"Mühacir biznesi" faktlarla ifşa olundu - VİDEO

Mirşahin əməliyyat çəkilişini yayımladı

Tanınmış telejurnalist, Real TV-nin rəhbəri Mirşahin öz müəllif proqramının sonuncu buraxılışında Avropa ölkələrinə siyasi mühacirlər göndərən mütəşəkkil dəstəni faktlarla ifşa edib. O, sensasion sayıla biləcək əməliyyat çəkilişini də yayımlayıb. SİA həmin hissəni öz oxucularına da təqdim edir:

Biz Sizi hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər çərçivəsində aşkarlanmış faktlarla tanış olmağa dəvət edirik. Söhbət Kanada, Amerika Birləşmiş Ştatları və Avropa ölkələrində siyasi sığınacaq alınması üçün müəyyən məbləğlərdə maliyyə vəsaiti qarşılığında saxta sənəd hazırlayan mütəşəkkil bir dəstənin mürəkkəb və çoxşaxəli fəaliyyətindən gedir.

Kimdir bunlar və nəylə məşğul olurdular: Əvvəl kimlikləri: Xanəli Əziz Əvəz oğlu, Sərdar İsgəndərov Yusif oğlu, Sərxan Abdullayev Ələddin oğlu, Şamil İbrahimov Mahmud oğlu, Zakir Əmirov Əjdər oğlu... və başqaları.Əməliyyat-axtarış tədbirləri davam etdiyindən başqaları haqqında hələ ki danışmırıq. Onların Bakı şəhərinin müxtəlif ünvanlarında yerləşən ofislərindən çoxlu sayda saxta sənədlər, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatlar, eləcə də müxalif yönümlü siyasi partiyalara, məsələn, AXCP və Müsavat-a məxsus möhür və ştamplar maddi sübut qismində götürülüb. Aparılmış araşdırmalar zamanı müəyyən edilib ki, dəstə üzvləri bu əməlləri bir sıra bizə bəlli olan konkret ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları ilə maddi maraq zəminində həyata keçirib. O da məlum olub ki, xarici ölkələrə göndərilmiş şəxslər guya Azərbaycanda təqib olunmaları, hüquq-mühafizə orqanları tərəfindən müxtəlif təzyiqlərə məruz qalmalarını əks etdirən saxta sənədləri Qərb ölkələrinin müvafiq dövlət orqanlarına təhvil verərək “siyasi mühacir” statusu alırlar.

Burda adını eşitdiyiniz Sərdar, Sərdar İsgəndərov, “Gəncliyin Elmi-Mədəni inkişafı” ictimai birliyinin sədridir. Qurumun kifayət qədər pozitiv, hətta işıqlı adı var. Bu qurumu axtarış səhifələrində axtarsanız, qarşınıza gəncləri xaricdə təhsil almağa dəvət edən bir ünvan çıxacaq. Məsələn, belə cazibədar suallarla. “Xaricdə təhsil alıb ölkənizə yüksək səviyyəli kadr kimi qayıtmaq istəyirsiniz? Amma necə və harda? Hansı sənədlər lazımdır, ərizə formasını necə doldurmalıyıq, bizdən nə tələb olunur? Hansı unversiteti seçək ki, diplomu Azərbaycanda tanınsın? Bu suallarla beyninizi yormayın, www.gemi.az Gəncliyin Elmi-mədəni inkişafı Təşkilatı GEMİ sizin üçün bütün işləri asanlaşdırır, sərfəli qiymətlərlə xidmətlər təklif edir. Və sair və ilaxır. Sonda isə belə bir siyahı təqdim olunur: Aşağıdakı ölkələrdən birini seçə bilərsiniz: Almaniya, Avstriya, Norveç, Polşa, Litva, İtaliya, Macarıstan, Çexiya, Ukrayna, qardaş Türkiyə...” Belə. Gəncliyin Elmi mədəni-inkişafı. Qısaca GEMİ. Amma bu gəmi hara üzür, hansı sularda lövbər salır. Bu GEMİ və onun yol yoldaşları “YES TRAVEL” Məhdud məsuliyyətli cəmiyyətinin sədri Sərxan Abdullayev, Əziz Xanəli bilməmiş deyildilər ki, doğru yolla üzmürlər və bir gün bata bilərlər. Amma üzürdülər. Mütəşəkkil dəstə şəklində birləşərək, 2017-ci ildən etibarən yaşamaq üçün xarici ölkələrə gedən və ya turizm səfərləri edən ayrı-ayrı Azərbaycan vətəndaşlarnın qanunsuz miqrasiyasını təşkil etmək məqsədilə xarici dövlətlərin səfirliklərindən qeyri-qanuni vizaların alınması üçün tələb olunan rəsmi sənədləri saxtalaşdırırmışlar. Belə deyək: çoxşaxəli bəd əməllərin yol xəritəsi. Qanun dilinə çevirsək belə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən törədilməklə dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, Qanunsuz Miqrasiyanın təşkilini mütəşəkkil dəstə tərəfindən törətmək, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, blankı hazırlama və ya sata, bilə-bilə saxta sənədlərdən istifadə etmə maddələri ilə başlanan cinayət işinin predmeti. Sadaladığım bu bəd əməllərin əlbəttə nə qədər ağır olduğu aydındır. Amma bütün bu dəhşətin, təhlükənin miqyasını izah etmək üçün bir az da vaxtınızı almalı olacam. Təhlükəli fəaliyyət coğrafiyasını dövlətin əksər mühüm strukturlarınadək uzadan mütəşəkkil qrup şər dahisi tək işləyib. Qarşılarına qoyduğu məqsədə çatmaq üçün lazım olan bütün dələduzluq infrastrukturu əllərinin altındadır. Necə deyərlər, məhdud bir məkanda, lap elə Vahid pəncərə yaradıblar. İstənilən sənədi hazırlamaq üçün istənilən dövlət qurumunun ixtiyarını imitasiya edə biləcək mexanizmə, alətlərə, avadanlıqlara malikdirlər. Təsəvvür edin: onlara kimisə siyasi mühacir kimi xaricə göndərmək lazımdır. Bəs xaricdə Siyasi mühacir kimi tanınmaq üçün nə tələb olunur? Tutaq ki, təzyiqə məruz qaldığını sübut edən arayış. Buyurun. Belə bir sənədi tərtib etmək üçün lazım olan hər növ imkan, zəruri blank forması, müvafiq möhür və ya ştamp var. Qalır imza qoymaq. O məsələ də öz həllini belə tapır:

Mütəşəkkil qrupun möhür, ştamp, blank və s. kolleksiyası zəngindir. Demək olar ki, Azərbaycan Respublikasının hər növ və müxtəlif təyinatı qurum və təsisatlarının ixtiyarı burda klonlaşdırılıb. 100-ə yaxın adda, möhürdə, ştampda, blankda... Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Baş Polis idarəsinin dairəvi möhürünə də, Xarici İşlər nazirliyi, Konsulluq İdarəsi-dairəvi möhürünə də, Azərbaycan Respublikası Azərbaycan Xalq Cəbhəsi Partiyasının dairəvi möhürünə də, Müsavat partiyasının Dairəvi möhürünə də malikdirlər. Burada əsasını bu gün Azərbaycandan kənarda dövlət əleyhinə çağırışlar edərək, hakimiyyəti zoraklılq yoluyla dəyişməyə, çevrilişə çağıran bədnam Qurban Məmmədovun qoyduğu “Hürriyyət” qəzetinin dairəvi möhürü də var. Təfərrüatlar, müasir fırıldaq kombinatorlarının əməl dairəsi barədə geniş açıqlamaları bir az gözləyəcəyik. Amma indi nümayiş etdirdiyimiz kadrlardan da görünür ki, özünü siyasi mühacir kimi təqdim edən potensial təhlükə daşıyıcıları hansı bətnlərdə doğulur, hansı yollarla vətənə asi olmağa gedirlər. Bu yalnız çirkli biznes, qeyri-qanuni pul qazanmaq, geniş miqyasda möhtəkirlik, insan qaçaqmalçılığına qanuni don geyindirmək cəhdi və bütün bunların həyata keçirilməsi üçün ASAN-a bənzər, amma tamam əks mahiyyətli, eybəcər, murdar, qara, çirkin məzmunlu qurum yaradanların adi dələduzluq anklavı deyil. Bu, Azərbaycan dövlətinə qarşı davamlı işləyən, dünyada yeganə sabit və inkişafda olan müsəlman dövlətinin içinə çaxnaşma, inqilab adı altında vətəndaş qırğını salmaqla, onu zəiflətmək, sonra da parça-parça hansısa dövlətlərin tərkibində əritmək planları cızan arxitektorların əlində alət olanların təhlükəli dəftərxana xəfiyyəçiliyi, çuğulçuluğudur. Bu şəbəkə əslində olmayan bir insanı dünyaya gətirə, ona vətəndaşlıq verə, istənilən ali məktəbdə oxuda, xaricə göndərə, geri qaytara, adına hesab aça, ağlınıza nə gəlirsə onu etdirə, sonra onu vətəndaşlıqdan məhrum edə, işləklərinin üzə çıxdığı təhlükəsi yaranarsa hətta öldürə də, qətlə yetirdə də, sadəcə vəfat etdirə də bilərdi. Təkrar edirəm, o adam dünyada olmaya-omaya. Bir binanın divarları arasında. Dəhşət və vəhşətlər bətni. Bax neçə vaxtdır ki, həyəcan təbili çaldığımız, sizi tanış etməyə çalışdığımız siyasi mühacir alverinin birinci piştaxtası buradır.

Təsadüfi deyil ki, siyasi mühacir alveri ölkənin özünü aparıcı hesab edən iki müxalifət partiyasının yaxından iştirakıyla həyata keçirilir. Ya da hələlik bizə yalnız bu iki partiyanın adı məlumdur. Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat. “Hürriyyət” qəzetinin də möhürünü əlavə etsək, dırnaqarası samballı kompaniya alınır. Xaos müxalifəti Azərbaycandan Avropaya siyasi mühacir ixrac etməyin kəsə yolunu burda tapıbmış. Onları Avropada gözləyirlər. Fırıldaq dəzgahının hazırladığı saxta məmulatları və ya məlumatları orada təmizə çıxaran təşkilatlar da var. Keçmişi şübhəli, bir sıra hallarda cinayətə bulaşmış azərbaycanlılar, azərbaycansızlar Bakıda aldıqları saxta statusları xaricdə təsdiqlətdirməkdən ötrü dövlət əleyhinə çıxışlar edir, vətəndaşları dövlət çevrilişinə çağırır, təhqirlərdən belə çəkinmirlər. Neçə vaxtdır ki, hüquq-mühafizə orqanları antidövlət müxalifəti siyasi mühacir adı altında əslində insan alveri ilə məşğul olmaqda şübhəli bilirdi, araşdırmalar aparırdı. İndi isə bəzi yekunları elan etmək olar. Şəbəkənin konturları artıq aydın görünür. Deməli, Azərbaycan Xalq Cəbhəsi və Müsavat mütəşəkkil qrupa hazırlatdığı “siyasi mühaciri” və ya mühacirləri xaricə göndərir. Hər belə oyuncaq mühacir samballı vəsaitdir. Bəzən hansısa potensial belə mühacir tələb olunan məbləğdən narazı qalır, dəvədən böyük fil var deyə, sifariş verən tərəfin özünə, Əli Kərimlinin xaricdəki piştaxtalarından birinin arxasında oturan dəllalına-Qənimət Zahidə birbaşa efirdə şikayət də edir.

Qənimətin gülüşünü bir kənara qoyaq. Amma müraciət edən şəxsin nitqindən aydın olur ki, o Əli Kərimlinin rəhbərlik etdiyi güruhun üzvüdür. Və faktlara istinad edir. Bəs siyasi mühacir biznesindən qazanılan nədir və o hansı məqsədlərə xərclənir. Əvvəla, Azərbaycan əleyhinə rəqib dövlətlərin tələblərinə uyğun fəaliyyət göstərən Sevinc Osmanqızı, Qənimət Zahid kimi ideoloji törəmələrə. Onların internet tv-lərinə. Eyni zamanda müəyyən təlimdən sonra dırnaqarası mühacirlər özləri də antiAzərbaycan ruporlara-internet tv-lərə, bloqerlərə təhvil verilir. Onların da dövlət əleyhinə fəaliyyəti nizama salınır. Qurulmuş sxemə uyğun olaraq Azərbaycan hədəf seçilir. Nailiyyətlərə istehza edilir, yalnız adi qüsurlar, və inkişf prosesini təbii müşayiət edən adi nöqsanlar qabardılır, vətəndaşda məmura kin-küdurət aşılanır, bolşevizmin baş xətti olan kasıbların varlılara qarşı qaldırılması tendensiyası təbliğ olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə