Məqsəd peşəkar media resurslarının formalaşdırılmasıdır

İlham Əliyev: "Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır"

Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanın inkişaf dinamikası milli informasiya resurslarından da yan keçməmiş, onların ümumdünya informasiya şəbəkəsindəki çəkisini artırmış və rəqabət qabiliyyətini yüksəltmişdir. Ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması istiqamətində dövlətimiz tərəfindən ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Elə Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə imzaladığı "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında" 22 iyul 2019-cu il tarixli Sərəncamı dövlətimiz tərəfindən mətbuata ayrılan diqqətin və göstərilən qayğının növbəti bir nümunəsidir.

Sərəncama əsasən, Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 (bir) milyon manat ayrılıb. Qeyd edək ki, dövlətimiz tərəfindən qəzetlərə ayrılan diqqət və qayğı sistemli və davamlı xarakter daşıyır. "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında" 16 iyul 2018-ci il tarixli Sərəncamı da dövlətimiz tərəfindən mətbuata ayrılan diqqətin və göstərilən qayğının bir nümunəsi idi. Məlum Sərəncamla Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 (bir) milyon manat ayrılmışdı.

Təbii ki, Azərbaycanda söz azadlığının bərqərar olunması və onun əsas daşıyıcısı olan müstəqil mətbuatın yaradılması Ulu Öndər Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Azərbaycan müstəqilliyini qazandıqdan sonra yeni demokratik mətbuatımız azadlıq və müstəqillik dəyərlərinin təbliğatçısına çevrildi. 1993-cü ildən başlayaraq, KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində, gerçəkləşdi. Ulu Öndərin KİV-in maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi, sərbəst fəaliyyət üçün əlverişli şərait yaradılması ilə bağlı həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər milli mətbuatımızın tarixinin mühüm faktlarıdır. Ulu Öndər Heydər Əliyev ölkəmiz müharibə şəraitində yaşasa da, əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə, bütövlükdə, KİV üzərində dövlət senzurasını ləğv etdi. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bu Fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verdi.

Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi-iqtisadi və hüquqi dayaqlarının möhkəmlənməsi prosesi sürətləndikcə, Azərbaycan dövləti söz və mətbuat azadlıqlarının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində yeni-yeni addımlar atır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Söz və mətbuat azadlığını yüksək qiymətləndirən ölkə Prezidenti çıxışlarının birində "Bütövlükdə, söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir" deyərək, söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulmasının Azərbaycanda çox vacib olan məsələlər olduğunu qeyd edib: "Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir".

Dövlət başçısı İlham Əliyevin səyi ilə qəzet-jurnalların maliyyə-təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradılıb, onların borcları ləğv edilib. Ölkəmizdə mətbu nəşrlərin sərbəst fəaliyyətinə və jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə bütün imkanların yaradılmasına tam şərait var. 2005-ci il 21 iyul tarixində "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", habelə, "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymətin təzahürüdür. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə, təsdiqləyib ki, ölkəmizdə mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Sərəncamı da, məhz konsepsiyada əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından, mühüm əhəmiyyət kəsb edir.

Jurnalistlərin mənzil probleminin həlli üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan maliyyə vəsaitlərinin ayrılması da mətbuata yüksək diqqət və qayğının bariz təcəssümüdür. Bütün bunlar, həm də təsdiqləyir ki, Azərbaycan hakimiyyəti bu sahədə həyata keçirilən islahatları demokratikləşmə prosesinin mühüm tərkib hissəsi kimi dəyərləndirir.

Göründüyü kimi, Azərbaycan dövləti azad söz, azad mətbuat problemlərini, tam mənada, həll etməyi qarşıya məqsəd qoyub və bu istiqamətdə zəruri addımlar atılır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən, bütün sahələrdə olduğu kimi, milli mətbuat da diqqətdə saxlanılır və həssaslıqla yanaşılır. Bütün bunlar Azərbaycan Prezidentinin kütləvi informasiya vasitələrinə, jurnalist peşəsinə və əməyinə verdiyi yüksək qiymətin göstəriciləridir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...