Azərbaycanın turizm sektoru inkişafdadır

"Şahdağ" Kurortu Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin yay mövsümündə fəal istirahət üçün dağ kurortları reytinqində ilk beşliyə daxil edilib

Ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, hüquqi-normativ aktların qəbul edilməsi və müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülməkdədir. Son illər həyata keçirilən sosial-iqtisadi yönümlü layihələr, dövlət proqramları, siyasi sabitlik, qısa zamanda, dövlətin simasında dəyişikliklərin yaranmasına gətirib çıxardı. Ölkədə yüzlərlə turizm şirkətinin fəaliyyəti, turizm marşrutlarının yaradılması, beşulduzlu otellərin istifadəyə verilməsi, eləcə də, peşəkar kadrların hazırlanmasına diqqətin artırılması və s. Azərbaycanın turizm ölkəsi tək tanınmasında əsas amillər sırasındadır.
Respublikamızın turizm imkanlarını təbliğ etmək məqsədi ilə həyata keçirilən tədbirlər sırasında turizm imkanlarını əks etdirən reklam-çap məhsullarının hazırlanması da qeyd olunmalıdır. "Turistlər üçün məlumat" kitabçası, "Azərbaycanın otelləri", "Azərbaycanın tarixi və arxitektura abidələri", "Bakının teatr və muzeyləri" bukletləri, "Azərbaycan" və "Bakı" fotoalbomları, "İpək Yolu", "Xalçaçılıq" kitabçaları, Azərbaycanın, Şuşanın və Qarabağın turist xəritələri, "Azərbaycana Xoş Gəlmisiniz" CD diski və DVD formatda 10-20 dəqiqəlik filmlər və s. ölkəmizin turizm imkanlarının təbliğində əsas yerlərdən birini tutur.
Mövcud olan irəliləyiş və nailiyyətlər dünyanın hər bir qitəsindən olan turistləri Azərbaycana gətirir. Təbiətinin gözəlliyi ilə diqqəti cəlb edən regionlarımız, paytaxtımızın əsrarəngiz gözəlliyi, Dövlət Bayrağı Meydanı, "Bakı Kristal Zalı", son 2 ildə ölkəmizdə 5 beynəlxalq brendli beşulduzlu hotelin istifadəyə verilməsi və digər müasir tikililər saysız insanları bu məkana cəlb edir. Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi istiqamətində əldə olunan irəliləyişlər, bu gün ölkəmizi dünyada tanıda bilib.
Ölkəmizdə yay turizmi ilə yanaşı, qış turizm bazasının yaradılması mövsümlük anlayışını aradan qaldırmaqla, davamlı turizmə nail olmağa şərait yaratdı. Belə ki, turizm sahəsində məqsədli şəkildə həyata keçirilən layihələr qış turizminin inkişafına da yeni yollar açdı. "Şahdağ" Qış-Yay Turizm Kompleksinin yaradılması Azərbaycanın qış turizminin inkişafında uğurlara gətirib çıxardı. Kompleksin ərazisi ekoloji təmizliyi, flora və faunasının zənginliyi ilə seçilir. Bu turizm obyekti dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdədir. Turizm kompleksinin əsas hissəsi isə, dəniz səviyyəsindən 1440-1640 metr yüksəklikdəki yaylaqda yerləşir. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən biri olan "Şahdağ" Qış-Yay Turizm Kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir. Bu layihənin reallaşdırılması respublikamızda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açmışdır.
Azərbaycan tarixində ilk dağ-xizək kurortu olan "Şahdağ" Qış-Yay Turizm Kompleksinə daxil olan "Qaya" və "Zirvə" mehmanxanalarının açılışı turistlərin istirahətinə geniş imkanlar açdı. "Zirvə" otelində - 40 nömrə, personal üçün 3 otaq, restoranlar, bar, kafe, pab, bilyard zalı, mağazalar, konfrans zalı, xizək avadanlıqlarının icarəsi, xizək məktəbi, tibb məntəqəsi, avtomobil dayanacağı və sair obyektlər mövcuddur. "Qaya" otelində isə 62 nəfər turistin yaşayışı üçün nəzərdə tutulan 26 nömrə, fitnes klubu, restoran, bar, kafe və sair obyektlər mövcuddur. Kompleksdə xizək enişlərinə qalxmaq üçün 4 ədəd asma kanat yolu və xüsusi olaraq, kiçik yaşlı xizək sürənlər üçün xalı-yolu mövcuddur. Belə imkanlara malik olan məkan Rusiyanın "TurStat" Analitik Agentliyi tərəfindən aparılmış araşdırmaların nəticələrinə görə, Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin yay mövsümündə fəal istirahət üçün dağ kurortları reytinqində kurortların ilk beşliyinə Azərbaycandakı "Şahdağ" Kurortu da daxil edilib.
İlk onluğa "Şahdağ" ilə yanaşı, "Krasnaya Polyana" (Soçi), "Çimbulak" (Almatı, Qazaxıstan), Krım dağları, "Dombay" (Qaraçay-Çərkəz Respublikası), "Katun" (Dağlıq Altay), "Prielbrusye" (Kabarda-Balkar), "Şereqeş" (Kemerovo vilayəti), "Xibin" (Murmansk vilayəti) və "Karakol" (Qırğızıstan) da daxildir.
Dağ kurortlarının reytinqi onların populyarlıq, infrastrukturun inkişaf dərəcəsi və nəqliyyat üçün münasibliyi əlamətlərinin təhlili əsasında təhlil edilib.
Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə "Şahdağ" Milli Parkının ərazisində yerləşən "Şahdağ" Qış-Yay Turizm Kompleksi müasir tələblərə cavab verir. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, "Şahdağ" Qış-Yay Turizm Kompleksinə çəkilən avtomobil yolu genişləndirilmiş, yeni körpülər salınmış, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilmiş və digər müvafiq işlər görülmüşdür.
Görülən işlər, bizə deməyə əsas verir ki, Azərbaycan bənzərsiz turizm imkanları ilə dünyanın diqqət mərkəzində hər zaman olacaqdır. Turistlərin sayında ilbəil artım müşahidə olunur ki, 2020-ci ilədək ölkəmizə gələn turistlərin sayının ildə 5 milyon nəfərə çatdırılmasının, qarşıya məqsəd olaraq qoyulması da, elə bu gerçəkliklərdən qaynaqlanır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...