Yenə də qoca professor gah nala, gah mıxa döyəcləyir

Yaxud Cəmil Həsənli vətəndaşlıq amilini terrorçuluqla necə səhv salır?

Zaman-zaman, sərsəm iddialarla çıxış edən "Milli Şura"nın sədri Cəmil Həsənli növbəti sərsəmliyini nümayiş etdirib. Bu da, təbii haldır. Qarnının bir azarı var: nəyin bahasına olursa-olsun, hakimiyyətə qarşı qarayaxma kampaniyaları aparmaqla, nə qədər şərbaz və böhtançı olduğunu sübuta yetirməkdir. Əbəs deyil ki, Azərbaycandan kənarda fəaliyyət göstərən qərəzli media qurumlarına müsahibələrində də yalanın birini bir qəpikdən sırıyan C.Həsənli hakimiyyətə qarşı ittihamlarını, o dərəcədə artırır ki, hətta ondan müsahibə alan xarici media qurumları belə, bu yalanlardan təəccüblənirlər.

Cəmil Həsənli, yeri gələndə, şeytanla da iş birliyi qura bilir

Dediyi şər-böhtandan biri də "Amerikanın səsi"nə verdiyi müsahibəsində açıq-aydın çirkin niyyətini nümayiş etdirib. C.Həsənli bildirib ki, Azərbaycanda terrorla mübarizə düzgün aparılmır. Ancaq anlamır ki, təhlükə saçan terrorçu, hüquq-mühafizə orqanlarının təslim olmaq çağırışlarına, əmrlərinə cavab vermirsə, o zaman həmin cinayətkar yerindəcə güllələnməlidir. Ancaq C.Həsənli bunu qəbul etmir və bildirir ki, terrorçu güllələnməməlidir. C.Həsənlinin absurd iddiası, terrorçunun məhkəməsiz - istintaqsız güllələnməsi fikirləri ilə razılaşmaması məntiqsiz olduğu qədər, həm də gülüncdür.
ABŞ hüquq-mühafizə orqanları, özlərinə qarşı ən cüzi təhlükə hiss edərkən, qarşısındakı insanlara atəş açaraq, onları qətlə yetirirlər. Avropa polisi də sərt addımları atır.
Sual yaranır, C.Həsənli elə müsahibə verdiyi "Amerikanın səsi"nə ABŞ-da bir ildə nə qədər silahlı cinayətkarların yerindəcə güllələnməsi faktı barədə niyə danışmayıb? Çünki digər ölkələrdən fərqli olaraq, ABŞ hüquq-mühafizə orqanları silah təhdidi olmasa da, yəni özlərinə qarşı ən cüzi təhlükə hiss edərkən, qarşısındakı insanlara atəş açaraq, onları qətlə yetirirlər. Görəsən, qoca və ağlını itirmiş professor yalan iddialarını danışarkən, bu barədə düşünübmü? Əlbəttə ki, yox. Çünki bunu desə, zatən, "Amerikanın səsi" həmin fikirləri ictimailəşdirməzdi, yaxud C.Həsənli ilə müsahibəsini yarıda qoyardı. Belə bir sərsəm iddia C.Həsənlinin dünyagörüşünün olmadığını, təcrübəsiz və naşı siyasətbaz olduğunu kifayət qədər təsdiqləyir.
Yeri gəlmişkən, o da bəllidir ki, bu gün Azərbaycan xalqı Ermənistanın təcavüzkar və işğalçılıq siyasətindən əziyyət çəkir. İşğal nəticəsində, 1 milyondan çox vətəndaşımız doğma yurd-yuvalarından məhrum olublar, onların hüquqları pozulub, xüsusilə, Ermənistandakı terrorçu rejim yüzlərlə insanlarımıza qarşı terror siyasəti yürüdüb, onları amansızlıqla qətlə yetirib. Görəsən, C.Həsənli "Amerikanın səsi"nə bu barədə niyə danışmayıb?
Bax, budur belələrinin xisləti - öz mənfəətləri üçün terrorçuları "vətəndaş" amili ilə dəyişib, qara-qışqırıq salmaq, həyasızlıq etmək ənənələri! Bax, budur, rəzalət. Bütün deyilənlərdən belə nəticə çıxır ki, rəzalətin başında elə C.Həsənlinin özü dayanır.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə