İlk gündəlik qəzet eramızdan əvvəl dərc olunub

Mətbuatın tarixinə nəzər saldıqda görürük ki, ilk qəzet eramızdan əvvəl 59-cu ildə Qədim Romada dərc olunub.

Gündəlik dərc olunan "Günün hadisələri" adlı qəzet əl ilə yazılıb və oxuya bilənlərin məlumatlana bilməsi üçün müəyyən olunmuş yerlərdən asılan kağız vərəqələr şəklində idi. Ondan sonra 1300 il əvvəl Qədim Çində əl ilə yazılan "Paytaxt yenilikləri" adlı gündəlik qəzet nəşr olunub.

Sonralar 1609-cu ildə Almaniyada müntəzəm nəşr olunan "Zaytunq" adlı qəzet dünyada ilk çap məhsulu hesab edilir.

Beləliklə, məlumat çatdırmaq, cəmiyyətin, insanların, vətəndaşların məlumatlandırılması forması kimi qəzetçiliyin inkişaf tarixi qədimlərdən bugünə kimi uzun tarixi inkişaf yolu keçərək, daim dövrün müasir texnologiyaları ilə yenilənərək bugünkü formasını almışdır.

Mütərəqqi insanlar mətbuatdan vətəndaşların yaşadıqları dövrə uyğun olaraq savadlanması, cəmiyyətdə mövcud olan neqativlərin tənqidi və təbliğat işlərində geniş şəkildə istifadə etmişlər. Yəni mətbuat həmişə, bütün dövrlərdə və bütün cəmiyyətlərdə insanları, kütlələrin ön cərgəsində gedən bir təbəqədə mövcud olaraq cəmiyyəti istiqamətləndirmək funksiyasını yerinə yetirmişdir. Qəzet, jurnal, sonra radio, televiziya və nəhayət bu günkü dünyanın elektron kütləvi informasiya vasitələri tarixdən bu günə qədər dünyada öz rolunu, öz dəyərini nəinki itirməmiş, əksinə zaman-zaman daha güclənib, daim özünün müasir formasında mövqeyini qətiləşdirmişdir.

1895-ci ildə məşhur rus mühəndisi Aleksandr Stepanoviç Popov radionu kəşf etdikdən sonra 1901-ci ildə italyan Gulielma Markoni tərəfindən radio yayımı tətbiq edildikdən sonra, 1923-cü ildə rus alimi Vladimir Zvoriqin ilk dəfə televiziya sistemini yaradaraq 1936-cı ildə İngiltərə və Almaniyada, 1941-ci ildə isə ABŞ-da mütəmadi olaraq televiziya yayımının tətbiqi elektron kütləvi informasiya vasitələrinin əcdadı sayılır.

Mətbuatın cəmiyyətin idarə olunmasındakı vacib rolu bütün dövrlərdə idarə edənlər tərəfindən nəzərə alınmış və bunun əhəmiyyəti qiymətləndirilərək uyğun olaraq müvafiq qərarlar qəbul edilmişdir. Əsrin əvvəlində Car rusiyasında bolşevik təbliğatında nəşriyyat işinin böyük rolu olmuşdur. O dövrün hökümətinin qadağalarına baxmayaraq xaricdə və daxildə gizli şəkildə nəşr olunan təbliğat vasitələri hakimiyyətin devrilməsində öz rolunu oynamışdı. Elə sovet hakimiyyətinə qarşı da daim təbliğat aparan "Amerikanın səsi", "Azadlıq" radiolarına qərb dairələri böyük məbləğlərdə vəsait xərcləyirdilər.

Yaxın tariximizdə, II dünya savaşında Adolf Hitler də müharibədə mətbuatın rolunu lazımınca qiymətləndirərək nəzərə almışdı. Almanların Təbliğat Nazirliyi vərəqlər, kitabçalar, radio yayımları, filmlər vasitəsilə təbliğat aparır və sovet əsgər və zabitlərini, sovet sərhədlərindəki xalqları öz tərəflərinə çəkmək üçün iş aparırdılar. Bu işlərə Hitlerin yaxın silahdaşı Yozef Gebbels rəhbərlik edirdi.

Müharibənin ilk vaxtlarında aparılan təbliğatın nəticəsində çoxlu sovet zabitləri almanların tərəfinə keçmişdi. Almanları Təbliğat Nazirliyinin nəzdində olan "Vineta" təşkilatının rəhbəri Taubert 1943-cü ildə Gebbelsə yazdığı hesabatda bildirirdi ki, iki il ərzində təyyarələrdən atılmaq üçün 500 milyon ədəd vərəqə və kitabça çap olunub, 60 milyon ədəd isə hazırda çapdadır. Eyni zamanda hesabatda göstərilirdi ki, türküstanlıların, azərbaycanlıların və gürcülərin öz dillərində "Almaniya hürrüyət gətirir" məzmunlu kitabçalar nəşr olunub yayılırdı. Almaniya Təbliğat Nazirliyinin nəzdində fəaliyyət göstərən "Vineta" təşkilatının radioverilişlər xidməti rus, ukrayna, belorus, pribaltika və Qafqaz redaksiyaları bu dillərdə gündəlik verilişlər hazırlayıb yayınlayırdılar. Qafqaz redaksiyasına əvəllər professor Şayber, sonralar isə qafqazlı alman Lents rəhbərlik edirdi. Qafqaz redaksiyasının da nəzdində Azərbaycan, gürcü, erməni, Şimali Qafqaz, türkmən, tatar, kalmık milli redaksiyaları fəaliyyət göstərirdi.

Ümumiyyətlə, həm müharibədə, həm soyuq müharibə dövründə təbliğat və anti-təbliğat silahı çox geniş istifadə olunmuşdur. Bu günkü dünyada da istər lokal və regional müharibələrdə, istər iqitsadi rəqabətdə, istər elmin, mədəniyyətin təbliğində informasiyanın, mətbuatın rolu çox böyük və danılmazdır.

Azərbaycan mətbuatının inkişaf tarixinə nəzər saldıqda 1832-ci ildə "Tiflis əxbarı" və 1845-ci ildə "Zaqafqazki vestnik" qəzetinə əlavə kimi "Qafqazın bu tərəfin xəbəri" bülleteni nəşr olunsa da milli mətbuatın bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk sayının dərc olunması ilə qoyulmuşdur.

Təbiətşünas alim, milli maarifçilik hərəkatının banilərindən olan Həsən Bəy Zərdabinin naşiri və redaktoru olduğu "Əkinçi" qəzeti bütün Qafqazda böyük əks-səda doğurmuşdu. Həmin dövrün görkəmli ziyalıları olan Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani kimi şəxsiyyətlər "Əkinçi" qəzeti vasitəsilə öz maarifçilik ideyalarını təbliğ edərək dövrün ictimai, siyasi və bədii fikrin inkişafına təsir göstərirdilər. "Əkinçi" qəzetinin dili də xalqın anlaya biləcəyi dildə olduğu üçün geniş nüfuz qazanaraq Azərbaycandan kənarda da - Gürcüstan, Dağıstan, Özbəkistan və s. yayılırdı. "Əkinçi" qəzeti mövhumata, cəhalətə, xuarafata qarşı mübarizə aparır, maarifçilik, qadın azadlığı, təhsilin inkişafı ilə bağlı məqalələr dərc edirdi. 1877-ci ildə "Əkinçi" qəzeti bağlandıqdan sonra bir çox səylərə baxmayaraq bir müddət Azərbaycanda ana dilimizdə qəzet nəşr etdirmək mümkün olmamışdır. Rusdilli qəzetlərdən uzunömürlü "Kaspi"nin 1897-ci ildən naşiri Hacı Zeynalabdin Tağıyev, redaktoru Əlimərdan bəy Topçubaşov, sonralar isə Əlibəy Hüseynzadə olmuşdur. Həmin dövrdə rus dilində dərc olunan digər qəzetlərdə də Azərbaycanca səhifə yaratmaq cəhdləri mümkün olmamışdı. 1883-1891-ci illərdə Tiflisdə dərc olunan "Kəşkül" qəzeti və jurnalı "Əkinçi" üslubunu davam etdirə bilmişdi.

1903-cü ildə Tiflisdə Məmmədağa Şahtaxtinskinin nəşr etdiridiyi "Şərqi-rus" qəzeti XX əsrdə Azərbaycan dilində çap olunan ilk qəzet oldu. Qəzetin ətrafında Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi böyük maarifçi mütəfəkkirlər birləşərək ana dili, elm və maarifçilik, qadın azadlığı və digər mütərəqqi fikirlərin təbliği ilə məşğul olurdular. "Şərqi-rus" qəzeti ətrafında formalaşmış yaradıcı heyət mətbuatın inkişafında xüsusi rol oynamışdır.

Cəlil Məmmədquluzadənin naşirliyi və redaktorluğu ilə 1906-cı ilin aprelin 7-də Tiflisdə işıq üzü görən "Molla Nəsrəddin" həftəlik illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə və 1922-1931-ci illərdə Bakıda nəşr edilmişdir.

Jurnalda Azərbaycanın görkəmli yazıçı, jurnalist və ziyalıları ilə yanaşı Oskar Şmerlinq, İosif Rotter, Əzim Əzimzadə kimi rəssamlar da fəaliyyət göstərirdilər. Həmin dövrlərdə artıq Bakıda "Kaspi" mətbəəsi, Tiflisdə, Gəncədə, Şuşa, Naxçıvan kimi şəhərlərdə kiçik məhdud imkanlı olsa da mətbəələr, çapxanalar yaradılırdı. 1901-1918-ci illərdə Azərbaycanda çoxlu qəzetlər dərc olunmuşdu ki, bu maarifçilik, mütərəqqi ideyaların təbliği, dünyəvi elmlər, qadın azadlığı, xurafata qarşı mübarizədə milli düşüncə və ideologiyanın təbliğində böyük rol oynamışdı. 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin əldə olunmasında həmin dövr mətbuatının da rolu böyük olmuşdur. İstər Azərbaycan Xalq Cümhuriyyəti dövründə, istərsə də sovetlər dönəmində ideologiyalar fərqli olsa da Azərbaycan mətbuatı özünün tarixi inkişaf yolunu keçərək estafeti XX əsrin sonunda yenidən müstəqilliyini qazanmaq şansı əldə etmiş və yeni dövrə təhvil vermişdir.

Bütün Sovet Sosialist Respublikası İttifaqında (SSRİ) başlayan yenidənqurma havası Azərbaycana da çatdı və ictimai mühitə kəskin təsir göstərdi. Millətin dirçəliş dövrü kimi tarixdə qalan 1989-cu ildə “Azərbaycan” qəzeti yaradıldı. Müstəqil mətbuatın qaranquşları hesab edilən “Səhər” qəzeti 1989-cu ilin 4 avqust tarixində və “Azadlıq” qəzeti 1989-cu ilin 24 dekabr tarixində işıq üzü gördülər. “Səhər”ə tanınmış jurnalist Məzahir Süleymanzadə, “Azadlıq”a tanınmış jurnalist Nəcəf Nəcəfov rəhbərlik edirdilər.

1990-cı ildə “Zerkalo”, “Səs”, 1991-92-ci illərdə “Yeni Müsavat”, “İki Sahil”, “525-ci qəzet”, “Yeni Azərbaycan” qəzetləri nəşr olunmağa başladı.

1998-ci ilin avqust ayının 6-da prezident Heydər Əliyevin imzaladığı xüsusi Sərəncamla Azərbaycanda mətbuat üzərindən senzura götürüldü. Həmçinin, 1999-cu ildə Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında Azərbaycan Respublikasının Qanununun (ARQ), digər hüquqi-normativ aktların qəbulu həyata keçirilib.

Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin (KİV) inkişafına Dövlət Dəstəyi Konsepsiyası (DDK)kimi mühüm bir sənəd təsdiq olunmuşdur. Konsepsiyaya uyğun olaraq 22 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (DDF) yaradılmışdır.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbuat orqanı-qəzet və jurnal fəaliyyət göstərir. Hazırda ölkədə 4500-ə yaxın mətbuat orqanı Ədliyyə Nazirliyində (ƏN) qeydiyyatdan keçib.

Azərbaycan Respublikasının Prezidentinin sərancamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli mətbuat və jurnalistika günü kimi qeyd olunur.

XX əsrin əvvəlində Azərbaycan Xalq Cümhuriyyətini təmsil edən şəxslərin formalaşmasında onların təbliğatında və yeni qurulmaqda olan dövlətin bütün çətinliklər və təlatümlərlə mübarizəsində, milli düşüncə, milli ideologiyanın inkişafında, dövrün vacib tələbinə müvafiq xurafatın, cəhalətin tənqidi, savadsızlıqla mübarizə və elmin, mədəniyyətin təbliğində mətbuatın böyük rolu olmuşdur.

XX əsrin sonunda isə yenə müstəqillik qazanmaq fürsəti ələ düşsə də yenə də dövlət müstəqilliyinin qorunub saxlanması böyük çətinliklər, təlatümlər, labirintlər sınağından çıxmalı oldu. Əldə olunmuş dövlət müstəqilliyimiz bugünkü Azərbaycan vətəndaşının ən böyük nemətidir. Lakin müstəqilliyimizin möhkəmlənməsi, milli mənafeyimizin qorunması balıca prinsip olmaqla demokratik dövlət quruculuğu və iqtisadi inkişaf, bütün bunlarla paralel olaraq işğal altında qalan doğma yurdlarımızın azad edilməsi bugünkü, müasir Azərbaycan xalqının və Azərbaycan vətəndaşının başlıca vəzifəsinə çevrilmiş bir prosesdir. Və bu prosesdə - həm güclü, müstəqil, qüdrətli, demokratik dövlət quruculuğunda, yüksək sosial-iqitsadi yaşam standartlarına nail olunması və qalib, müzəffər ordumuzun zəfər qələbəsinə şahidlik nəsibinin yaşanmasında, vətənpərvərlik ruhiyyəsinin, vətən və dövlət sevgisi, qürur hissinin yüksəlməsində mətbuat-təbliğat işinin rolu əvəzsizdir.

Azərbaycan Respublikasının Prezidenti müstəqil milli dövlətimizin inkişafında mətbuatın rolunu və xidmətini çox yüksək qiymətləndirərək bu ziyalı zümrəyə daim diqqət və qayğı göstərmişdir.

Mətbuat Şurası üçün yeni inzibati binanın, o cümlədən mətbuat işçiləri üçün dövlət hesabına yaşayış binasının tikintisi də mətbuata yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, mətbuat işçiləri üçün dövlət hesabına mənzillərin inşası dünya miqyasında analoqu olmayan hadisədir.

Bütün bunları yüksək qiymətləndirən Azərbaycan mətbuatı Prezident İlham Əliyevi üçüncü dəfə “Jurnalistlərin dostu” elan edib. “RUH” Jurnalistləri Müdafiə Komitəsi tərəfindən aparılan rəy sorğusunda Prezident İlham Əliyev ən yüksək səs çoxluğu ilə “Jurnalistlərin dostu” seçilib. İyulun 20 də jurnalistlər üçün tikilən ikinci binanın açılışında və üçüncü binanın təməlqoyma mərasimində Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov ölkə jurnalistlərinin adından bu möhtəşəm mükafatı təqdim etdi. Mükafatı qəbul edən Prezident İlham Əliyev ölkəmizdə mətbuatın inkişafı istiqamətində mühüm addımların atıldığını qeyd edərək vurğuladı ki, demokratik cəmiyyətin qurulması istiqamətində azad mətbuatın rolu danılmazdır: “Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar təmin olunur, o cümlədən söz azadlığı və siz jurnalistlər bunu yaxşı bilirsiniz. Azərbaycanda minlərlə mətbuat orqanı var ki, qeydiyyatdan keçib sərbəst fəaliyyət göstərir. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır”.

Bu, bir faktdır ki, mətbuatda dövlətçilik maraqlarına hörmət prinsipi bütün şəxsi maraqlardan öndə dayanmalıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini beynəlxalq aləmdə geniş təbliğ etməyə, eyni zamanda, Azərbaycanla bağlı xaricdə yayılan informasiyaların dövlət maraqlarına xidmət etməsində medianı həmrəy olmağa səsləyib. İyulun 20-də jurnalistlərlə görüşü zamanı cənab Prezident onlara üz tutaraq bildidi ki, mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim: “Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür. Bu təşəbbüs bir neçə il bundan əvvəl irəli sürülmüşdü, jurnalistlər belə məsələ qaldırmışdılar, mən də buna müsbət reaksiya verdim və nəticə etibarilə artıq biz burada ikinci binanın açılışını qeyd edirik. Xatırlayıram, 4 il bundan əvvəl birinci binanın açılışında mən demişdim ki, yəqin gələcəkdə bu əraziyə “Jurnalistlər şəhərciyi” deyiləcək və bu, belə də oldu. Artıq bu gözəl yer “Jurnalistlər şəhərciyi”dir, burada üçüncü bina da tikiləcək. Əlbəttə ki, biz jurnalistlərin məişət problemlərinin həlli üçün gələcəkdə əlavə tədbirlər görəcəyik”.

Prezident İlham Əliyev jurnalistlərlə görüşündə azad mətbuatın inukişafı üçün daha əlverişli şəraitlərin yaradılacağını bildirdi. Przidentin sözlərinə görə, məhz demokratik dəyərlərin qorunması və xalqla iqtidarın birliyi Azərbaycanı qlobal təhlükələrdən qoruyur: ” O ki qaldı, jurnalistikanın gələcək inkişafı ilə bağlı məsələlərə, sizə deyə bilərəm ki, Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq. Jurnalistlər üçün bütün şərait yaradılıb. Bu gün Azərbaycan cəmiyyəti rahat şəraitdə, təhlükəsizlik, sabitlik şəraitində yaşayır. İndiki zəmanədə bu, özlüyündə bir nailiyyətdir və biz ölkəmizi bütün mümkün olan risklərdən qoruyuruq. Ölkəmizin daxilində demək olar ki, risk mənbələri yoxdur. Xaricdən özümüzü qorumaq üçün kifayət qədər ciddi siyasət aparılır, həm ideoloji sahədə, həm sərhədlərimizin qorunmasında və ümumiyyətlə. Biz həmişə çalışırıq və hesab edirəm buna nail olmuşuq ki, Azərbaycanı mümkün risklərdən qoruyaq, Azərbaycan xalqı rahat, sülh şəraitində yaşasın”.

Azərbaycan Prezidenti jurnalistlərə mənzillərin bölüşdürülməsində ədalət prinsipinin qorunmasının mühüm şərt olduğunu vurğulayaraq bildirib: “Bu binalarda yaşayan və bundan sonra yaşayacaq jurnalistlər müxtəlif siyasi spektrə aiddir və burada da heç bir ayrı-seçkiliyə yol verilmədi. Müxtəlif siyasi baxışları, müxtəlif partiyaların üzvləri olan insanlar burada bir yerdə bir ailə kimi yaşayacaqlar. Əslində, Azərbaycan cəmiyyəti də bu istiqamətdə inkişaf edir. Azərbaycanda milli həmrəylik var. Azərbaycan cəmiyyəti vahid amal ətrafında birləşib. Bizdə olan inkişaf, sabitlik, əmin-amanlıq, əlbəttə, bu gün siz də yaxşı bilirsiniz ki, dünyanın bir çox yerlərində öyrənilir, bəzən təəccüblə qarşılanır və bunun da çox sadə səbəbi var. Çünki Azərbaycanda çox gözəl, demokratik şərait var. Azərbaycanda iqtisadi inkişaf var. Azərbaycan müstəqil siyasət apararaq həm bölgədə, həm dünyada öz mövqelərini möhkəmləndirib. Bizim təsir imkanlarımız genişlənir, böyüyür və Azərbaycan xoşniyyətli siyasət aparır. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının və Azərbaycan dövlətinin maraqları dayanır”.

MÜSTƏQİL, MİLLİ DÖVLƏTİMİZİN QURUCULUĞUNDA DEMOKRATİK DƏYƏRLƏRİN İNKİŞAFINDA, CƏMİYYƏTİN ELMİ, SİYASİ-İDEOLOJİ İNTELLEKTİNİN VƏ DÜNYAGÖRÜŞÜNÜN, VƏTƏNDAŞLIQ QÜRURUNUN, DÖVLƏT SEVGİSİ HİSSİNİN, VƏTƏNPƏRVƏRLİK RUHUNUN YÜKSƏLMƏSİNDƏ AZƏRBAYCAN MƏTBUATININ ƏVƏZSİZ ROLU, MƏTBUAT İŞÇİLƏRİNİN BÖYÜK ZƏHMƏTİ VARDIR. BÜTÜN MƏTBUAT İŞÇİLƏRİNİ PEŞƏ BAYRAMI MÜNASİBƏTİLƏ ÜRƏKDƏN TƏBRİK EDİR, AZƏRBAYCAN XALQININ VƏ DÖVLƏTİMİZİN İNKİŞAFI VƏ QÜDRƏTLƏNMƏSİNDƏ GÖSTƏRDİYİNİZ XİDMƏTLƏRDƏ UĞURLAR ARZULAYIRIQ.

"SƏS" qəzetinin sifarişi əsasında

"Region" Analitik İnformasiya Mərkəzi

tərəfindən hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə