Azərbaycan və Rusiya arasında salınan dostluq körpüsü

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif olunub

Bu gün Azərbaycan dünya ölkələri ilə münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurub və bu əlaqələr bir çox sahələri əhatə edir. Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daimi diqqətdə saxlayır. Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən müqavilələr və sazişlər imzalanıb. Bu münasibətlər bu gün yeni müstəvidədir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə, mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə gətirib çıxarır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr və vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Təbii ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-birinə bağlayır. Dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da bu münasibətlərin inkişafında xidmətləri kifayət qədərdir. Elə bu günlərdə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə Rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının "Dostluq" ordeni ilə təltif olunub.
Humanist, xeyriyyəçi layihələrin təşəbbüskarı kimi nüfuz qazanan Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti və genişmiqyaslı layihələri ilə beynəlxalq aləmdə böyük nüfuza malikdir. O, təkcə Azərbaycanda deyil, bir sıra məkanlarda geniş aksiyalar həyata keçirir. Bu humanitar və mədəni tədbirlər, artıq beynəlxalq məkana bəlli olan həqiqətdir. Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasında "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi maraq doğuran və əhəmiyyətli tədbirlər sırasındadır. Layihə çərçivəsində müsəlman məscidləri ilə yanaşı, xristian kilsəsi də bərpa edilib, Azərbaycanda yaşayan yəhudi uşaqları üçün məktəb və mədəni mərkəz inşa olunub. Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpasında, bir sıra digər layihələrdə də təşəbbüskar olaraq iştirak edib. Bütün bunlar Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə ehtiva edir. Mehriban xanım Əliyevanın müsahibələrinin birində dediyi kimi, dünyəvi müsəlman ölkəsi olan Azərbaycan yalnız xristian aləminə aid müqəddəs yerlərin və tarixi-mədəni abidələrin bərpasında iştirak etmir, eyni zamanda, ümumdünya əhəmiyyətli abidələri bərpa edir. Bu, fondun həyata keçirdiyi mühüm siyasətidir. Heydər Əliyev Fondu xristian aləminin incəsənəti, mənəvi dəyərləri, onun mədəniyyətinin daha da nümunəvi tərzdə parlamasına öz töhfəsini verir. Azərbaycanda bütün dövrlərdə, ictimai-siyasi quruluşdan asılı olmayaraq, müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanların sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşadığını çıxışlarının birində bildirən Mehriban xanım Əliyeva "Bu gün də çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu, ən böyük sərvətlərdən biridir" deyib.

XALQLAR ARASINDA DOSTLUĞUN MÖHKƏMLƏNMƏSİNƏ SANBALLI TÖHFƏLƏR

Bu görülən işlərin məntiqi olaraq, bu cür mühüm layihələr Rusiyada da həyata keçirilir. Elə Moskvadakı Xilaskar İsa Məbədində Azərbaycanın Birinci vitse-prezidentinə Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilməsi də bu əməllərdən qaynaqlanır. Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Patriarx Həştərxanda olarkən, Mehriban Əliyevanın Rus Pravoslav Kilsəsinin Müqəddəs Mələksima Knyaginya Olqa ordeninə layiq görülməsi barədə qərar qəbul etmişdi. Qeyd edək ki, Knyaginya Olqa Rusiyanı xristianlaşdıran və vahid rus dövlətinin qurulmasında həlledici rol oynayan Knyaz Vladimirin nənəsi olub. 1988-ci ildə Rusiyada xristianlığın qəbul edilməsinin 1000 illiyi ilə əlaqədar təsis olunan Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlar təltif edilirlər. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva belə fəxri mükafata layiq görülməsindən və fəaliyyətinin bu cür yüksək qiymətləndirilməsindən xüsusi fərəh duyduyğunu bildirərək, qeyd etmişdi ki, 2013-cü ildə Müqəddəs Mələksima Knyaz Vladimirə abidə ucaldılması, bu abidənin açılışı bizim üçün xüsusi əhəmiyyət kəsb edir: "Bu abidənin yaradılması üzərində Azərbaycanın ən yaxşı rəssamları və memarları çalışıb. Onlar bir il ərzində bizim Rus Pravoslav Kilsəsinə dərin hörmət və ehtiramımızı ifadə edən möhtəşəm monument yaratdılar".
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2012-ci ilin sentyabrında Həştərxanda Rusiya-Azərbaycan Dostluq Körpüsü, 2013-cü ildə Rusiyanın Volqoqrad şəhərində "Volqoqrad-Bakı Dostluq Parkı" istifadəyə verilmişdir.
Onu da vurğulayaq ki, ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Azərbaycanın Birinci vitse-prezidenti Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə layiq görülmüşdü. Daha sonra "İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru" Diplomu və Xatirə nişanı ilə təltif edilib.

"BU GÜN AZƏRBAYCANDA RUS PRAVOSLAV KİLSƏSİNƏ MƏNSUB OLAN DİNDARLARIN SAYI 100 MİNDƏN ÇOXDUR"

Azərbaycan multikultural bir dövlət kimi dünyada tanınır. Tarixi İpək Yolunda yerləşən Azərbaycan ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyardır və ölkəmizdə multikulturalizm-alternativi olmayan həyat tərzinə çevrilib. Təsadüfi deyil ki, dünya dövlətləri Azərbaycanın bu sahədə öz təcrübəsini yaymasında maraqlıdır. Azərbaycan yüksək dəyərlərə malik olan multikultural cəmiyyətdir. Bu dəyərlər insanları sülhə və dostluğa səsləyir. Azərbaycanın Birinci vitse-prezidenti çıxışında Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı dövlət olduğunu bildirərək, qeyd etmişdi ki, multikulturalizm, qarşılıqlı hörmət xalqımızın dünyagörüşünün və Azərbaycan hökumətinin dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycan torpağında müxtəlif konfessiyaların, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələri əsrlər boyu sülh və həmrəylik şəraitində yaşayıblar: "Ölkəmizin ərazisində yaşayan bütün xalqların bu mədəni müxtəlifliyi, heç şübhəsiz, bizim sərvətimizdir. Bu sözlər, bütünlüklə, rus pravoslav icmasına da aiddir. Bu gün Azərbaycanda Rus Pravoslav Kilsəsinə mənsub olan dindarların sayı 100 mindən çoxdur".
AZƏRBAYCAN DOSTLUĞUN MÖHKƏMLƏNMƏSİNƏ, SÜLH VƏ ƏMİN-AMANLIĞA ÖNƏM VERİR
"Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq əsasında qurulur" deyən Mehriban Əliyeva müasir Azərbaycanda böyük rus ədəbiyyatına və mədəniyyətinə tükənməz marağın olduğunu da qeyd edir. Məktəblərdə rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb və ölkəmizdə təhsil prosesinin tamamilə rus dilində olduğu 300 məktəb, hətta 300-dən çox məktəb fəaliyyət göstərir. Paytaxtda Azərbaycan Dövlət Rus Dram Teatrı və Slavyan Universiteti fəaliyyətdədir. Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filiallarının açılması meyili yaranıb, Lomonosov adına Moskva Dövlət Universitetinin filialı, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı çox uğurla fəaliyyət göstərir. Bütün bunların Azərbaycanla Rusiya arasında uğurlu əməkdaşlığına nümunədir.
Bütün dünyada, eləcə də, islam dünyasında böyük hörmətə, nüfuza malik olan Azərbaycan birgəyaşayışa, qarşılıqlı əməkdaşlığa töhfələrini verir, prinsipial və ədalətli mövqeyi ilə seçilir. Dostluğun möhkəmlənməsinə, insani dəyərlərə, sülh və əmin-amanlığa, üstünlük verərək, sülsevər siyasətini dünyaya göstərir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə