"Mediamız milli maraqları layiqincə təmsil edə bilir" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycanda ilk milli mətbuatın yaranmasından ötən 144 il ərzində keçilən şərəfli yola nəzər salanda milli qələm sahiblərimizin xalqımızın hərtərəfli inkişafında oynadığı əvəzsiz rol göz önünə gəlir. İlk növbədə qeyd etmək lazımdır ki, olduqca şərəfli tarixdir. Bu tarix həmçinin, xalqımızın intellektual və mədəni səviyyəsinin təcəssümüdür". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, mətbuatda olmaq xalqı məlumatlandırmaq, informasiya ilə təmin etmək və hadisələrə doğru, düzgün və obyektiv münasibət bildirmək və beləliklə də, ümumi inkişafa dəstək missiyasıdır: "Vaxtilə böyük Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş Azərbaycan mətbuatı eyni zamanda şərəfli bir yol, böyük inkişaf mərhələsi keçmişdir. Mətbuatımızın keçdiyi hər zaman kəsiyində görkəmli qələm, söz sahibləri olub.

Mən xüsusulə müstəqilliyimizin bərpasından sonra mətbuatımızın keçdiyi yolu, onun müstəqilliyimizin möhkəmləndirilməsi prosesində rolunu qeyd etmək istəyərdim. Bu dövr mətbuatımız üçün də xeyli gərgin və çətin dövr olub. Ümummilli lider Heydər Əliyevin sayəsində mətbuatın üzərindən senzura götürülüb, onun tövsiyyəsi ilə məmurların mətbuata münasibətində xeyli yumşalma baş verib. Bu xüsusilə sifarişli və qərəzli yazan mətbuata münasibətdə müşahidə edilib. Yazılı mətbuatın - qəzet və jurnalların dövlətə olan borcu silinib.

Sonrakı dönəmdə Prezident İlham Əliyev tərəfindən jurnalistlərə qayğı yeni mərhələyə qədəm qoyub. Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu yaradılmaqla bu sahədə xüsusi bir qayğının əsası qoyulub. Artıq bir neçə ildir mətbuat işçilərinə daha bir dövlət qayğısının əsası qoyulub. Dövlət tərəfindən jurnalistlərimizin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə milli mətbuat günündə ölkə rəhbərinin iştirakı ilə ən müsair, təmirli mənzillər qələm sahiblərinə verilir. Həmçinin, milli mətbuat günü ərəfəsində ölkə başçısı tərəfindən jurnalistlərin təltif olunması artıq bir ənənə halını alıb. Bütün bu ənənələr dünyada bir nümunədir və fikirləşirəm dövlətimizin öz milli mətbuatına olan münasibətini göstərir. Artıq demək olar ki, Azərbaycanda müstəqil, tərəfsiz, obyektiv və demokratik bir mətbuat formalaşmışdır və eyni zamanda, ölkəmizdə söz və mətbuat azadlığı üçün yaradılmış hüdudsuz imkanlar və yeni çağırışların fonunda yeni media növləri yaranmaqdadır. Dünyada gedən informasiya savaşında bizim mediamız xeyli fəaldır, milli maraqları layiqincə təmsil edə bilir.

Fürsətdən istifadə edərək cəmiyyətimizin lokomotivlərindən olan milli mediamızın hər bir üzvünü Milli Mətbuat Günü münasibətilə təbrik etmək istəyirəm və jurnalistikamıza obyektiv, vicdanlı və dövlətçiliyimizin tərəfində olmağı, tezliklə torpaqlarımızın işğaldan azad olunması, böyük xəbərlərini çatdırmaq qismətini yaşamağı arzulayıram".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə