"İqtisadi inkişafın yaratdığı imkanlardan cəmiyyətin bütün təbəqələri bəhrələnir” MÖVQE-ÖZƏL

“Cari ilin əvvəlindən respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahat tədbirləri nəticəsində milli iqtisadiyyatımızda son illərin ən yaxşı göstəricilərinə nail olunub. Təkcə 2019-cu ilin birinci yarısında büdcə daxilolmaları 400 milyon manat civarında olub”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Cari ildə büdcə gəlirlərinin daha artıq məbləğdə təmin edilməsinin sosial sahədə islahatların dərinləşməsi üçün münbit şərait yaratdığını deyən deputat söyləyib ki, qazanılan əlavə gəlirlər ilk növbədə ölkə vətəndaşlarının sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına, onların gəlir imkanlarının artırılmasına yönəldilir: "Ölkənin iqtisadi qüdrətinin artırılması və sosial məsələlərin adekvat şəkildə həll edilməsi istiqamətində görülən işlər paralel şəkildə həyata keçirilir və bir-birini tamamlayır. Bu da Azərbaycanı unikal sosial-iqtisadi inkişaf modelinə malik ölkə kimi səciyyələndirir. Bütövlükdə, respublikamızda iqtisadi inkişafın yaratdığı imkanlardan, milli gəlirdən cəmiyyətin bütün təbəqələri bəhrələnirlər”.

R. Əliyev qeyd edib ki, iqtisadi sahədə əldə edilən mötəbər uğurların sosial sferaya transformasiyası ölkə başçısının bəyan etdiyi sosial iqtisadi kursun başlıca prinsipi olmaqla, cari ilin əvvəlindən etibarən vətəndaşların sosial təminatını əhəmiyyətli dərəcədə möhkəmləndirib: “2019-cu ilin əvvəlindən aktiv fazaya daxil olan sosial islahatlar paketi nəticəsində ölkə vətəndaşlarının rifahının daha da yaxşılaşdırılması Azərbaycan dövlətində aparılan sosial siyasətin alternativsiz olduğunun təsdiqidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə