Cəmil Həsənli, dəfn mərasimi üzərindən siyasi manipulyasiya hansı etik və əxlaqi çərçivəyə sığar? - BƏHRUZ QULİYEV

İyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsinin pilotu, polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları 20.08.2019-cu il tarixində tapılaraq dənizdən çıxarılıb. 21.08.2019-cu il tarixində isə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçirilib. Yas sahiblərinin, o cümlədən mərhumun yaxını Qabil Hüseyinlinin müxalifətin bu mərasimdə görmək istəməməsi çağırışını radikallar normal qarşılamayıblar. Xatırladaq ki, ötən 27 gün ərzində başda Əli Kərimli olmaqla Cəmil Həsənli, Sevinc Osmanqızı, Qənimət Zahid və radikal müxalifət düşərgəsinin “kərkəzləri” pilotumuzun qəzaya uğramasını insanların hiss və həyəcanlarını nəzərə almadan “siyasi şou”ya çevirməyə, bu mövzudan siyasi divident qazanmağa və hakimiyyətə qarşı ictimai rəy formalaşdırmağa cəhd göstərdilər.

"5-ci kolon"un iri və xırdabuynuzlu trolları olan Natiq Ədilov, Məhəmməd Mirzəli, İlham Hüseyn, Bəxtiyar Hacıyev və digərləri də onlardan geri qalmayaraq şəhidin yaxınlarının ünvanına nalayiq ifadələr işlətməyə başladılar.

Qrant, pul, hakimiyyət hərisliyi bu trolların gözünü o qədər örtüb ki, onlar həlak olmuş pilotumuzun yaxın qohumu Qabil Hüseynlinin çağırışına nəinki əks-reaksiya verdilər, hətta onun özünü belə təhqir etməkdən çəkinmədilər. Anlamırlar ki, insanların yas mərasimini siyasi aksiyaya çevirmək, bundan siyasi məqsədlər üçün yararlanmaq nə dinimizə, nə də əxlaq normalarımıza uyğundur. Müxalifətin bütün məsələlərdən, hətta qəhrəman hərbçilərimizin dəfn mərasimindən yararlanmaq cəhdi insanlığa sığmayan hərəkət, vəfat edənin ruhuna hörmətsizlikdir. Belə məqamların üzərində oyun qurmaq cılızlıqla yanaşı, siyasi mübarizədə naşılıqdır.

Özünü radikal müxalifət düşərgəsinin “ağsaqqalı” kimi təsəvvür edən Milli Şura sədri Cəmil Həsənli daha irəli gedərək pilotumuzun yaxınlarına həqarət etməklə yanaşı, hakimiyyətin də ünvanına qarayaxma aparmağa çalışır. Özünü tarixçi-professor hesab edən Cəmil Həsənli tarixi hərdən vərəqləsin və baxsın ki, bu günə qədər hansı ölkədə müxalifət cəmiyyətin bir parçası olan, müqəddəs dəyəri hesab edilən orduya qarşı çirkin kampaniya aparıblar? Hansı sistem daxilində müxalifət baş verən ən xırda insidentə görə belə hakimiyyəti ittiham edib? Cəmil Həsənlinin göstərə biləcəyi belə bir misal yoxdur. Lakin Cəmil Həsənlinin də daxil olduğu Azərbaycan dövlətinə və xalqına qarşı barışmaz mövqe tutmuş “5-ci kolon” haqqında kifayət qədər faktlar mövcuddur. Hətta, istər hitlerçi, istər mussoliniçi, istərsə də frankoçu faşistlər heç zaman dövlətçiliklərinə qarşı çıxış etməyiblər. Amma Cəmil Həsənlinin də daxil olduğu “5-ci kolon” Azərbaycan dövlətçiliyinin zərbə altına salınmasında nəinki maraqlıdır, hətta bu xidmətlərinə görə maddi maraqlarını belə təmin edirlər.
Əslində, təəccüblənəsi bir məsələ də yoxdur ortada. Vaxtilə AXC-Müsavat hakimiyyəti dövründə dövlət katibi olmuş Əli Kərimli kimilər Qarabağda gedən ağır döyüşlərdə düşmən qarşısında sipər olmuş oğul və qızlarımıza məzarda yatarkən belə şər atırdısa, bu gün onun rəhbərlik etdiyi AXCP və idarə etdiyi Milli Şuranın ordumuza ləkə atması heç də təəccüblü görünmür. Başqa bir xatırlama: 2016-cı ilin aprel hadisələrində xalq tarixi qələbəni qeyd etdiyi bir vaxtda Əli Kərimli bizim ordumuzu ittiham edirdi. Və o vaxt şəhidlərin yas mərasimini də özünün piarına çevirən Ə.Kərimli, bu mərasimlərdən maksimum bəhrələndi. Bu gün də həlak olmuş hərbiçinin yas törənini özünün təbliğatına çevirmək istəyən Ə.Kərimlinin çirkin niyyəti və hakimiyyət hərisliyi o həddə çatıb ki, xalqımızın əxlaqi, mənəvi dəyərlərini ayaq altına atılıb.

Sadəcə olaraq, Əli Kərimli, Cəmil Həsənli kimilər üçün milli-mənəvi dəyərlərin, insanların hiss və həyəcanlarının, düşüncələrinin heç bir əhəmiyyəti yoxdur. Ona görə də, Əli Kərimliyə, Cəmil Həsənliyə sual edirik ki, hərbçilərimizin şəhid olmasını, onların dəfn mərasimini siyasi oyunların predmetinə çevirmək hansı etik və əxlaqi çərçivəyə sığar? Yazdıqlarınıza, etdiklərinizə ədəbsizlikdən başqa nə ad vermək olar..?

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...