Rusiyalı tələbələr BSU-nun qonağı olublar

Məlum olduğu kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təşəbbüsü ilə iyulun 15-dən Sumqayıt Dövlət Universitetində "Odlar Yurdu Azərbaycana səyahət" Tələbə Yay Məktəbi fəaliyyətə başlayıb. Yay məktəbində Rusiya Federasiyandan Samara Dövlət Texniki Universitetinin, Ural Dövlət Dağ-Mədən Universitetinin, Rusiya Dövlət Pedaqoji Universitetinin, Şimali Qafqaz Federal Universitetinin, Kuban Dövlət Universitetinin, Dağıstan Dövlət Universitetinin professor-müəllim və tələbə heyəti iştirak edir.
Dünən Rusiyadan gəlmiş qonaqlar Bakı Slavyan Universitetində olmuş, universitetdə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, kitabxana, Erazmus layihəsi üzrə Treninq-Tədris Mərkəzi, Rusiya Tədris-Mədəniyyət Mərkəzi, akt zalı, universitet kitabxanası və muzeyi, Şəhidlər Guşəsi ilə yaxından tanış olublar. Qonaqları universitetin tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov qəbul etmiş, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasındakı tarixi dostluq və qardaşlıq münasibətləri, bakalavriat və magistratura səviyyələrində müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlığı proqramları barədə onlara ətraflı məlumat verib. O, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində, daha da dərinləşən Rusiya-Azərbaycan dostluq əlaqələrinin bu gün Azərbaycan Prezidenti tərəfindən uğurla davam etdirildiyini bildirib. Prorektor ölkələrimiz arasında iqtisadi- mədəni sahədə əməkdaşlıqla yanaşı, elm və təhsil sahəsində də ikitərəfli münasibətlərin genişləndiyini qeyd edib. O, 2015-ci ildə əsası qoyulan və bu gün hər iki dövlətin 53 universitetini birləşdirən Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının təhsil sahəsində əməkdaşlığın möhkəmlənməsi istiqamətində ciddi addımlar atdığını bildirib.
Akt zalında universitet həyatından və BSU-nun nəşr etdiyi "Rus dili və ədəbiyyatı Azərbaycanda" elmi-kütləvi jurnalının fəaliyyəindən bəhs edən video-çarx nümayiş olunub, Əcnəbi tələbələrlə iş üzrə dekan Ü.Məmmədova rusiyalı tələbələrə BSU-da təhsil imkanları və əcnəbi tələbələr üçün yaradılmış şərait barədə məlumat verib.
ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...