə demək olar ki, irəli sürülən ən səviyyəsiz fikir belə Gültəkin Hacıbəylinin fantasnaqoriyası ilə müqayisədə əsl mütəxəssis rəyi təəssüratı bağışlaya bilər. Gəlin bu xanımın bəzi fikirlərinə diqqət yetirək. O deyir ki, saatda 2400 km sürətlə uçan təyyarənin kabini bu gərginliyə dözürsə (açığı, heç izah da vermir ki, nəyin gərginliyinə. Yəqin ki, söhbət havanın müqavimətindən gedir), necə olur ki, bir quşun zərbəsindən darmadağın olur. Əgər özünü ağıllı hesb edən, az çox mexanika, təbiət, aerodinamika qanunları barədə təsəvvürü olan bir kəs saatda 2400 km sürətlə hərəkət edən kütlənin hətta kiçik bir kütlə ilə toqquşmasının hansı nəticəyə gətirib çıxara biləcəyini təsəvvür edə bilmirsə, deməli onun adekvatlığı şübhə doğurur. Daha sonra "dahi ekspertimiz" ornitologiya elminin dərinliklərinə baş vurur, quşların miqrasiyasından tutmuş uçuş trayektoriyasına, uçuşun maksimal hündürlük göstəricilərinə kimi ironik təhlil aparır. Sonda belə qənaətə gəlir ki, MİQ-29-un uçuş tavanı 18 km olduğuna və bu hündürlükdə heç bir quş uçmadığına görə, təyyarənin quşla toqquşması versiyası həqiqət ola bilməz. Məntiqin dərrinliyini tuta bildinizmi? Əsl şedevrdir. Zəhrimara qalmış bir sual ortaya çıxmasaydı.... Axı ay xanım, kim deyib ki, təyyarə quşla 18 km yüksəklikdə toqquşub?

Gültəkin xanım isə dayanmaq bilmir... Axı iqtidarı çox çətin sual qarşısında qoyub: "O zaman 1000-1500 metr hündürlükdə uçan quş 18 km hündürlükdə uçan qırıcı təyyarə ilə necə toqquşa bilər?!". Bu dəmir məntiqin növbəti həlqələrini düzərək, sübut etməyə çalışır ki, müxalifətçi adını nahaq daşımır. Beləliklə, növbəti fikir: "MİQ-29 havaya qalxan kimi saniyədə 300 metr sürət yığır. O, hərbi aerodromdan Xəzərə çatanadək artıq 8-10 km hündürlüyü yığmış olmalıdır". Görürsünüzmü, təyyarə mütləq 10 km hündürlükdə olmalıdır ki, orada quş uça bilməsin. Amma... Tutalım ki təyyarə Tağıyev qəsəbəsindəki aerodromdan qalxıb. Dənizə çatana kimi 10 km hündürlüyü yığmaq üçün təyyarə gərək raket trayektoriyası ilə qalxsın. Görünür, xanım milli kosmonavtikamızın, hərbi-sənaye kompleksimizin uğurlarından o qədər çox təəssüratlanıb ki, ölkəmizə ayaq basan MİQ-lərin raket kimi kosmosun dərinliklərini fəth etmək qabiliyyətini əldə etdiyini düşünür. Sağ olun, Gültəkin xanım. Nə qədər müxalif olsanız da bu iqtidarla bağlarınlzı kəsib ata bilmirsiniz və diliniz zəhər kimi olsa da hərdənbir çaşıb sözün düzünü deyir.

Görün, Gültəkin xanım xalqımızı necə düşünür: "Saatda 1500-2400 km məsafə qət edən qırıcı təyyarə alçaqdan uça bilməz, onun motorunun səsindən şəhər oyanar, binalarda pəncərələrin şüşəsi titrəyər". Bəli, rusların hərbi texnikası yaxşıdır, amma hərəsinin bir çatışmazlığı vardır. Gültəkin xanımın məntiqi də isbat edir ki, MİQ-lərin qalxıb enməsi əsl problemdir və çox məsrəflidir. Zarafat deyil ki, saatda 2400 km sürətlə uçan və aşağıdan uça bilməyən təyyarəni aerodroma oturtmaq üçün hava limanını yüksəkliyə qaldırmaq lazımdır. Gültəkin xanımın dərin məntiqi belə deyir. Daha bir məsələ, Gültəkin Hacıbəylinin "harada aş, orada baş" olması faktıdır. Burada 2016-cı ilin şanlı Aprel qələbəmizdə Milli Şuranın keçirdiyi mitinqini xatırlamağın ram yeridir. Həmin vaxt onun iddiasında belə bir nəticə ortaya qoyulmuşdu ki, guya Azərbaycan əsgərinə sınıq-salxaq silahlar verilibmiş (?!). Halbuki, dronlarımız düşmənin bütün müdafiə xəttini paralizə etmişdi... İndi isə... İndi isə köhnə hamam, köhnə tas.

Bizim üçun bir məsələ maraqlı qalır. Görəsən, bunlar müxalifətdə olmağı nəyə görə hər çeyi qaralamaq kimi başa düşürlər? Həyatda yüzlərlə təyyarənin quşlarla toqquşub qəzaya uğraması faktı ortada ola-ola, belə bir şeyin mümkünlüyünü inkar etmək qərəzdən başqa bir şey ola bilərmi? Tam əminliklə demək olar ki, belə bir şey hansısa başqa bir ölkədə baş versəydi, bu məlumatın həqiqiliyinə zərrə qədər də şübhə etməyəcəkdilər. Amma Azərbaycandadırsa, deməli mümkün deyil. Və bunu isbat etmək üçün bir gecənin içində dönüb hərbçi, aerodinamika mütəxəssisi, ornetoloq və lazım gəlsə kosmonavt da olmağa hazırdırlar. Ən azından, axı düşünmək olardı ki, bu, dənizin üstündə, yaşayış məntəqələrindən uzaqda, aşağıda və ya yüksəklikdə, yüksək sürətdə təlim məşq pilotajı da ola bilər. Məzən olsun, ay Gültəkin....

Rövşən Rəsulov

Bütün xəbərlər Facebook səhifəmizdə