Əli Kərimlinin paxırını kim açır? MÜXALİFƏT

Razi Nurullayevin adamları ciddi şəkildə hücuma keçiblər

Özünü AXCP-nin sədri, Əli Kərimlini isə yalnız “Yurd” rəhbəri elan edən Razi Nurullayev və tərəfdarları son vaxtlar qarşı tərəfi “siyasi mühacir” alverində ittiham edirlər. Daha dəqiq desək, iddia budur ki, həmin alverlə əvvəllər Müsavat partiyası məşğul olurdu. Lakin müsavatçıların bazarlarına girib onların biznesinə yiyələnən Ə.Kərimli sonradan bütünlüklə bazarı əlinə ala bildi. Hətta indinin özündə bazar öz işindədir və AXCP sədri əlavə vəsaitlər əldə edir. Təbii ki, bu, rəqiblərdə həsəd və paxıllıq hisslərini coşdurur və Ə.Kərimliyə qarşı kəskin nifrət və aqressiya yaradır. R.Nurullayev liderliyindən imtina etdiyi Ə.Kərimlinin bütün “işlərini” təftiş edərək paxırlarını açıb tökür.

Ortada Qənimət Zahidin adı hallanır

Məsələn, bəlli olub ki, xarici ölkəyə göndərilən hər bir “siyasi mühacir” Əli Kərimliyə və ya onun şəbəkəsinə 3000 avro pul ödəməlidir. Bu minvalla o, “qaz vurub qazan doldurur. Həmin məlumatlardan birində deyilir ki, bir neçə il əvvəl Almaniyaya mühacirət edən Azər Məmmədli adlı bir sabiq “axecepeçi” AXCP sədrinin əsas ortaqlarından biri olan Qənimət Zahidin bəzi mühacirlərə qarşı qərəzli mövqe göstərməsindən, barələrində şər və böhtan yaymasından şikayətlənir. O bildirir ki, Almaniyadakı mühacirlərə qarşı törədilən əməllərdə Əli Kərimlinin “barmağı” var.

Digər tərəfdən, A.Məmmədli bildirib ki, zaman-zaman Köln şəhərində tədbirlər keçirilir və həmin tədbrilərdə iştirak edən cəbhəçilər “Yurd” şefindən imtina edib, R.Nurullayevin bayrağı altına keçəcəklərini bildirirlər: “ Biz hamımız Razi Nurullayevə dəstək nümayiş etdirəcəyik. Biz o tədbirdə Əli Kərimlini tanımadığımızı rəsmən bəyan edəcəyik. Çünki o saxtakardır və yalnız öz şəxsi maraqlarını güdür.”

Yaxın günlərdə hər kəs onları görəcək və Əli Kərimlinin, onun dəstəsinin hansı işlər gördüyünün şahidi olacaqlar

Artıq “Yurd” rəhbəri Ə.Kərimli və dəstəsi indi Almaniyaya göndərdikləri “siyasi mühacirlərlə” qarşılaşmalı olublar. Ancaq “narazılara” qarşı əllərində heç bir dəlil-sübut olmadığından aciz vəziyyətdə qalıblar, çünki onların qabağında gözükölgəlidirlər. Q.Zahid və digərlərinin gücü yalnız “üzlərinə qayıdan şəkkakları” sosial şəbəkələrdə nüfuzdan salmaq üçün şər və böhtan yaymağa çatır. Ancaq qarşı tərəfdən təpki gələn kimi “bağışlayın, səhv olub” deyirlər.

Əli Kərimlinin AXCP-ni dəstəsini tərk edən A.Məmmədli onun barəsində mətbuata deyib ki, “Onun üçün kimin mühacir olması önəmli deyil. Təki pulunu qazansın. Mənim əlimdə Ə.Kərimli və Q.Zahidin “fəaliyyətlərini” sübut edəcək bir çox sənədlər, faktlar var. Yaxın günlərdə hər kəs onları görəcək və Ə.Kərimlinin, onun dəstəsinin hansı işlər gördüyünün şahidi olacaqlar.”

Keçmiş AXCP-çi vurğulayır ki, onlar Almaniyada da Azərbaycanın mövqelərinə ləkə gətirəcək əməllərlə məşğul olurlar. Ə.Kərimlinin vaxtilə saxta partiya bileti və “mühacir statusu” satdığı adamlar indi onun özünü çox ucuz “satırlar.”

Beləliklə, fakt budur ki, “siyasi mühacir” məsələsi get-gedə şişir və bu məsələnin görünməyən tərəfləri daha açıq şəkildə üzə çıxır. Ən azından, AXCP sədri Ə.Kərimlinin əli ilə Avropaya köçənlər, artıq onun bütün paxırlarını açıb ortaya tökürlər. Bu məsələdə R.Nurullayevin sədri olduğu AXCP isə ciddi şəkildə qarşı tərəfə savaş açıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə