Zakir Həsənov ABŞ-ın ölkəmizdəki səfiri ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Örl Litzenberqer ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə general-polkovnik Zakir Həsənov Azərbaycan ilə ABŞ arasında əlaqələrin NATO proqramları çərçivəsində və ikitərəfli əsasda qurulduğunu qeyd edərək hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq, sülh danışıqlarının rəsmi Yerevan tərəfindən qəsdən yubadıldığını vurğulayıb.

Ö.Litzenberqer də ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını qeyd edib. O, ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, bunun Cənubi Qafqaz regionunun inkişafının və təhlükəsizliyinin təmin edilməsi baxımından vacibliyini bildirib.

Sonra regional və ikitərəfli əməkdaşlıq, Xəzər dənizi və mühüm enerji infrastrukturunun təhlükəsizliyi, kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə, hər iki ölkənin hərbi təhsil üzrə mütəxəssislərinin qarşılıqlı səfərləri, həmçinin maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Səfir Ö.Litzenberqer ABŞ-ın Azərbaycana yeni təyin olunan hərbi attaşesi, polkovnik Terri Həmriki Müdafiə nazirinə təqdim edib.

Nazir yeni təyin olunan hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edərək ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə