Ölkəmizdə narkomaniyaya qarşı mübarizə gücləndirilir

Dövlət başçısının Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi görülən işlərin davamıdır

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Onun yaratdığı problemlər cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarır. Eyni zamanda, cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir. Bu baxımdan, dünya dövlətləri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını daha da təkmilləşdirir, habelə, beynəlxalq səviyyədə müvafiq nəzarət sisteminin tətbiqi sahəsində səylərini artırırlar. Ölkəmizdə də narkomaniyaya qarşı mübarizə sahəsində dövlət tərəfindən atılan addımlar öz müsbət nəticələrini verməkdədir. Bu sahədə fəaliyyət, ardıcıl olaraq, davam etdirilir və daha da genişləndirilir. Belə ki, "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 26 avqust tarixli Fərmanı narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdə mühüm bir Sənəd oldu. Daha sonra, davamlı olaraq, bu sahədə tədbirlər icra olundu. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli Fərmanı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı", 2007-ci il 28 iyun tarixli Sərəncamla "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı (2007-2012-ci illər üçün)", 2013-cü il 24 iyun tarixli Sərəncam ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı" təsdiq edilmiş və uğurla həyata keçirilmişdir. Dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirməkdən ibarət olan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində dövlətin strateji kursunun əsasları müəyyən edilmişdir. Respublikada narkotiklərin qanunsuz dövriyyəsi, narkomanlıqla mübarizə sahəsində bir sıra təşkilati-hüquqi, institusional, əməli-praktiki tədbirlər həyata keçirilmiş və narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirak daha intensiv xarakter almışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi görülən işlərin davamıdır.
Dövlət Proqramının məqsədi respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınmasıdır. Eyni zamanda, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi də nəzərdə tutulub.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və onlardan sui-istifadə ilə əlaqədar mübarizə tədbirlərini daha da gücləndirmək məqsədilə aidiyyəti qurumların əməkdaşlığının möhkəmləndirilməsi və qarşılıqlı fəaliyyətinin təmin edilməsi nəzərdə tutulub. Tədbirlər planına uyğun olaraq, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti Dövlət Sərhəd Xidməti icraçı orqanlar olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və onlardan sui-istifadə ilə əlaqədar mübarizə tədbirlərini daha da gücləndirmək məqsədilə aidiyyəti qurumların əməkdaşlığının möhkəmləndirilməsi və qarşılıqlı fəaliyyətini təmin edəcək. Narkoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması, narkoloq və tibbi psixoloqların, narkoloji müalicə müəssisələrinin sayının artırılması, reabilitasiya mərkəzlərinin yaradılması isə səhiyyə Nazirliyinə həvalə olunub. Səhiyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası narkotikdən sui-istifadə edənlərin aşkarlanması metodlarının təkmilləşdirilməsi ilə bağlı tədqiqatlar aparacaq. Beynəlxalq, eləcə də, profilaktika, müalicə, reabilitasiya, maarifləndirmə və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bütün bu və ya digər tədbirlərin icrası narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində mühüm addımdır.
Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...