"Ermənistanla sərhəddə bir sıra strateji yüksəkliklər tutulub" ELÇİN İBRAHİMOV

"Bir müddət əvvəl Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının tərkibində Qazax Əlahiddə Sərhəd Diviziyası yaradılıb, Azərbaycan-Ermənistan sərhədinin Qazax ərazisindən keçən hissəsində sərhəd hissələri tərəfindən xidmət təşkil edilib. Həmin ərazilərdə son aylarda gərginlik müşahidə olunub". SİA-nın məlumatına görə, bunu Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən mətbuat konfransında Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov deyib.

E.İbrahimov bildirib ki, Azərbaycan Prezidentinin qərarı ilə bir müddət əvvəl DSX-nin Sərhəd Qoşunlarının tərkibində Qazax Əlahiddə Sərhəd Diviziyası yaradılıb, Azərbaycan-Ermənistan sərhədinin Qazax ərazisindən keçən hissəsində sərhəd hissələri tərəfindən xidmət təşkil olunub. Son aylarda həmin ərazilərdə gərginlik müşahidə olunur. Bunun səbəbi Ermənistan silahlı bölmələri tərəfindən törədilən təxribatlar və onların Azərbaycan ərazilərinə doğru hərəkət etmək istəyidir. Bu cəhdlər nəzərə alınaraq, qabaqlayıcı tədbirlər görülüb. Bir sıra istiqamətlərdə strateji əhəmiyyətli yüksəkliklər, yeni mövqelər tutulub. Bu mövqelərin tutulması Ermənistan silahlı bölmələrinin döyüş postlarını və postlara gələn yolları nəzarətdə saxlamaq üçün daha optimal imkanlar yaradıb. Düşmən tərəfinin aramsız atəşi altında mühəndis işləri aparılıb. Bizim sərhəd döyüş məntəqələrinə şəxsi heyətin və nəqliyyatın təhlükəsiz hərəkət etməsi üçün yolların çəkilməsi tapşırıqları uğurla yerinə yetirilib. Bu müddətdə düşmən mövqelərindən mühəndis texnikamıza, yük maşınlarına, hətta hərbi tibb maşınlarına atəş açılıb. Nəticədə iki hərbi qulluqçumuz yaralanıb. Təxirəsalınmaz təxliyə tədbirləri nəticəsində onlar xilas edilib və hazırda sağlamlıqları üçün heç bir təhlükə yoxdur. Düşmənin döyüş mövqeləri adekvat cavab atəşi ilə susdurulub”.

Aparat rəhbər qeyd edib ki, DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb: "160 min 428 nəfər rejim pozucusu və 37 min 789 nəfər axtarışda olan şəxs saxlanılıb. Bu dövrdə külli miqdarda qaçaqmalın, o cümlədən 6 ton 372 kiloqram narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb".

Bütün xəbərlər Facebook səhifəmizdə