Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunan səfiri ilə görüşüb

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Avstraliya İttifaqının Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Qreym Mixanla görüşüb.

SİA Səfirliyin mətbuat xidmətinə istinadən bildirir ki, həmkarını Rusiyaya təyinatı ilə əlaqədar təbrik edən Azərbaycanın Rusiyadakı səfiri ona diplomatik fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. P.Bülbüloğlu Azərbaycan ilə Avstraliya arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib və dövlətlərarası əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğunu vurğulayıb.

Azərbaycanlı səfir Rusiya Federasiyasında akkreditə edilmiş diplomatik korpusun duayeni qismində fəaliyyəti haqqında da məlumat verib. Görüş zamanı dünya birliyi ölkələrinin qarşılaşdığı təhdidlər və çağırışlara qarşı birgə mübarizənin aparılmasının vacibliyi və müasir beynəlxalq münasibətlərdə ümumtanınmış normalara riayət edilməsinə ciddi ehtiyac duyulduğu qeyd olunub .

Həmçinin P.Bülbüloğlu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri haqqında ətraflı məlumatı həmsöhbətinin diqqətinə çatdırıb. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinin regionda sülhün və sabitliyin bərqərar olmasına bilavasitə təsir edəcəyini söyləyib.

Görüş əsnasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...