"Münaqişənin sülh yolu ilə həllinə ümidlər azalmaqdadır" ÖZƏL -MÜNASİBƏT

"Amerika Birləşmiş Ştatları Konqresi əslində hər zaman xristian təəssübkeşliyini bəzən gizli, bəzən də aşkar şəkildə ifadə edib. Biz bu ölkənin imperialist siyasətindən sivil bəşəriyyətin əziyyətlər çəkməsini, xalqların əzilməsi prosesini çox zaman acizanə şəkildə, seyrçi mövqeyi ilə müşahidə etmişik. Təəssüflər olsun ki, dünya siyasətinin, dünyada hegemonluq edən dövlətlərin bu cür sərt, qeyri-humanist, heç bir əndazəyə sığmayan qanunları var". Bunu SİA-ya Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, ABŞ Konqresinin ölkəmizə qarşı bu ilk ədalətsiz qərarı deyil: "Dünyaya demokratiya dərsi keçmək istəyən, demokratiya adı altında fərqli ölkələrdə faktiki olaraq öz hegemonluğunu, təsirlərini reallaşdırmaq ABŞ-ın “humanizm” siyasətinin tərkib hissələrindəndir. ABŞ Konqresi Ermənistanın xalqımıza qarşı ən yeni tarixdə həyata keçirdiyi Xocalı soyqırımına heç bir qiymət vermədi. Halbuki hadisələrin foto və video təsvirləri mövcuddur, hadisələrin şahidləri yaşayırlar. Ona görə ki, bu “demokratiya carçısı” dünyada soyqırım hadisələrinin başında dayanır. Bu yaxında professor Əbülhəsən müəllimin bir məqaləsindən kiçik bir hissəni vermək istərdim. Professor yazır: “Bu “humanist”lər (söhbət ABŞ-dan gedir. İ.O.) görünməmiş demokratikliklə 16 mart 1968-ci ildə Vyetnamın Sonqmi adlı kəndini tamamilə məhv etmiş, 504 nəfəri, böyüklü-kiçikli, xüsusi qəddarlıqla öldürmüşlər. Bu hərbi cinayətə görə vur-tut bir adam mühakimə edilmiş, o da üç gündən sonra prezident Riçard Niksonun personal fərmanı ilə azadlığa buraxılmışdır".

Budur ABŞ-ın demokratiyası. Biz tarixin dərslərindən nəticə çıxara bilməyərək təəssüf ki, hələ də işğal olunmuş torpaqlarımızın hansısa dövlətin təsiri ilə azad olunacağına ümid edirik. ABŞ Konqresindən istənilən qərarı gözləmək olar. Siz indi təsəvvür edin ki, dünyada gedən iyrənc siyasi oyunlar, siyasi maraqlar fonunda yeni müstəqillik qazanmış Azərbaycanı idarə etmək, onu təsirlərdən qorumaq, onun müstəqilliyini hifz etmək nə qədər çətindir və böyük məharət, siyasi bitginlik, çeviklik və ağıl tələb edir.

Bizim tarixi və dünya birliyi tərəfindən tanınmış, qəbul edilmiş torpaqlarımız işğal olunub. Bu əraziləri tanıyan dövlətlərdən biri də ABŞ-dır. Amma, bu dövlətin konqresi işğal olunmuş ərazilərdə atəşkəs rejiminin pozulmasını fiksasiya edən lokatorların quraşdırılmasını nəzərdə tutur və Azərbaycana silah satışına məhdudiyyət qoyur. Bu cür qərarı qəbul etmək üçün nümayiş etdirilən ədalətsizliyin ölçüsü varmı?

Hesab edirəm ki, ABŞ və digər dövlətlərin qəbul etdiyi qərarlar, münaqişənin həlli istiqamətində oynadıqları oyunlar, torpaqlarımızın işğal faktına göz yummaları bizə dünaydakı ədalətsizlikləri dərk edərək dövlətimizin, ordumuzun, Ali Baş Komandanımızın köməyi ilə yekun nəticədə son işğalçının belə torpaqlarımızdan rədd edilməsi uğrunda savaşa hazır olmalıyıq. Görünən odur ki, münaqişənin sülh yolu ilə həllinə ümidlər azalmaqdadır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə