"DİN və Media" mövzusunda konfrans keçirilib TƏDBİR

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakıda Milli Mətbuat Gününə həsr olunmuş “Din və media” mövzusunda konfrans
keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və

Azərbaycan Mətbuat Şurasının rəhbərliyi, Milli Məclisin deputatları, media təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Komitə sədri Mübariz Qurbanlı iyulun 23-də Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il ötdüyünü xatırladaraq bildirib ki, düşmən qüvvələri digər rayonlarımızda olduğu kimi, Ağdamda da bütün tarixi, dini abidələri məhv edib, 17 məscidi tamamilə dağıdıb. Daha sonra Ağdamda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Mətbuatın yaranma və inkişaf tarixinə nəzər salan M.Qurbanlı bildirib ki, ümummilli lider Heydər Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələrinə hər zaman xüsusi diqqət və qayğı göstərib.

O, hazırda Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkə mətbuatının daha da inkişafı məqsədilə həyata keçirdiyi tədbirlərdən söz açıb. Qeyd edib ki, Azərbaycan müstəqillik
əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də inkişaf və tərəqqi əldə edilib.

Komitə sədri dini radikal qruplara qarşı ideoloji sahədə mübarizənin gücləndirilməsində, dini xurafata qarşı təbliğatda medianın önəminə də toxunub. Bildirib ki, ölkədə ictimai-siyasi sabitliyin qorunmasında hüquq-mühafizə orqanları ilə yanaşı, kütləvi informasiya vasitələrinin də rolu çox önəmlidir. Mediada milli maraqlar məsələsində həmrəyliyi görürük, bu da vacib məsələlərdən biridir. M.Qurbanlı qeyd edib ki, Azərbaycan dini tolerantlıq, multikultural dəyərlərin qorunması baxımından nümunəvi bir ölkədir, amma bəzi qrup və dairələr xaricdə sosial şəbəkələr vasitəsilə yanlış məlumatlar yaymağa cəhd edirlər.

Bunun qarşısını almaq üçün bizim qrupumuz fəaliyyət göstərir və bu cür informasiyalar olduqda bunların yanlış olması barədə ictimaiyyət məlumatlandırılır.

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan xalqının və cəmiyyətinin həyatında mətbuatın çox böyük rol oynadığını deyib. O qeyd edib ki, Azərbaycan mətbuatı hər zaman milli və dini dəyərlərə hörmətlə yanaşıb. Azərbaycan mətbuatı nəinki İslam dininə, bütün dinlərə hörmətlə yanaşır və bu sahədə üzərinə düşən missiyanı layiqincə yerinə yetirir.

Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov Milli Mətbuat Günü münasibətilə Şeyxülislam Allahşükür Paşazadənin təbriklərini çatdırıb. O bildirib ki, QMİ bu cür tədbirlərin keçirilməsində maraqlıdır, çünki qurum olaraq əsas nizamnamə vəzifələrindən biri də İslam dininin təbliğ olunmasıdır. Bu baxımdan,
KİV-in müstəsna rolunun olduğunu bildirən Simran Həsənov vaxtaşırı düzgün, əsaslandırılmış, İslamın humanitar ideyalarına uyğun məlumatların cəmiyyətə ötürülməsini yüksək qiymətləndirib. Aparat rəhbəri İslam dinində sözə, qələmə verilən yüksək dəyəri Quran-i Kərim surəsi ilə əsaslandırıb. O bildirib ki, QMİ öz fəaliyyət sahəsində KİV ilə işgüzar əlaqələr qurur və mətbuatın köməyi ilə üzərinə düşən əsas vəzifələrin icrasını yüksək səviyyədə həyata keçirməyə çalışır.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin mətbuata, jurnalistlərə göstərdiyi diqqət və qayğıdan söz açıb. O bildirib ki, Milli Mətbuat Günü münasibətilə dövlət başçısının Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat vəsait ayırması jurnalistlərin əməyinin yüksək qiymətləndirilməsinin sübutudur.

Daha sonra çıxış edən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə dini radikalizmə qarşı mübarizə, milli-mənəvi, o cümlədən dini dəyərlərin, multikultural və
tolerant ənənələrin qorunması və təbliği istiqamətində mətbuatın üzərinə düşən vəzifələr barədə danışıblar.

Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının Milli Mətbuat Günü münasibətilə yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında elan etdikləri “Din və media” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...