"Dünyanın heç bir yerində mühacir ölkəsini aşağılamağa çalışmır" RƏY-ÖZƏL

“Əgər bir mühacir xaricə köçürsə və sığınacaq aldıqdan bir müddət sonra dövlətinin əlayhinə fəaliyyətə başlayırsa, o zaman onlara sual olunar axı işləyən insan hər gün 4-5 saat kameralar qarşısında necə otura bilər? Bunu insanlara hobbi, vətənin halına yanmaq, düşünmək kimi qələmə verməsinə inanmaq qəti mümkün deyil”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Alıoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan əleyhinə çıxış edən mühacirlərin mimikalarına baxdıqda məlum olur ki, burada maddi maraq olmasa, onlar bir kəlmə belə söz deməzlər: “Mən maddi marağın olmasına pis baxmıram. Hər kəs bir bizneslə məşğul ola bilər. Amma xalqın adından danışaraq, insanlara ağıl öyrətməyə çalışıb, psevdo demokratik şüarlar söyləyib Azərbaycan hakimiyyətini hədəfə alıb pul qazanmağın başqa adı var. Bu, əlbəttə ki bloggerlik deyil”.

E.Alıoğlu söyləyib ki, bununla yanaşı, həmin insanların ritorikasına fikir verdikdə onların eyni mərkəzdən ustalıqla idarə olunduğunu görmək olar: “Həmin şəxslər xəbərlərlə, texniki vasitələrlə təmin olunur, qarantlar adı ilə ciddi maliyyə dəstəyi alırlar. Onların müxtəlif səpkili paylaşımları müxtəlif platformalarda, “Youtube” kanalında aüdahatez görünməsi, trendə düşməsi üçün reklamlar edilir və bu reklamlara külli miqdarda maliyyə ayrılır. Adi mühacirdə bu qədər vəsait haradandır? Axı o oliqarx, qaçmış milyonçu deyil. Milyonçu qaçsa da, heç zaman açıq şəkildə belə fəaliyyətlə məşğul olmur”.

Siyasi şərhçi son olaraq qeyd edib ki, dünyanın heç bir yerində ölkəsini tərk edən mühacir siyasi ambisiyalar adı ilə ölkəsini aşağılamağa çalışmır: “Ən azı o həmin ölkənin vətəndaşıdır və ya vətəndaşı olub. Bu natamamlıq, kiməsə xidmət edərək özünü daha yaxşı göstərmək kompleksidir. Əgər bunu ruhi, mənəvi cəhətdən şikəst olan Leyla Yunus edirsə, ona sözüm yoxdur. Lakin gənclərin Leyla Yunuslar və digərlərinə aldanaraq ortaya özlərini deyil, əqidələrini qoymaq istəmələri təhlükəli prosesdir. Mənim bu məsələlərə külli miqdarda maliyyə ayrıldığına şübhəm yoxdur. Bu, şəbəkələnmiş məsələdir. Düşünürəm ki, onlara öz dillərində deyil, arqumentli, konstruktiv məcrada cavab vermək lazımdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...