Patruşev Yerevanda özünü necə aldatdı?

"Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev müxtəlif nazirliklərin və strukturların təmsilçilərindən ibarət böyük bir qrupla Ermənistanı təftişə gəldi. N.Patruşevin Ermənistana səfəri vacib səfər idi. Çünki Ermənistanda uzun müddətdən bəri davam edən rusofobiyanın kökü kəsilmir. Əksinə, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra formaca daha da zənginləşib. İkinci prezident Robert Koçaryan Ermənistanda anti-Rusiyaçılığı geosiyasi platformaya çevirdi; ABŞ-ın dünyada ikinci ən böyük səfirlik binası Koçaryanın şəxsi təşəbbüsü ilə tikilib. Üçüncü prezident Serj Sərkisyan anti-Rusiyaçılığı daha da inkişaf etdirdi; SSRİ-nin dağılmasında ermənilərin iştirakını rəsmən etiraf etdi. Çərkəz soyqırımının tanınmaı prosesini başlatdı. N.Paşinyanın siyasəti anti-Rusiyaçılığın davamı olduğu üçün nəticələr Rusiyaya təsir edir". Bunu SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, Paşinyan 2 baş məsləhətçisini və köməkçisini vəzifədən azad edib: "Bunlar əsasən iqtisadi bloku koordinasiya edən şəxslərdir. Son dövrlər Rusiyanın Ermənistandakı iqtisadi maraqları ciddi zərbə alır. “Qazprom”, “CQDY”, “Polimetal” və s. ilə baş verənlər bunu aydın şəkildə göstərir. Rusiyaya qarşı mübarizə üçün artıq iqtisadi faktorlardan da istifadə olunur. Gümrüdəki Rusiyanın hərbi bazası vergi pozuntusuna görə cərimələndi.

Bu səbəblərə görə görünür, Patruşevin təkidi ilə Paşinyan köməkçilərini vəzifədən azad edib. Amma bu, nəyisə dəyişmir; Paşinyanın beynəlxalq məsələlər üzrə keçmiş köməkçisi Arsen Xaratyan KTMT-nin imicinə zərbə vurdu. Paşinyan Kremlin təkidi ilə A. Xaratyanı vəzifədən azad etsə də Ermənistanın RF-ə imic zərbələri dayanmadı:

-Ermənistan nümayəndə heyəti AŞPA-da səsvermə zamanı Rusiyanı dəstəkləmədi.

- BMT Baş Məclisində Gürcüstana dair səsvermədə Ermənistanın mövqeyi RF-ə xəyanət idi.

-Ermənistan RF üçün təxribatçılar hazırlayan yuvaya çevrilib. Bütün bunlar göstərir ki, Paşinyanın köməkçilərini dəyişməsi onun Rusiyaya münasibətində nəyisə dəyişməyəcək.

Ona görə Patruşevin özünü aldatmasından söhbət gedə bilər. Patruşevlə görüş barədə Ermənistan Baş nazirinin mətbuat xidmətinin yaydığı məlumatla Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin yaydığı məlumatları müqayisə etməklə görmək olar ki, Paşinyan elə öz bildiyini edəcək. Paşinyanın mətbuat xidmətinin yaydığı məlumatda Rusiyanın Azərbaycana silah satması məsələsi də müzakirə olunduğu qeyd olunur. Rusiya tərəfi dəfələrlə izah edib ki, Azərbaycanın pulu var, silah alır. Rusiyadan almayacaq, İsrail, Türkiyə, Pakistan və yaxud hansısa

bir dövlətdən silah alacaqdır. Bununla belə N.Patruşevlə görüşü barədə yayılmış məlumatda bu parametrin salınması özü göstərir ki, Paşinyan Patruşevi aldadıb. Başqa sözlə, N.Patruşev Ermənistanda özünü aldatmaya məruz qalıb".

Bütün xəbərlər Facebook səhifəmizdə