"Erməni əsgərlərinin Azərbaycan tərəfinə keçməsi..." MÖVQE-ÖZƏL

“Erməni əsgərinin Azərbaycan tərəfinə keçməsi ilk dəfə deyil və bunun bir sıra səbəbləri var. Düşmən ordusundakı özbaşınalıq, hərc-mərclik, nizamnamədənkənar davranışlar və digərləri səbəb yaradan əsas amillərdir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Düşmən ordusunda regionçuluqdan yaranan təfriqə olduğunu deyən politoloq söyləyib ki, Qarabağ və Ermənistan erməniləri arasında bir-birinə qarşı ayrı-seçkilik, nifrətin olması sirr deyil.

Onun sözlərinə görə, eləcə də, əsgərlərin maddi durumu və digər səbəblərdən şəxsi heyət arasında, zabitlərlə əsgərlər arasında daima münaqişə baş verir: “Düşmən ordusunda zorakılıq adi haldır, bu səbəbdən biz dəfələrlə gah orduda qiyam, gah da əsgər analarının etiraz mitinqlərinin keçirilməsi barədə xəbərləri eşidirik”.

N. Məmmədova söyləyib ki, erməni əsgərlərinin Azərbaycan tərəfinə keçməsinin başlıca bir səbəbi Azərbaycan dövlətinin və xalqının mahiyyətindən irəli gələn humanizm, beynəlxalq humanitar hüquqa riayət olunması, imzalanmış beynəlxalq öhdəliklərə sadiqlikdir: “Şərtlər nə olursa-olsun Azərbaycan dövləti heç bir zaman qəddarlıq, insan hüquq və azadlığının pozulması, milliyyətindən asılı olmayaraq şəxsiyyətin alçaldılması, ona qarşı nalayiq davranışı özünə rəva bilməyib, hətta müharibənin qızğın çağında belə ondan imdad diləyən düşmənə qarşı mərhəmətli davranıb. Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa, 1948-ci il Cenevrə konvensiyalarına ciddi riayət edir”.

Politoloq qeyd edib ki, Azərbaycan tərəfi öz ordusundakı zülmdən qaçıb ölkəmizə sığınan həmin ermənilərin əksəriyyətinin işğalçı ölkədə mövcud olan hazırkı yarımhərbi avtoritar rejimin girovları olduğunu anlayır: “Onlar zülmdən qurtulmaq, həyatda qalmaq ümidi ilə Azərbaycana pənah gətiriblər. Elə sonuncu dəfə ağ bayraq qaldıraraq tərəfimizə keçən əsgər Kazaryan da bədənindəki xəsarətlərlə bizə sığınıb. Azərbaycan ordusunda ona tibbi yardım göstərilir, müalicə edilir. Bu, misilsiz insanlıq nümunəsi, humanizmin bariz nümunəsidir. Çünki əgər düşmən belə sənə sığınıb imdad diləyirsə, ona mərhəmət göstərmək lazımdır. Kömək istəmək məzluma, mərhəmət göstərib yardım etmək güclüyə və ali düşüncəyə xas xüsusiyyətlərdir. Çox istərdik ki, beynəlxalq təşkilatlar bunu görsün, daima haqsız ittiham etdiyi ölkənin davranışını himanizm nümunəsi kimi qəbul etsin”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə