Küçə təfəkkürlü Paşinyanın küçə siyasəti onun özünü tora salıb

Erməni xalqı ötən il "küçə demokratı" Nikol Paşinyanı hakimiyyətə gətirərkən, elə zənn etdi ki, küçədən xalqla "bir olubsa", hər şey yaxşı olacaq. Ancaq sən saydığını say, gör sizin küçədən gətirdiyiniz küçə təfəkkürlü Nikolunuz nə sayacaq? Dövlət siyasətindən xəbərsiz olan Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən erməni xalqı əvvəlki illərə yalvarır. 2019-cu ilin işğalçı ölkəyə bahalaşma ilə qədəm qoyması, ilk gündən özünü göstərdi. Bu gün cari ilin 8 ayını yaşayan Ermənistanda həm siyasi, həm də iqtisadi vəziyyət gərgin olaraq qalmaqdadır. Bunun əsas səbəbi isə, Nikolun fəaliyyətə başladığı ilk gündən, Rusiyaya qarşı sərsəm bəyanatlar ünvanlaması olub. Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikola dəfələrlə xəbərdarlıq ismarıcları və mesajları göndərməklə, ona bu oyunlardan əl çəkməyi bildirdisə də, Paşinyan yenə də sərsəm bəyanatlar verməkdən çəkinmədi. Belə bir atalar sözü var: keçinin buynuzu qaşınanda, çobanın çomağına sürtünər. Elə, bu səbəbdən də, V.Putin Yeni il münasibətilə bütün MDB ölkələri prezidentlərinə, o cümlədən, baş nazir əvəzi Paşinyana deyil, Ermənistan prezidenti Armen Sarkisyana təbrik göndərdi. Üstəlik, Ermənistanın eks-prezidentləri - Serj Sarkisyanı və hətta həbsdə olan Robert Koçaryanı da təbrik etdi. Elə o gündən də, Paşinyan hakimiyyətinin kritik günləri başladı.

Ermənistan - iflasdan-iflasa

Məhz elə, bu səbəbdən də, Moskva səfərlərindən həmişə əli ətəyindən uzun qayıdan Paşinyan başqa münasibət də görə bilməzdi. Ancaq Paşinyan anlamadı ki, Rusiya Ermənistanın davranışlarına ona görə dözür ki, regional maraqlarını qorusun, keçmiş SSRİ məkanında əsas söz sahibi olmaq kimi qüdrətini, Cənubi Qafqazın təhlükəsizliyinin ondan asılı olduğunu nümayiş etdirsin və sairə. Bir sözlə, bütün bu situasiya, bir daha onu göstərir ki, Paşinyan iqtidarı üçün, artıq kritik günlər elə 2019-cu ilin ilk günlərindən başlayıb, ilin sonuna kimi davam edəcək.
O zaman xalq yenidən ağır sosial tələblərlə etiraz aksiyalarına çıxacaq, necə ki, bu gün də Ermənistanda aksiyalar davam etməkdədir. Paşinyan isə, hələ də Qərbin sözdə verdiyi vədlərinə inanır. Kreml isə, çalışır ki, Paşinyanın qərbpərəst siyasətinin qarşısını alsın. Ancaq bu, bir faktordur ki, bu ölkədə əsaslı islahatlar mümkün deyil. Çünki bu ölkə işğalçı siyasətinə görə blokadada olan ölkədir və Rusiyanın forpostudur. Bu baxımdan, Yerevanın Moskvaya qarşı demarşı, ona baha başa gələ bilər.

Paşinyan böyük güclərin və erməni lobbisinin oyuncaq lideri

Politoloqların sözlərinə görə, bu gün işğalçı Ermənistanın sosial-iqtisadi cəhətdən vəziyyətinin daha da pisləşməsinin səbəbi, məhz liderlərin istər siyasi, istər iqtisadi, istərsə də hərbi sahədə savdsızlığıdır. Bu baxımdan, Nikol Paşinyanın və Serj Sarkisyan bu deyilən sahələrdə eyni səviyyəyə malikdirlər. Nikol Paşinyan baş nazir seçilərkən, xalqa müraciətində demişdir ki, bundan sonra Ermənistan iqdisadiyyatı yüksələn xətlə inkişaf edəcək və bütün sferalarda islahatlar aparılacaq. Ancaq Paşinyanın hakimiyyət dönəmini təhlil edən siyasi şərhçilər və araşdırmaçı erməni yazarlar, ölkədə heç bir inkişaf və islahatların getmədiyini qeyd edir. Sabiq prezident Serj Sarkisyanın dövründən qalan tənəzzül, iflas, korrupsiya və bürokratik əngəllər bu gün də davam etməklə, geridə qalmış ölkəni uçuruma aparır və bu gün Rusiyanın köməyi hesabına yaşadığı sirr deyil.
Bir sözlə, acınacaqlı siyasi situasiya ilə üzləşən N.Paşinyan, necə deyərlər, Ermənistanı iflasdan-iflasa sürükləməkdədir. Ona görə də, Ermənistanın bir çıxış yolu var: nə qədər ki, Ermənistan Azərbayanın işağal altındakı torpaqlarını azad etməyəcək, bir o qədər ağır iqtisadi və siyasi mərhumiyyətlərə və məşəqqətlərə düçar olacaq. Və görünür, hələ də N.Paşinyan bunu anlamaq istəmir. Çünki müstəqil deyil, böyük güclərin və erməni lobbisinin əlində bir oyuncaqdır. Qondarma gedişlər etməklə, bu ölkə, itirməkdə olan siyasi imicini möhkəmləndirməyə çalışır.
Ümumiyyətlə, real vəziyyət, onu sübut edir ki, Ermənistanın bir dövlət olaraq, mövcudluğu və gələcəyi Dağlıq Qarabağ amilindən asılıdır. Çünki bu dövlətin gələcəyi Azərbaycanla qonşuluq prinsiplərinə əməl etməkdən, daha doğrusu, Ermənistanın sosial bəlalardan xilas yolu rəsmi Bakıdan keçir.

Boş vədlər və sözçülüyün "real töhfələri"

Paşinyanın "Aravot" qəzetinə veriyi müsahibəyə diqqət edin: "Son 20-25 ildə Rusiya müxtəlif müqavilərlə bizim suverenliyimizi bizdən yavaş-yavaş geri alır. Biz nə görürük: bəli, bu, beynəlxalq təcrübədə belə qəbul edilib. Nə qəbul edilib? Bu razılaşmalar nədən ibarətdir? Rusiya gəlib bizə verdiyi "İsgəndər" raketlərinin yerində olub-olmadığını, onların nəzərdə tutulan məqsəd üçün istifadə edilib-edilmədiyini yoxlamalıdır? Bu nəzarət mexanizminə görə, biz "İsgəndər"dən istifadə edərkən, bizə icazə verilib-verilmədiyini dəqiqləşdirməliyik".
Belə bir bəyanatı, həmin silahları öz vəsaiti hesabına və bir neçə mənbədən əldə edə bilən ölkə rəhbərləri belə, səsləndirmir. Əgər Rusiya silahı olmasaydı, Ermənistanın harada və necə olacağı barədə heç kim zəmanətli proqnoz verə bilməzdi.
Əgər Koçaryan hakimiyyəti dövründə öz rəqiblərini rahatlıqla əzirdisə, Sarkisyan isə əlavə düşmən qazanmamaq üçün onların vəzifələrini və ya mövqelərini dəyişdirməklə (bəlkə də Şahmat Federasiyanın prezidenti olması ilə əlaqəli idi, ona hərdən "şahmatçı" da deyirdilər) kifayətlənirdisə, Paşinyan, fərqli olaraq, rəqiblərindən də yararlanmağa, onları öz tərəfinə çəkməyə çalışır.

"Küçə demokratı, yalana son qoy!"

Beləliklə, bu gün Ermənistan sosial problemlərin məngənəsində boğulamaqdan xilas olmaq üçün çıxış yolunu etiraz aksiyaları keçirməkdə görür. Göründüyü kimi, Sarkisyan-Paşinyan, eyni əqidəli və eyni xislətlidirlər. Əgər Sarkisyanın istefa ərəfəsi günlərini erməni xalqı "Talana, yalana son qoy, Sarkisyan!" şüarı ilə çıxış edirdilərsə, indi də Payinyana "Küçə demokratı, yalan vədlərə son qoy!" şüarını səsləndirirlər. Erməni mətbuatının yazdığına görə, ölkədə yaranmış ağır durumla bağlı erməni ekspertləri bildirirlər ki, hər şeyin bir sonu olduğu kimi, Paşinyanın da oyunbazlığının sonunun zamanı gəlir: "Paşinyan küçə təfəkkürü ilə apardığı siyasətin qurbanı özü olacaq".
Bir sözlə, acınacaqlı siyasi situasiya ilə üzləşən N.Paşinyan, necə deyərlər, Ermənistanı iflasdan-iflasa sürükləməkdədir. Bu faktdır ki, Ermənistanın heç bir sərvəti olmayan, qonşu ölkələrlə iqdisadi potensialı olmayan və nədən qazanıb iqdisadiyyat quracağı bəlli də deyil.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə