Əli Əhmədov KİV nümayəndələri ilə görüşüb - TƏDBİR-FOTOLAR

Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə Əli Əhmədov jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycanda hər il milli mətbuat gününün yüksək səviyyədə qeyd olunduğunu deyən Əli Əhmədov bu faktı cəmiyyətin mətbuata verdiyi önəmin ifadəsi kimi dəyərləndirib. O qeyd edib ki, mətbuat bütün cəmiyyətlərdə, o cümlədən Azərbaycan cəmiyyətində söz, fikir, ideya azadlığının həyata keçirilməsində əhəmiyyətli rol oynayan vasitələrdən biridir. “Müasir həyatı mətbuatsız, informasiyasız təsəvvür etmək mümkün deyil. Cəmiyyət inkişaf etdikcə, müasirləşdikcə informasiyanın və informasiyanı insanlara çatdıranların rolu və əhəmiyyəti getdikcə artır. Bu mənada mətbuatın cəmiyyətdə müsbət rolu həmişə qiymətləndirilir”-deyən, YAP Sədrinin müavini söyləyib ki, müasir Azərbaycan cəmiyyəti də söz və mətbuat azadlığını daim həyata keçirmək üçün mətbuatın rolunu yüksək qiymətləndirir.

Azərbaycanda çoxlu sayda KİV-in mövcud olduğunu deyən Əli Əhmədovun sözlərinə görə, onlar cəmiyyətimizin, insanların informasiya ilə təmin olunmasında vacib rol oynayırlar. Eyni zamanda, yeni çağırışların nümunəsi olan sosial şəbəkələr də çox vacib informasiya vasitəsi funkisiyasını yerinə yetirirlər. Beləliklə, söz və mətbuat azadlığı yeni texnologiyaların meydana gəlməsi ilə əlaqədar olaraq daha da genişlənib. Əli Əhmədov deyib ki, bu gün hər bir insan sosial şəbəkələr vasitəsilə informasiya ötürücüsü funksiyasını yerinə yetirə bilir. Bütün bunlarla yanaşı sosial şəbəkələrdə qeyri-obyektiv, həqiqətdən uzaq olan, yalan məlumatların da yayıldığını deyən Baş nazirin müavini söyləyib ki, bu tipli informasiyalar insanlarda narahatlıq yaradır. Onun sözlərinə görə, dünya ölkələrində də belə xoşagəlməz hallar var və bunun həlli yolları axtarılır.

Azərbaycanın dinamik inkişaf etdiyini, əhalinin rifahının daha da yüksəldilməsi üçün dövlət tərəfindən lazımi addımların atıldığını deyən Əli Əhmədov bu ilin əvvəlindən sosial sahədə aparılan islahatları xatırladıb. O qeyd edib ki, islahatlar digər sahələrdə də davam edir. Baş nazirin müavini söyləyib ki, ölkəmiz böyük layihələr həyata keçirir və bu layihələrin uğurla yekunlaşması üçün bütün imkanlar səfərbər olunub: «Azərbaycan bir sıra qlobal layihələrin təşəbbüskarı və iştirakçısıdır, eləcə də regionda tranzit mərkəzi kimi rolunu artırır. Həmçinin, ölkəmizin beynəlxalq proseslərdə iştirakçılığı artır. Beləliklə, böyük inkişaf mərhələsi yaşayırıq. Azərbaycanın gələcəyi daha parlaqdır, insanların həyatı daha da yaxşılaşacaq, iqtisadiyyatımız daha da güclənəcək, beynəlxalq müstəvidə nüfuzumuz daha da yüksələcək. Bütün bunların nəticəsi olaraq dövlətin gücünün və qüdrətinin artması müəyyən xarici dairələrdə qısqanclıq yaradır. Bu səbəbdən də ölkəmizə qarşı təxribatlar törətməyə çalışırlar. Təəssüf ki, bu prosesdə bəzi vətəndaşlarımız da iştirak edir. Amma bu cür təxribatların Azərbaycanda geniş yayılması üçün mühit və zəmin mövcud deyil. Təxribatçılar qarşısına qoyduğu məqsədlərə nail ola bilmir. Çünki cəmiyyətimiz təxribata uymur, onun qarşısının alınmasında dövlətlə eyni mövqedən çıxış edir. Sabitlik, əminamanlıq cəmiyyətimizin ən böyük üstünlüklərindən biridir. Prezident İlham Əliyevin siyasəti xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir. Çünki bu siyasət xalqımızın rifahının yüksəlməsinə, dövlətimizin daha da möhkəmlənməsinə xidmət edir. Mətbuat da bu reallıqları aydın dərk edir”.

Əli Əhmədov qeyd edib ki, ölkə mətbuatı bu prosesləri düzgün təhlil edir və milli maraqlarımızın müdafiəsi mövqeyindən çıxış edir. Bu da çox mühüm amildir. Eyni zamanda, mətbuat ölkəmizin nüfuzuna kölgə salmaq istəyən dairələrin ifşası və onların əsl niyyətinin cəmiyyətimizə çatdırılmasında öz işini daha da gücləndirməlidir.

“Biz YAP olaraq öz fəaliyyətimizdə mətbuatla əməkdaşlığa böyük əhəmiyyət veririk. Bizim fəaliyyətimiz mətbuatsız mümkün deyil və mətbuatla əməkdaşlıqdan məmnunuq”- deyən, YAP Sədrinin müavini bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini bildirib.

Sonda Əli Əhmədov jurnalistlərə 22 iyul Milli Mətbuat Günü münasibətilə mükafatlar təqdim edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə